Göyçaylı sahibkardan şikayət var

 

 

 

Göyçay rayonunun Ulaşlı-Şıxlı kənd sakini Seyidov Ceyhun Ağaisa oğlu AİB sədri Eyyub Hüseynova müraciət edib. Müraciətdə deyilir: “Bu gün Azərbaycanda sahibkarlıq cənab prezidentin rəhbərliyi sayəsində durmadan inkişaf edir və etməkdədir. Lakin bütün bunlara baxmayaraq, bəzi sahibkarlar bundan sui-istifadə edərək vətəndaşlara külli miqdarda ziyan vururlar. Belə sahibkarlardan biri də Göyçay-Ucar magistral yolunun üzərində yerləşən tikinti materialları mağazasının və topdansatış mərkəzinin sahibi Zakirov Natiq Zakir oğludur. 

Zakirov Natiqə məxsus satış mərkəzindən 2019-cu ildə biri 4 (dörd) metr satış qiyməti 6 (altı) manat olan 54 (əlli dörd) ədəd dəmir dam örtüyü (şifer) almışam. 54 x 4 = 216 x 6 = 1296 (bir min iki yüz dosxan altı) manat nağd pul vermişəm. 1000 (bir min) manat ustaya zəhmət haqqı, 2000 (iki min) manatdan çox taxtasına, dəmirinə və mismarına pul verib dam örtüyü (navest) düzəltdirmişəm. Yol pulunu da hesablasaq, 5000 (beş min) manatdan çox xərcim çıxıb. Lakin iş görüldükdən 6  ay keçdikdən sonra dəmir listlər pastlayıb çürüməyə başladı. Boya vursam da mümkün olmadı. 2019-cu ildən Zakirov Natiqi axtarsam da tapa bilmirəm. Topdansatış mərkəzinə və mağazaya qaynı Nazim adlı şəxs rəhbərlik edir. Mən dəfələrlə Nazimin yanında olub iradımı bildirmişəm. O da cavabında bildirib ki, Natiq müəllim deyir ki, tikinti uyğunluğuna düzgün əməl etməmişəm. 

Mən hələ də başa düşə bilmirəm tikinti uyğunluğu necə olur. Mən ora gəlib dam örtüyü sifariş verib, kəsdirib və aparıb vurdurmuşam. Bütün bu işlər cəmi 20  dəqiqə çəkib. Orada işləyənlərdən biri mənə deyir ki, bu örtüklər Çindən gəlir və ən keyfiyyətsiz materiallardan hazırlanır. Ona görə də bir neçə ay keçəndən sonra paslayıb çürüməyə başlayır.

Hörmətli Eyyub müəllim, sizin bu sahədə gördüyünüz işləri bəyənirik və dəstəkləyirik. Sizdən xahiş edirəm ki, bizim haqq səsimizi cənab Prezidentə, Baş nazirə, Baş prokurora, iqtisadiyyat nazirinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Təhlükəsizlik Xidmətinə çatdırasınız. Görək belə keyfiyyətsiz mallar haradan və necə gəlir, gömrükdən necə keçir. Burada satılan malların uyğunluq sertifikatı yoxdur, standartlara uyğun gəlmir. Bundan başqa, burada güclü vergidən yayınma halları var. Hətta nəinki vergidən yayınma halları var, burada işləyənlərin çoxu Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda yoxdurlar və fonda pul ödəmirlər.

Sizdən xahiş edirəm ki, burada siz və aidiyyatı qurumlar tərəfindən gizli monitorinqlər aparılsın. O zaman görərsiniz ki, sənədsiz nə qədər adam işləyir, gündəlik vergidən nə qədər vəsait gizlədilir.

Xahiş edirəm ki, mənə dəymiş ziyan 5000 (beş min) manat geri verilsin və yaxud topdansatış mərkəzinin rəhəbrliyi tərəfindən yeni, standartlara cavab verən dam örtüyü ilə əvəz edilsin. Bir də belə hadisələr təkrarlanmasın və mənim kimi heç kim aldadılmasın”.

Demokratikmusavat.com

0.16270804405212