Hibrid avtomobillərə maraq hansı tələbatlara təsir edir?

 

Son vaxtlar dünya bazarında avtomobillər üçün yanacağın qiymətində bahalaşma müşahidə edilir. “Aİ-95” və “Aİ-98” markalı benzinin qiyməti il ərzində bir neçə dəfə dəyişib. Bu qiymət artımının Azərbaycana da təsiri var. Çünki Bakıdakı neftayırma zavodunun yenidən qurulmasilə əlaqədar aparılan işlər ölkə daxilində “Aİ-95” və “Aİ-98” markalı benzinin istehsalını hələlik mümkünsüz edib. Azərbaycan bu benzin markalarını xaricdən idxal edir. Son 8 ayın statistikasında bununla bağlı bir tendensiya qeydə alınıb. Statistikaya əsasən, Azərbaycana 2022-ci ilin yanvar-avqust aylarında 71 min 705,12 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 33,8% azdır.

Eləcə də 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana “Super Euro-98” markalı avtomobil benzininin idxalında da azalma qeydə alınıb. Sözügedən müddət ərzində ölkəyə 1 milyon 272,34 min dollar dəyərində (azalma 6,7%) 1 min 70,21 ton “Super Euro-98” markalı avtomobil benzini (azalma 35,7%) idxal edilib. Bir sözlə, həm “Aİ-95”, həm də “Aİ- 98” markalı benzinin idxalı azalıb.

İndiki halda idxalın azalması hansı səbəblərdən ola bilər? Sürücülər bu markalı benzini “Aİ-92”i iləmi əvəz ediblər, yoxsa hibrid və elektromobillər sayı artıb? 

"Demokratikmusavat.com" xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Mövzu ilə bağlı açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfər bildirib ki, dünya bazarlarında “Aİ-95” və “Aİ-98” premium markalı benzinin qiymətinin yüksəlməsi Azərbaycana da təsir edib:

“Ölkəmizdə də bu markalı benzinin qiyməti yüksəldi. Qiymət artımından sonra Azərbaycan avtomobil bazarında avtomobillərin qiymətində kəskin enmə və ya yüksəlmə müşahidə edilməsə də, bəzi avtomobillərə maraq azaldı. Bəzilərinə isə maraq artdı. Məsələn, “Aİ-95” və ya “Aİ-98” markalı benzinlə çalışan avtomobillərə maraq azalıb. Hazırda vətəndaşlarımız kiçik mühərrikli dizel yanacağı ilə çalışan və eləcə də hibrid avtomobillərə üstünlük verirlər. Nəticədə bu markalı benzinlərə tələbat da aşağı düşüb”.

E.Cəfər qeyd edib ki, statistikaya baxmayaraq, qarşıdakı dövrdə Azərbaycanda “Aİ-95” markalı benzinə tələbat artacaq:

“Çünki bu gün ölkəmizə idxal olunan bütün yeni avtomobillər “Aİ-95” markalı benzinlə çalışırlar. Ona görə də demək olmaz ki, “Aİ-95” markalı benzinə tələb kəskin azalacaq. Sadəcə, bununla yanaşı qeyd etmək lazımdır ki, ekoloji nəqliyyat vasitələrinə, hibrid avtomobillərinə tələb artıb. Eləcə də ölkəmizdə elektromobillərin sayı artmağa başlayır. Dizel mühərrikli avtomobillərə də maraq artıb. Düşünürəm ki, 2023-cü ildə ölkəmizə idxal olunan hibrid və elektriklə çalışan avtomobillərin sayı bu gün idxal olunan ümumi avtomobillərin sayının ən azı 30 faizini təşkil edəcək”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, “Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətinin bahalaşmasının bu tip yanacaqla işləyən avtomobillərə marağın azalması ilə bağlılığı var:

“Ətrafımızda nə qədər insan “Aİ-95” markalı benzinlə işləyən nəqliyyat vasitəsi istifadə edir və deyərdim ki, artıq ekonom rejimə keçiblər. Yəni, kimsə premium benzin işlədən avtomobil sürürsə, bu, o demək deyil ki o varlıdır, çox imkanlı adamdır, pul onun üçün heç bir dəyər kəsb etmir. Belə deyil. İnsanların hər birinin özünəməxsus tələbatı var və bundan kənara çıxmaq olmaz. Premium benzinlə işləyən nəqliyyat vasitələrinə maraq çox olsa da, məcburiyyətdən ehtiyat variantlara da üstünlük verənlər var”.

E.Muradlı vurğulayıb ki, bəzən sürücülər “Aİ-95” markalı benzinlə “Aİ-92” markalı benzini bir-birinə qarışdırırlar:

“Bəzən digər variant kimi insanlar şəxsi avtomobildən ancaq işdən evə və geri qayıtmaq üçün istifadə edirlər. Eləcə də ictimai nəqliyyatdan istifadə edərək hərəkət edirlər. Belə variantlardan istifadə olunsa da, bu, çıxış yolu deyil. Azərbaycanın özündə Aİ-95 markalı keyfiyyətli benzin istehsal etmək imkanı var. Artıq bununla bağlı işlər aparılır.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, artıq hibrid avtomobilləri də çoxdur. Artıq insanlar bu avtomobillərə maraq göstərir. Düzdür, elektromobillərə hələlik bir o qədər də maraq yoxdur. Amma az da olsa, indiki halda elektromobillərə maraq göstərənlər də var. Sadəcə, elektromobillər üçün mövcud infrastruktur qənaətbəxş deyil və bu istiqamətdə addımlar atılmalıdır. Yetərli infrastruktur qurulandan sonra elektromobillərə marağın artacağı gözləniləndir”.

Beləliklə, ekspertlərin sözlərindən bu qənaətə gəlmək olar ki, Azərbaycana “Aİ-95” və ya “Aİ-98” markalı benzinin idxalının azalması qiymət artımı ilə əlaqədar sərfiyyatın aşağı düşməsi və hibrid avtomobillərə marağın artması ilə əlaqədardır. 

0.17827081680298