Evində oturub, xarici şirkət üçün işləmək istəyənlərin NƏZƏRİNƏ

 

Əgər ingilis dilini yaxşı bilirsinizsə, 3 ildən yuxarı iş təcrübəniz varsa, standart layihələr sizi sıxırsa, texniki cəhətdən inkişaf etmirsinizsə, yerli şirkətlərin həm menecment işindən, həm də verdiyi maaşdan narazısınızsa...

Əvvəllər xaricdə işləmək üçün ölkəni tərk etməli, həmin şirkətin ofisində çalışmalı idin. Ancaq texnologiyanın imkanları bizə hazırda evimizdə oturub xarici şirkətlərdə çalışmaq imkanı vermiş olur. Söhbət evində oturub xarici şirkətin əməkdaşı olmaqdan gedir. Bu işlər “full remote work” (uzaqdan tam iş saatı) adlandırılır. Yəni həftəlik 40 iş saatını həmin şirkətin işinə sərf edirsən. Müxtəlif sahələrlə bağlı bu cür işlər tapmaq mümkündür. Amma son illər daha çox İnformasiya Texnologiyaları (İT) mütəxəssisləri üçün bu tip işlər daha çoxdur. Bəs bizim yerli mütəxəssislərimiz bu imkanlardan nə dərəcədə yararlanırlar? Bəzən cəhd edib "yox” cavabı alanlar olur. Burda hansı səhvləri edirlər?

Mövzu ilə bağlı  “Kaspi” qəzeti məqalə dərc edib.

İkinci növ iş imkanı

Azərbaycan Python istifadəçiləri qrupunun lideri Şəhriyar Rzayev 2015-ci ildən məsafədən xarici şirkətlər üçün çalışır. Hazırda Ukraynanın “SpaceBus” şirkətində proqram təminatı mühəndisi olaraq fəaliyyətini davam etdirir. Deyir ki, İT-nin demək olar ki, bütün sahələri üzrə xaricdə iş imkanları var: "Xaricdə iş imkanları iki yerə bölünür. Bir qismi bütün xərclərini qarşılayır, səni öz ölkələrinə aparırlar. Bu şirkətlərin müsahibələri qəliz olur. Çox ağır alqoritmik və sistem dizaynı sualları verirlər. 8-9 ay bu müsahibələrə hazırlaşmaq lazımdır. İkinci növ iş təklifi "full remote” olur. Mütəxəssislər öz ölkələrində qalır və vergiləri ödəyərək xaricdən ödənişləri qəbul edirlər. Həftədə 40 saat çalışırsınız. “Bolt”, “Uber”, “Google”a baxanda bu şirkətlərin müsahibələri qismən az ağır keçə bilir. Çünki bu şirkətlər adətən startap, yaxud da yeni layihələr olur ki, onlar üçün də əsas mütəxəssisin təcrübəsi maraqlıdır və klassik müsahibə metodlarını bəyənmirlər. Üçüncü növ iş imkanı da var, buna “frilansinq” deyirlər. Lakin bu, tam iş sayılmadığı üçün bu haqda geniş danışmıram”.

Hansı şirkətlərlə başlamalı?

Ş.Rzayev bildirdi ki, İT mütəxəssislərimiz xarici şirkətlərin “remote” iş imkanlarından yetərincə yararlana bilmirlər: “Bir qismi komfort zonanı tərk etmək istəmir. Hansısa yerli şirkətdə, yaxud dövlət qurumunda işləyirlər və məsafədən işə görə hazırkı  işlərini tərk etmək istəmirlər. Bir qisminin ingilis dili bilikləri zəifdir və öz üzərilərində çalışmırlar. Digər tərəfdən, düşünürlər ki, xarici şirkətlərin tələbləri çox yüksəkdir, bacarmazlar və s. “Remote” işlər belədir ki, həmin şirkətləri özünüz axtarıb tapırsınız, iş üçün müraciət edirsiniz. Bəziləri də xaricə çıxış yolunu düzgün aşkarlayıb tapa bilmir. Adətən çox böyük şirkətlərdən başlayırlar. Həmin şirkətlərdə bir və ya ikinci mərhələlərdə uğursuz olurlar, motivasiyaları düşür. Bu səbəbdən, aşağı, orta şirkətlərdən başlamaq daha məsləhətlidir”.

3 ildən yuxarı təcrübəniz varsa...

Ş.Rzayev qeyd etdi ki, xarici şirkətlər orta və daha yuxarı səviyyəli kadrlara işlər verirlər. Təcrübəsi olan istənilən şəxs xaricdə iş tapa bilər: “Yeni başlayanlara iş təklifləri az olur. Çünki belə kadrlar şirkətlərin fəaliyyət göstərdiyi ölkələrdə də çox olur. Bu işləri daha çox təcrübəsi olan kadrlara verirlər. Əgər ingilis diliniz yaxşıdırsa, 3 ildən yuxarı iş təcrübəniz varsa, standart layihələr sizi sıxırsa, texniki cəhətdən inkişaf etmirsinizsə, yerli şirkətlərin həm menecment işi, həm də maaşı və s. məsələlər sizi qane etmirsə, öz evinizdə də oturub xarici şirkətdə işləyə bilərsiniz”.

Xaricdə işləmək istəyənlər üçün

Bu cür işlər həm də xarici şirkətlərdə iş təcrübəsi qazandırmış olur: “Bu cür iş imkanı olan xarici şirkətlər ən müasir texnologiyalardan istifadə edirlər. İdarəetmədə, texnologiya, proqramlaşdırma alətləri cəhətdən çox irəlidədirlər. Onların arasında olmağı düşünün. Görün nə qədər təcrübə qazanacaqsınız. CV-nin özü üçün də çox xeyirdir. Məsələn, 2 il hansısa xarici şirkətdə “remote” olaraq işləyirsiniz. Növbəti dəfə xarici şirkətə keçəndə işəgötürən hansı şirkətlərdə hansı layihələri işlədiyinizə, nə kimi çətinliklərə məruz qaldığınıza baxacaq. Xaricdə işləmək istəsəniz, yerli layihələrdən elə də böyük nələrsə danışası deyilsiniz. Məsələn, bankda və ya korporativdə nə ola bilər ki? Xarici ölkələrdə işləmək istəyənlər üçün də belə təcrübə böyük üstünlükdür”.

Azərbaycan üçün yüksək əməkhaqqı

Ş.Rzayevin sözlərinə görə, bu işlərdə əməkhaqqı da yüksəkdir: “Dollar və avro ilə maaş almağın nəyi pisdir ki? Bu işlərdə gəlir Azərbaycan üçün çox yüksəkdir. 2-3 dəfə fərq edir. Məsələn, bu yaxınlarda bizdə 1000 manat alan yaxşı proqramçı xaricdə 3000 dollarlıq iş tapdı. Orta təcrübəlilər 2500-3000, böyük mütəxəssislər üçün 3500-5000 dollar arası əməkhaqqı təklif edilir. Bundan aşağı maaş yoxdur. Ancaq maaşın nə dərəcədə yüksək olması, həm də kadra, onun işinə, təcrübəsinə görə dəyişə bilir. Məsələn, kadrın aldığı müəyyən sertifikatlar da maaşa təsir edən məqam ola bilər. Kadr filan sertifikatı alırsa, maaşı artırılır. Belə ki, 6 aydan bir maaşa baxış keçirilir. Maaşın minimumu artırılır. Tək maaş deyil, şirkətdən asılı olaraq əlavə bonuslar ola bilir”.

0.13937902450562