İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
"Demokratikmusavat.com" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin Dövlət Xidmətinə təqdim etdiyi yekun protokollar təhlil edilərkən müəyyən olunub ki, elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları və maliyyə institutları adından təqdim edilən sənədlər saxtalaşdırılıb.
Belə ki, müxtəlif atributların və hesablama texnikası, avadanlıqlar və isitmə-soyutma sistemlərinin təmiri işləri və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tender prosedurlarında iştirak edən “Standart TT 2022” MMC, “Business Connection” MMC və “Furniture Art” MMC-yə aid bank arayışları və digər sənədlərə müdaxilə edilməklə saxtalaşdırılıb və dövlət satınalmalarının vahid internet portalına yüklənib.
Qeyd edək ki, satınalmalarla bağlı keçirilmiş açıq tenderdəki qanun pozuntuları barədə protokollar Fövqəladə Hallar Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib.