Sumqayıtda qonşusunu öldürən 22 yaşlı gəncin məhkəməsi başlayır

 

Sumqayıt şəhərində qonşusunu bıçaqlayıb qətlə yetirməkdə şübhəli bilinən Ramin Nəzərlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Əliyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası iyunun 7-nə təyin olunub.

Qeyd edək ki, bu il fevralın 3-ü saat 22 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində 1970-ci il təvəllüdlü Sədiyar Novruzovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

0.19388103485107