"Pelosinin İrəvana səfəri seçkiqabağı dövrdə erməni lobbisinin dəstəyini qazanmaq məqsədi daşıyır"

 

"ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfəri seçkiqabağı dövrdə erməni lobbisinin dəstəyini qazanmaq məqsədi daşıyır".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, Pelosi ənənəvi ermənipərəst mövqeyi ilə seçilib və onun Ermənistana səfərində bütün diplomatik çərçivələri aşan iddiaları bir daha bunu göstərir:

"ABŞ Konqresində ermənipərəst və erməni lobbisinin təsiri altında olan çoxlu senatorların olduğunu bilirik. Orada orta dövr seçkilər yaxınlaşır və erməni lobbisinin dəstəyini qazanmaq üçün Pelosinin səfəri, etdiyi açıqlamalar onlara lazım idi. Artıq 85 yaşı olan Pelosi hələ də Konqresdə kürsüsünü qoruyub saxlamaq haqqında düşünür. Bu, həmçinin erməni lobbisinin qonorarları və maddi yardımlarına hesablanan açıqlamalardır".

N.Həmzəyev qeyd edib ki, Pelosinin qondarma erməni soyqırımı abidəsini ziyarət etməsi, süni göz yaşları tökməsi, regionda baş verən prosesləri düzgün qiymətləndirməməsi dövlətlərə sırımaq istədikləri demokratiya adı altında müstəmləkə və "parçala, hökmranlıq et" siyasətinin bariz nümunəsini ortaya qoyur.

Onun fikrincə, Pelosi regionda baş verən həqiqətləri dərk etmək istəmir, onun səfəri də çətinliklə sülhə doğru gedən proseslərə ağır bir zərbə kimi dəyərləndirilməlidir:

"Pelosi 12-14 sentyabr tarixlərində Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatı qarşı tərəfin mövqeyi baxımından şərh etmək, həqiqətləri gizlətmək əvəzinə ölkəmizin haqlı mövqeyini dəstəkləməli, Ermənistana qarşı təzyiqlərin artırılmasına nail olmalı idi. Əslində onun səfəri və açıqlamalarından belə bir qənaətə gəlmək olar ki, bunlar hamısı böyük bir planın kiçik hissələri idi. Təxribatdan sonra bu səfərin baş tutması öncədən planlaşdırılmışdı, bu da Ermənistana dəstəyin nümayiş etdirilməsi üçün ermənipərəst konqresmenlər və Pelosi üçün bəhanə idi.

N.Həmzəyev vurğulayıb ki, Pelosi tərəfindən Ermənistanda səsləndirilən açıqlamalar, söylənilən fikirlər qəbuledilməzdir, ədalətli yanaşma deyil.

"Ermənistanın ərazi bütövlüyünə belə təəssüb göstərən Pelosi bu qədər ədalətlidirsə, 30 illik Ermənistan işğalçılığı dövründə niyə səsini çıxartmadı, Azərbaycana səfər etmədi. Xocalı faciəsini unudanlar, Birinci və İkinci Qarabağ müharibəsi zamanı verilmiş şəhidlərin ruhuna hörmət etməyənlər demokratiyadan, ədalətdən danışmağa haqqı yoxdur. Azərbaycanın haqlı mübarizəsində xalq-ordu-iqtidar birliyi bütün qüvvələrə qarşı qalib gələcək, biz öz haqq yolumuzda daha da irəli gedəcəyik, ərazi bütövlüyümüzü, suverenliyimiz, vətəndaşların təhlükəsizliyini sonuna qədər qoruyacağıq", - deputat əlavə edib.

0.21457099914551