Müzakirələrə səbəb ekran işi: "Ölümlə zarafat etmək..." - VİDEO

 

Əlixan Rəcəbovun quruluşçu rejissoru və ideya müəllifi olduğu “Sonuncu şam yeməyi” filmi cəmiyyətdə müzakirələrə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri filmi bəyəndiklərini desələr də, dinlə əlaqəli səhnələrlə bağlı narazılıq bildirənlər də az deyil.

Bir qisim isə Ə.Rəcəbovun bu filmini kinorejissor Vaqif Mustafayevin "Hər şey yaxşılığa doğru" ekran işinə bənzədib.

Müzakirələrlə bağlı Demokratikmusavat.com -a danışan kinoşünas Aygün Aslanlı “Sonuncu şam yeməyi”nin tam da film olmadığını deyib. O bildirib ki, buna kino nümunəsi kimi baxmır:

“Bu, yutub (Youtube) auditoriyası üçün çəkilmiş kontentdir. Ümumiyyətlə, Əlixan Rəcəbov vayner kimi fəaliyyətə başlayıb, qısa-qısa videolar çəkib. İndi bir saatlıq kontent ərsəyə gətirib. Bu, daha çox rahat baxılan, rahat güldürən yutub məhsuludur”.

A.Aslanlı filmdə dini səhnələrlə bağlı deyilənlərə belə münasibət bildirib: 

“Hər şeylə zarafat etmək mümkündür. Bir söz var ki, ölümlə də zarafat etməyəcəksənsə, onda heç nə ilə zarafat etmə. Yəni insanlar onları qorxudan hadisələrlə zarafat edərək bu qorxunun öhdəsindən gəlirlər. Mən o filmdə ölünün və ya dinin ələ salınmasını görmədim. Orada mənasız yas adətləri hədəfə alınıb. Belə lazımsız adətləri toylarda və yaslarda kifayət qədər görürük.

Ə.Rəcəbov da bu adətlərlə zarafat edib. Düzü, burada mən təhqirlik bir şey görmədim.
Əlixan Rəcəbov yanlış xatırlamıramsa, heç yerdə deməyib ki, mən nə isə çəkəndə Kantdan təsirlənirəm və ya Tarkovski kimi çəkmək istəyirəm. Adətən, onun çəkdikləri müəyyən adətləri hədəf alan, daha çox KVN tərzində zarafatların toplandığı məhsullardır. Buna böyük bir dahiyanə əsərmiş kimi, ya da Tarkovskinin işi, Vaqif Mustafayevin işi kimi oturub didik-didik təhlil olunmalı bir şey yoxdur. Sadə bir işdir. Əlixan Rəcəbovun auditoriyası var və o cür də baxmaq lazımdır. Böyük bir şey deyil ki, onu detallı şəkildə təhlil edək. Amma onun hər işində bir az dəyişdiyini, öz üzərində işlədiyini, özünü inkişaf etdirdiyini görmək mümkündür. Kim bilir, bəlkə də gələcəkdə daha maraqlı, doğrudan da kino deyə biləcəyimiz bir iş ortaya çıxara bilər”.

Billurə Yunus

0.17366695404053