Ermənistan KTMT-nin sammitində Azərbaycana qarşı cəbhə yaratmağı planlaşdırır...

 

Asif Nərimanlı:

Ermənistan bu gün İrəvanda keçirilən, Putinin də iştirak etdiyi KTMT-nin sammitində Azərbaycana qarşı cəbhə yaratmağı planlaşdırır:

- KTMT-nin böhranlı vəziyyətlərə reaksiya mexanizminin təkmilləşdirilməsi;
- Sərhəddəki sentyabr hadisələri üzərindən təşkilatın Azərbaycana qarşı mövqe sərgiləməsi;

İclasdan öncə İrəvanda Putinin səfərinə etiraz olaraq keçirilən aksiya da Paşinyanın Rusiya prezidentinə “erməni xalqı sizdən cavab gözləyir” mesajını vermək, bununla sammitdə istəyinə nail olmaq gedişidir.

Hərçənd, KTMT-nin Bakıya qarşı İrəvanın istədiyi mövqeyi sərgiləcəyi gözləntisi azdır, bu, təkcə təşkilat üzvlərinin Azərbaycanla münasibətlərindən yox, həm də Rusiyanın prosesdə tərəf olmaq istəməməsindən irəli gəlir.

Mümkün gözlənti KTMT-nin sərhədə “müşahidə missiyası” göndərməsi haqda məsələnin müzakirəsidir: Moskva ötən ay bunu dəstəklədiklərini, təşkilatın qərar verməsindən sonra gerçəkləşə biləcəyini açıqlamışdı;

Birincisi, Aİ-nin monitorinq missiyasının bölgəyə gəlişinə qarşı gediş etmək və sərhəd məsələsində dəyişən balansı bərpa etmək;

İkincisi, Bakıya qarşı cəbhə almadan Ermənistanı razı salmaq;

Putinin dünən Əliyevə zəngində də bu məsələnin müzakirə edildiyi ehtimalı var. Missiyanın göndərilməsi qərarı verilərsə, qüvvələr Azərbaycan yox, Ermənistan ərazisində yerləşə, müşahidəni oradan apara bilər, Aİ-nin monitorinq qrupu kimi.

Lakin KTMT-nin müşahidə missiyasının Ermənistana gəlməsi Qərb missiyalarını bölgəyə gətirən Paşinyanın planına tam cavab vermir: İrəvan bu prosesdən Bakıya qarşı cəbhəni yaratmaqla yanaşı, mənfi cavabdan istifadə edərək, Qərblə yaxınlaşmaq qapısını daha da aralamaq üçün istifadə edir;

Ermənistan KTMT-nin müşahidə missiyası qarşılığında təşkilatın Azərbaycana qarşı mövqe sərgiləməsi şərtini irəli sürə bilər. Ki, bu da Moskvanın mövqeyi ilə üs-üstə düşmür. Bu baxımdan, sammitdən nəticə əldə olunacağı sual altındadır.

Demokratikmusavat.com

0.22075390815735