Kuleba: “Çətin ki, Qərb güc tətbiq etməklə Rusiyanın dəniz blokadasını açmağa cəsarət edə”

 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərb ölkələrinin Rusiya Federasiyasının dəniz blokadası məsələsini güc yolu ilə həll edə biləcəyinə inanmır.

Bu barədə o, Qərb ölkələrinin Qara dənizdə gəmiləri müşayiət etmək üçün hərbi konvoy təşkil edib-edə bilməyəcəyi ilə bağlı sualı cavablayarkən deyib.

“Əgər NATO müharibənin ən faciəli anlarında Ukraynanın səmasını bağlamamışdısa, bəs niyə indi kənd təsərrüfatı məhsulları Ukraynadan maneəsiz ixrac olunsun deyə Qara dənizi açırlar? Mən belə bir qərarı ürəkdən alqışlayıram, amma hesab etmirəm ki, Qərb və digər ölkələrin bu məsələyə güc vasitəsilə həll yolu tapmaq üçün kifayət qədər gücləri və cəsarətləri var”, - deyə Kuleba bildirib.

O qeyd edib ki, hətta Rusiya Federasiyası ilə Ukrayna limanlarına çıxışın açılması ilə bağlı razılaşmalar əldə etmək mümkün olsa belə, problem ondadır ki, Rusiyaya etibar etmək olmaz.

“Hətta onlar maneəsiz keçidlə bağlı bəzi təminatlar imzalasalar belə, bu, o demək deyil ki, buna əməl olunacaq. İstənilən an, bunu əldə edən kimi razılaşmanı poza bilərlər”, - deyə ukraynalı nazir bildirib.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bazar ertəsi britaniyalı həmkarı Liz Trassla görüşündə təklif edib ki, Qara dəniz vasitəsilə Ukraynanın taxıl ixracına qarşı Rusiyanın blokadasını aradan qaldırmaq üçün dəniz koalisiyası yaradılsın.

Böyük Britaniya Ukraynadan ərzaq ixracına kömək etmək üçün Qara dənizə Krallığın Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərini göndərmək planının olmadığını bildirib.

0.21456098556519