Böyük Dəbilqə: Azərbaycan cüdoçusu erməniyə qalib gəlib

 

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayıb.

"ölkə.Az"ın məlumatına görə, onların hamısı çıxışlarına 1/16 final mərhələsindən start veriblər.

73 kq çəki dərəcəsindəki Telman Vəliyev ilk görüşündə türkmənistanlı İlham Kemalovu məğlub etsə də, növbəti qarşılaşmasında yerli idmançı Georgi Çixelidzeyə qızıl xal bölümündə uduzaraq, mübarizəni dayandırıb.

81 kq çəkidə yer alan cüdoçulara gəldikdə, Zelim Tçkayev Səudiyyə Ərəbistanından olan Məhəmməd Əlhərbini yendikdən sonra kanadalı Etyen Brayana da qalib gəlib. 1/4 finalda isə o, Ukraynanı təmsil edən erməni Gevorq Manukyandan üstün olub. Tçkayev yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə qarşılaşacaq.

Elcan Hacıyev isə ilk görüşündə qırğızıstanlı Vladimir Zoloyevi, daha sonra moldovalı Viktor Sterpunu üstələyib. 1/4 finalda isə o, tacikistanlı Şodmon Rizoyevi yenərək, yarımfinala yüksəlib. Finala gedən yolda rəqib cənubi koreyalı Junhvan Li olacaq.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.

0.74092817306519