“Gördüyünüz mənzərə dünya siyasətinin hazırda hansı formada şəkilləndirildiyinin göstəricisidir. Çünki burada təmsil olunan ölkələr, yəni Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunan Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan yer alır”.
Bu sözləri Demokratikmusavat.com -a açıqlamasında politoloq Əziz Əlibəyli ŞƏT-in sammiti çərçivəsində dövlət başçılarının qeyri-rəsmi görüşü zamanı çəkilən fotonu şərh edərkən deyib. O bildirib ki, təşkilata üzv dövlətlər dünyanın 4 milyarddan artıq, yəni dünya əhalisinin yarısını özündə cəmləşdirir:
“Maliyyə dövriyyəsinin, o cümlədən dünya üzrə iqtisadi potensialın böyük hissəsini özündə cəmləşdirir. İkincisi, bu anti-Qərb cəbhəsidir. Maraqlı məqam ondan ibarətdir ki, Qərbin özünün təmsilçisi olan ölkələr də burada təmsil olunub. Üçüncüsü, burada daha çox dünyada söz sahibi olmağa can atan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən fərqli ölkələr də yer alır. Məsələn, Rusiya və Çin BMT TŞ-ın 5 daimi üzvündən ikisidir. Amma burada iddialı Hindistan və Pakistanın adını çəkmək kifayət edir ki, mənzərə daha da aydın olsun. Bu ölkələrin sırasında dialoq tərəfdaşı olan 9 ölkə var və onlar arasında arasında Azərbaycan və Türkiyə də yer almaqdadır. Üstəlik, bura ərəb ölkələri Avrasiyanın digər Respublikaları əlavə olunur”.
O bildirib ki, ŞƏT üzvü olan bu ölkələrdən bəziləri artıq qlobal güc olmaq yolunda addımlayır:
“İndi gəlin, dünyada gedən bölünmə savaşlarına baxaq. Ukraynada gedən savaşın əsas mənzərəsi bununla bağlıdır. Dünyanın qlobal gücü olan Rusiya kiçilməkdə, regional gücə çevrilməkdədir. Türkiyə regional gücdür, istəyir qloballaşsın. Pakistan və Hindistan da regional gücdür və qloballaşma yolunda (xüsusilə Pakistan) addımlamağa çalışır. Bu regional güclər artıq qlobal sayılan gücləri məsələn ABŞ, Qərb dünyası kimi güclərə qarşı mərkəz formalaşdırmaq istəyir. Digər maraqlı məqam isə odur ki, dünyanın beynəlxalq münasibətlər sistemi, yəni BMT sistemi çökür və yeni dizayn olunan dünya ŞƏT-in üzv ölkələri əsasında inşa olunur. Yəni xəritənin şərq tərəfinə iynəni sancsaq, burada ŞƏT olur, ən vacib ad Pekin olur, bu iynəni Qərb tərəfə sancsaq, bu, Britaniya olur. Çünki artıq Britaniyanın artan nüfuzu, qlobal addımları, maraqları, hətta ABŞ-ın ümumi müstəvisindən belə, kənara çıxmaqdadır. ABŞ isə bunun müqabilində Çinin sakit okean sahili boyunca artıq lövbərini salmaqda və gələcəkdə olacaq Çin-ABŞ savaşına hazırlaşmaqdadır”.
Politoloqun sözlərinə görə, fotoda prezidentlərin kimlərin yanında əyləşməsi qeyri-rəsmi protokoldur:
“Burada Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanında olması - birinci növbədə kimin kimin yanında əyləşməsi, qeyri-rəsmi protokoldur. Bir ağsaqqal olaraq Ərdoğanın başda əyləşməsi, onun nüfuzundan xəbər verir. İkincisi, onun söhbət etməsinə hər kəsin diqqətlə və hansısa ifadəsinə yumorla qulaq asmaları da ondan xəbər verir ki, Ərdoğan onların zehniyyətini, düşüncələrini bilən çox usta bir siyasət oyunçusudur. Maraqlı gələn odur ki, orada ən poliqlot adam Azərbaycanın rəhbəridir. Yəni Azərbaycan rəhbəri Putini rusca başa düşür, türkçə Ərdoğanı, ingiliscə digər hökumət üzvlərini də başa düşür. Cənab Əliyevin keçmiş kimliyi, yəni formalaşdığı dövr sovetlər dönəminə düşür. Kadr tərkibi əsasən, o dönəmin şəxslərindən ibarətdir. Bir də ona baxmalıyıq ki, görüş hansı dönəmdə baş tutur. Həqiqətən də təşkilatda dialoq tərəfdaşı olan Ermənistanın iştirak etməsinə ehtiyac var idi, amma indiki ərəfədə Paşinyanın belə bir görüşdən imtina etməsi, çox qəribə bir mənzərə yaratdı.
Gəlin, xəyal edək ki, bu fotoda Nikol Paşinyan harada əyləşəcəkdi, onun durumu necə olacaqdı? Bu süfrənin başında iki güclü türk ölkənin rəhbəri bir-birinin yanında, çiyin-çiyinə əyləşib”.
Ə.Əlibəyli söyləyib ki, ki, Türkiyənin bu fotoda diktə etməsi, Qərbə verilən ən vacib mesajlardan biridir:
“Hesab edirəm ki, bu fotonun verdiyi mesajın bir hissəsi Azərbaycan məsələlərində həssas olsun deyə, İrana, bir hissəsi Qarabağ, Zəngəzur məsələsinə görə Rusiyaya, bir hissəsi Tacikistana, Qırğızıstana bağlıdır. Çünki foto çəkilən ərəfədə aralarında çox dəhşətli döyüş gedirdi. Bu fotodan mənə çox dumanlı görünən Türkmənistanın gənc dövlət rəhbəridir. Görünür, həm ab-havanı anlamır, həm böyük oyunun qaydalarından xəbərsizdir. Məncə, bu, türk ölkələrin birliyində qatqı olmaq üçün böyük fürsətdir. O, cənab Əliyevin və cənab Ərdoğanın yanında dayanmaq kimi bir fürsəti əldən buraxmamalı idi.
O missiyanı həyata keçirən fotonun ən sonunda dayanmış Özbəkistan rəhbəridir. Eni zamanda biz sol tərəfdə Qırğızıstan prezidentini, Qazaxıstanın dövlət rəhbərini görürük. Elə hesab edirəm ki, həm də bu tablonun Çin tərəfi - hansı ki, dünən Ermənistanın qlobal miqyasda Azərbaycan əleyhinə başlatdığı kampaniyaya, BMT TŞ-dakı dinləmələrdə Hindistanın Azərbaycanı “təcavüzkar” adlandırmasına gözəl bir cavab oldu. Bu foto nəticəsində Çinin Azərbaycanı “strateji tərəfdaş” adlandırması da, son baş verənlərə bir qapaq oldu”.
Billurə Yunus