Sosial şəbəkə istifadəçilərinin NƏZƏRİNƏ : ciddi təhlükə ola bilər

 

"AppStore" platforması ötən gün "VK Holdinq"ə daxil olan bir çox resursları silib. Hazırda bu holdinqə daxil olan "Vkontakte" sosial şəbəkəsi, "VK Play", "VK Музыка", "VK Клипы" "VK Мессенджер", "VK Админ", "Почта Mail․ru" və "Облако Mail.ru" mobil servisləri "AppStore" platformasında görünmür. VK özünün bir çox mobil tətbiqlərinin silinməsini  təsdiqləyib, eyni zamanda əvvəldən yüklənənlərin hələlik işlədiyini bildirib.

"Demokratikmusavat.com" xəbər verir ki, Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüzün sözlərinöə görə, qlobalda monitorinq aparan "Netblocks" da VK mobil tətbiqlərinin dünyanın heç bir yerində artıq  əlçatan olmadığını təsdiqləyib:

"Düşünmək olar ki, "Apple"dan sonra qısa müddətdə "Google" da bu addımı atacaq və "Play market"dən də adı çəkilən resurslar silinə bilər. Belə olan halda bu resurslardan istifadə edən bizim vətəndaşlarımızı da ciddi problem gözləyəcək. Onlar üçün bu resurslar sadəcə əlçatan olmayacaq, datalar itəcək, bu emailə bağlı olan digər servislərdə problem yaranacaq və s.

Bildiyim qədər, Azərbaycanda hələ də xeyli sayda insanlar "Mail.ru" servisindən istifadə edir. 
Həm də bu emaildən istifadə edərək müxtəlif servislərdə ("Facebook", "Instagram", "TikTok" və s.) qeydiyyatdan keçənlər var.

Ekspertin sözlərinə görə, hələlik "Google" bu addımı atmayıb, adı çəkilən servislərin veb versiyası işləkdir. Lakin tövsiyyə ondan ibarətdir ki, "Mail.ru"dan istifadə edənlər ləngimədən digər servislərə (Gmail və s.) keçsinlər:

"Məktubların daşınmasını Mail.ru-ya etibar etməyin nəticəsini biz hələ 2008-də Rusiyanın Gürcüstana hücumu zamanı görmüşük. "Mail.ru" datanı və kontaktları yeni "Gmail" ünvana köçürmək elə də problem yaratmır, "Gmail"də belə imkanlar nəzərdə tutulub. Lakin gərək bu addım zamanında atılsın".

Rusiya hökuməti və VK rəhbərliyi baş verənlərlə bağlı Apple şirkətinə sorğu göndərib.
VK Holdinqin rəhbəri Vladimir Kiriyenko hazırda Ukraynanın işğal olunan ərazilərində keçirilən referenduma rəhbərlik edən Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur. Ata və oğul, hər ikisi sanksiya altındadır. Holdinqin London Fond Birjasında fəaliyyəti də Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində dayandırılıb.

Bir neçə gün öncə "Apple" və "Google" şirkətlərinin keçmiş rəhbərləri Ukrayna Prezident administrasiyasında görüşlər keçirmişdilər. Baş verənlərdə güman ki, bu görüşlərin də " izi" var.
Müharibə başlayandan sonra "AppStore"dən Rusiyaya məxsus 7000 mobil tətbiqin silindiyi bildirilir", - deyə O. Gündüz əlavə edib.

0.21941804885864