Avtoşluq edən əsgər barəsində bu maddə üzrə cinayət işi başlandı

 

Hərbi xidmət yerini tərk edərək Bakıda avtoşluq edən əsgər Əziz Məlikov barəsində Hərbi Prokurorluq məlumat yayıb. 

Hərbi Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Bildirilir ki, yol hərəkəti qaydaları əleyhinə müvafiq inzibati xətaların törədilməsinə dair kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış görüntülərlə əlaqədar qanunauyğun tədbirlərin görülməsi qanunvericiliyin tələblərinə əsasən aidiyyəti qurumlar tərəfindən təmin olunur.

Qeyd edək ki, Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Ə.Məlikov özü isə “TikTok” sosial şəbəkəsindəki əyləncəli videoları ilə məşhurdur.

0.14627408981323