4-cü “Bakı Yay Caz Günləri” keçiriləcək

 

6-7 iyul tarixlərində caz musiqisi pərəstişkarları üçün növbəti sənət bayramı – 4-cü “Bakı Yay Caz Günləri” keçiriləcək.

Bu barədə Demokratikmusavat.com a Mədəniyyət Nazirliyindən məlumat evrilib.

Bildirilib ki, festival pandemiya səbəbindən yaranmış ikiillik fasilədən sonra fəaliyyətini bərpa edir.

Əvvəlki festivalların iştirakçılarının coğrafiyasına İsveçrə, Fransa, İsrail, Gürcüstan, ABŞ, Türkiyə, Macarıstan, Rusiya kimi ölkələr daxil idi. Bu layihə çərçivəsində Avichai Kohen, Erik Eruffaz, Jacky Terrasson, Stephane Belmondo, Nik West kimi bir çox məşhur musiqiçilər Bakıda ilk dəfə çıxış ediblər.

“Bakı Yay Caz Günləri”nin yaddaqalan konsertlərindən biri – Oleq Lundstremin caz orkestrinin Dənizkənarı parkda çıxışı təkcə peşəkarların deyil, həm də bu musiqini ilk dəfə dinləyənlərin diqqətini cəlb etmişdi. Konsertlərin ictimaiyyət üçün əlçatan olması və bununla da Bakı caz ənənələrinin geniş tamaşaçı auditoriyası üçün canlandırılması festivalın əsas məqsədidir.

Bu il konsertlər Heydər Əliyev Mərkəzinin parkında açıq havada keçiriləcək. Giriş sərbəstdir.

İyulun 6-da festivalı amerikalı caz pianoçusu və bəstəkarı Emmet Kohen öz triosu ilə açacaq. Trionun lideri – Amerika Piano Assosiasiyasının, 2019-cu il “Amerika Pianoçuları Mükafatı”nın sahibi Emmet Kohen eyni zamanda pedaqoqdur və bütün yaş qruplarından olan tələbələrinə dinləyici ilə ünsiyyət sənətini öyrədir. O, Nyuport, Monterey və Rotterdamda keçirilən caz festivallarında, eləcə də Nyu Yorkdakı Rose Hall və Vaşinqtondakı Kennedi Mərkəzi kimi bir çox məşhur musiqi məkanlarında çıxış edib.

İyulun 7-də proqram məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, prodüser İlhan Erşahinin kvarteti ilə davam edəcək. Stokholmda böyüyən və 1990-cı ildən Nyu-Yorkda yaşayan musiqiçi Wallace Rooney, Joe Lovano, Jeff Williams, Cameron Brown, Viktor Lewis kimi ifaçılarla birlikdə çıxış edib. O, Bakıda Türkiyədən olan cazmenlərin çıxış edəcəyi "İstanbul Sessions" layihəsini təqdim edəcək.
Hər iki gün festival səhnəsində həmçinin Azərbaycanın caz qrupları yer alacaq.

Diana Hacıyeva müasir Azərbaycan caz səhnəsinin istedadlı nümayəndələrindən biridir. Müğənni, musiqi prodüseri və bəstəçi kimi fəaliyyət göstərərək müxtəlif heyətlərlə çıxış edir. 2012-ci ildən “DiHaj” adı altında çıxış edən musiqi heyətinin prodüseridir.
Firudin Həmidov gənc nəslə aid olan caz trumpet ifaçısı və bəndlideridir. Hazırda Azərbaycanın ən tanınmış gənc heyətlərindən biri olan “H3 Collective”in yaradıcısı və rəhbəridir. “H3 Collective” və F.Həmidov əsasən eysid-caz, fank-caz, hip-hop və digər müasir caz istiqamətlərində çalışır.

Festival Heydər Əliyev Mərkəzi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin təşkilatçılığı ilə həyata keçəcək.

0.16523289680481