Dünya çempionu Vüqar Həşimovun xatirə turnirində iştirak etməyəcək - AÇIQLAMA

 

“Vüqar Həşimov xatirəsinə həsr olunan beynəlxalq turniri pandemiyadan sonra bərpa edilmiş saymaq olar. Bu turnirin təşkilatçılığında Vüqar Həşimov Şahmat Fondu və Azərbaycan Şahmat Federasiyası iştirak edir. Turnirə sponsorlar cəlb edilib. Onlar haqda bir qədər sonra məlumat veriləcək. Böyük ehtimalla turnir rapid və blits formatında 8 şahmatçının iştirakı ilə keçiriləcək”.

Bunu Demokratikmusavat.com-a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov bildirib.

Dekabrın 17-də mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq səviyyəli şahmat turnirinə start veriləcək. Yarış əvvəlki illərdən fərqli olaraq, Şəmkirdə yox, Bakıda baş tutacaq.

Mahir Məmmədov yarışda Azərbaycan şahmatçılarından kimlərin yarışda iştirak edəcəyini, bu dəfə dünya çempionu Maqnus Karlsenin yarışmayacağını bildirib. Həmçinin o, qeyd edib ki, Teymur Rəcəbov 2022-ci ildə keçiriləcək İddiaçılar Turnirinə hazırlaşacaq deyə, bu yarışda yer almayacaq:

“100% əminəm ki, bizim şahmatçılardan Şəhriyar Məmmədyarovla Rauf Məmmədov bu turnirdə iştirak edəcək. Teymur Rəcəbovun isə planları başqadır. O, Sloveniyada keçirilmiş Avropa çempionatından sonra dünya şahmat tacı üçün İddiaçılar Turnirinə hazırlıq mərhələsinə qədəm qoyacaq. Onun bundan sonrakı bütün çıxışları İddiaçılar Turnirinə hazırlığa uyğun qurulacaq.

Dünya çempionu Maqnus Karlsen və Yan Nepomnyaşinin Bakıdakı turnirdə iştirak edəcəyini demək olmaz. Çünki onların hər ikisi sabahdan Dubayda dünya şahmat tacı uğrunda mübarizəyə başlayır. Adlarını çəkmək istəmirəm. Amma bir neçə məşhur şahmatçıya dəvət göndərmişik. Bu dəfə ABŞ-dan minimum 1 şahmatçı olacaq. Rusiyadan Sergey Karyakin iştirak edəcəyinə söz verib. O həmişə mərhum Vüqar Həşimova hörmətlə yanaşıb və Şəmkirdə daha əvvəl keçirdiyimiz turnirlərə ciddi hazırlaşıb. O əvvəlki 6 turnirdə də iştirak edib (düzəliş: əslində 2015-ci ildə keçirilmiş ikinci turnirdə iştirak etməyib – S.M.). Şahmatçıların adları Vüqar Həşimov Şahmat Fondu ilə dəqiqləşdirilərək mediaya təqdim olunacaq”.

Federasiya rəsmisi yarışda şərtlərin pandemiya dövrünün tələblərinə uyğun qurulacağını bildirib:

“Yarışa tamaşaçıların buraxılmasını indidən demək çətindir. Yəqin ki, pandemiyaya görə müəyyən sərtliklər olacaq. Ancaq bu sərt tədbirlərin nədən ibarət olacağını bildirmək müşküldür. Çünki pandemiya dövrünün tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir. Dekabrın 17-nə yaxın bu barədə dəqiq söz demək mümkündür”.

Qeyd edək ki, ilk dəfə 2014-cü ildə baş tutmuş Vüqar Həşimov Memorialı Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen iştirak etdiyi turnirlərin 4-də də (2014, 2015, 2018, 2019) qalib olub. Onun iştirak etmədiyi 2 turnirdə (2016, 2017) isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb. Ötənilki yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.

Səbuhi Musayev

0.14909386634827