Bakıdakı “Formula-1” yarışı məşhur sənədli serialda göstəriləcək

 

ABŞ-ın məşhur “Netflix” onlayn platformasının nümayəndələri 2022-ci il “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində ölkəmizə səfər edəcək.

“Formula-1” yarışlarından bəhs edən, qısa zamanda böyük tamaşaçı marağı qazanmış “Drive to survive” sənədli serialının 5-ci mövsümündə Bakı yarışının həyəcanlı anları yer alacaq. 

Həyəcanverici hadisələrlə yadda qalan öncəki Bakı yarışlarının anbaan görüntüləri məhz bu serialda yer alıb. 2018-ci ildə “Red Bull” komandasının pilotlarının məşhur toqquşması, 2021-ci ildə Maks Verstappenin yarışın bitməsinə üç dövrə qalmış qəzaya uğraması, Luis Hemiltonun yarışın restartındakı böyük səhvi kimi dramatik səhnələr Bakı yarışını daha da unudulmaz edib. 

Buraxdığı səhvdən sonra Luis Hemiltonun “Mersedes”in komanda rəhbəri Toto Vulf ilə söhbət zamanı səsləndirdiyi “Bakı yuxularıma kabus kimi girir” fikri “Drive to survive” izləyicilərinin diqqətindən qaçmayıb. 

Serial yayımlandığı dörd mövsüm ərzində azarkeşlərə “Formula-1” yarışlarının maraqlı məqamlarını, komanda və pilotların real hazırlıq prosesini, həyəcanlı görüntülərini, bir sözlə, F1 ruhunu daha yaxından hiss etdirməyi bacarıb.

0.26992392539978