Xəbər verdiyimiz kimi, Ermənistan tərəfinin sentyabrın 13-ü gecə saatlarında törətdiyi təxribatlar bölgədə hərbi toqquşmaların baş verməsinə səbəb olub. Bir neçə gündür baş verən gərginlik fonunda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yaşayan erməni separatçılarının da aktivliyi müşahidə olunmaqdadır.
Eyni zamanda separatçıların varlığı təxribat təhlükəsinin də qalması deməkdir. Xüsusən də, səhədboyu ərazilərdə gərginliyin olduğu bir vaxtda Qarabağdakı yaraqlıların da boş qalmayacağı, erməni xislətlərinə uyğun olaraq orudumuzu arxadan vuracağı ehtimalı mövcuddur.
Bu səbəbdən də bir sıra siyasi şərhçilər Qarabağdakı silahlılara qarşı da lazımi addımların atılmasının zəruriliyini qeyd edirlər. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, indiki situasiyada sülhməramlıların nəzarəti zonasının demilitarizasiyası mühüm əhəmiyyətə malikdir.
Bəs, Azərbaycan Ordusunun növbəti “Qisas” əməliyyatını həyata keçirməsi gözlənilirmi?
Demokratikmusavat.com xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Amid Əliyev Ermənistanın davamlı təxribatların əsas məqsədi Azərbaycanın sülh gündəliyinin icrasını gecikdirmək olduğunu bildirib:
“Ermənistan bununla vaxt udmağa, revanş götürməyə, beynəlxalq iştirakçıları bura cəlb etməyə və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən bilərəkdən boyun qaçırmağa çalışırlar”.
Politoloqun sözlərinə görə, artıq Ermənistan rəsmi olaraq sülh gündəliyinin icrasından boyun qaçırır:
“Belə olan halda Azərbaycan rəsmi olaraq güc faktorundan istifadə etməli olacaq. Bu gün Səmərqənddə Rusiya, Türkiyə və Azərbaycan dövlət başçıları arasında rəsmi görüşlər olacaq. Çox ehtimal ki, sərhəddəki son eskalasiya, Ermənistanın destruktiv mövqeyi və gələcəkdəki vəziyyəti müzakirə mövzusu olacaq.
Azərbaycanın sülh gündəliyi və regionda təhlükəsizliyin təmin olunması üçün Ermənistana qarşı yeni təzyiq və məcburetmə metodları müəyyən olunacaq”.
Amid Əliyev qeyd edib ki, 10 noyabr bəyanatında əks olunduğu kimi, əgər yaxın zamanlarda erməni qanunsuz silahlı birləşmələri bölgədən çıxarılmasa Azərbaycan buna qarşı güc nümayiş etdirmək məcburiyyətində qalacaq:
“Çünki, bu Azərbaycanın milli maraq və mənafeyinə eləcə də təhlükəsizliyinə ciddi təhdidlər yarada bilər. Son təxribatdan sonra, Ermənistanın bu istiqamətdə elə də çoxalternativli seçimi qalmayıb. Məcbur olaraq ya nəzərdə tutulan maddələr icra olunacaq ya da anti-terror əməliyyatları icra ediləcək”.