Nüfuzu olmayan adam necə 3 dəfə deputat ola bilərdi? 

 

 

 

Həbsdə olarkən koronavirusdan ölən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Demokratikmusavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhum deputatın hüquqi varisi qismində onun dul həyat yoldaşı Aidə Cəbrayılova vəsatətlə çıxış edib. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını və qaynı Elşən Cəbrayılovun istintaqa cəlb olunmasını istəyib.

 "Mənim yoldaşım Milli Məclisin 3 çağırış deputatı olub. Yalançı, dələduz, cəmiyyətdə ictimai nüfuzu, etibarı olmayan insan 3 dəfə deputat ola bilməzdi. Əminəm ki, Rəfael Cəbrayılov dələdzuluq etməyib. Baxmayaraq ki, ona bu cür ağır ittihamlar verilib. Götürülən pulları Rəfael Cəbrayılov mənimsəməyib. Qardaşı Elşən Cəbrayılov həmin müəssisənin direktoru olan dövrdə pul vəsaitlərini mənimsəyib, qardaşını ağır vəziyyətə salıb", - A.Cəbrayılova belə deyib.

O bildirib ki, mərhum həyat yoldaşı məhkəmə dövründə 18 vərəqdən ibarət vəsatət verib. Həmin vəsatətlər araşdırılmadan rədd edilib: " Bunlar ittihama təsir edən amillərdir. Həyat yoldaşım maliyyə problemlərinin yaranmasının səbəbi kimi qardaşı Elşən Cəbrayılov olduğunu göstərib. Elşən müəssisənin təsisçisi və direktoru olan dövrdə öz qardaşının pul vəsaitlərini mənimsəyib və onu çətin vəziyyətə salıb. Özü isə Türkiyədə, Macarıstanda tikinti işləri ilə məşğul olub. Elşən müqavilələrin şərtlərini pozub, qeyri-yaşayış sahələrini satıb".

A.Cəbrayılova cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Bildirib ki, cinayətin əsas iştirakçısı Elşən Cəbrayılov olsa da məsuliyyətdən kənarda qalıb. Bu isə işin ibtidai istintaqa qaytarılmasına əsas verir. Ona görə də cinayət işi istintaqa qaytarılmalıdır.

Zərərçəkmiş Sülhiyyə Məmmədova vəsatətin təmin olunmasını istəyib:" Korrupsiya İdarəsində Elşənin adını çəkdim, amma onu istintaqa cəlb etmədilər. Pulun alınmasında, orderin verilməsində Elşən iştirak edib. Elşənin arxasında kim dayanır bilmirəm".

R.Cəbrayılovun vəkili olmuş Tərlan Azayev da işin ibtidai istintaqa qaytarılması tələbini dəstəkləyib: "Mən son vaxtlara kimi Rəfael Cəbrayılovun vəkili olmuşam. Zərərçəkmişlər hamısı deyir ki, Elşən Cəbrayılov istintaqa cəlb olunmalıdır. Bunu istintaq zamanı niyə demirdilər? İndi məhkəmədə deyirlər. Rəfael Cəbrayılov rəhmətə gedəndən sonra bunu tələb edirlər. Biz bunu əvvəldən deyir, tələb edirdik. Vəsatət təmin olunsun, istintaqa qaytarılsın".

Zərərçəkmiş Sülhiyyə Məmmədova əlavə olaraq deyib ki, qeyri-yaşayış sahəsi almaq üçün 192 min 500 dollar verib:" Elşəni tapa bilmirdim. Nə vaxt getsəm Türkiyədə olduğunu deyirdilər. Növbəti dəfə gedəndə gördüm ki, bacısı oranı satışa çıxarıb".

Məhkəmə prosesi dekabrın 16-da davam edəcək.

 

Demokratikmusavat.com

0.14685797691345