“Hazırda Avropanın alternativ təchizatçılar tapmağa ciddi ehtiyacı var. Əmin olmalıyıq ki, bu, nə vaxtsa Ukraynada bitəcək müharibə fonunda hansısa kortəbii tələb deyil, sonra siz birdən yenidən Rusiyadan qaz almağa başlayacaqsınız və deyəcəksiniz ki, bizim qazımız artıq lazım deyil”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu “Financial Times”a müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq üçün müvafiq investisiyalara ehtiyac var və onlar bütün maraqlı tərəflər tərəfindən həyata keçirilməlidir.
Məmmədovun sözlərinə görə, Azərbaycan sərmayələrdə öz payını qoymağa hazırdır, eyni zamanda Aİ-nin bu istiqamətdə fəallaşacağını gözləyir.
2022-ci ilin iyulunda Azərbaycan və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb ki, bu da Azərbaycan qazının 2027-ci ilə qədər Avropaya tədarük həcminin ən azı 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur.
Mürtəza
Demokratikmusavat.com