İşğaldan azad edilmiş ərazilərə keçmək istəyənlər saxlandı

 

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin ərazilərə icazəsiz daxil olan şəxslər müəyyən olunub. 

Daxili İşlər Nazirliyindən Demokratikmusavat.com-a verilən məlumata görə, rayon ərazisindəki nəzarət postlarından yayınaraq, qanunsuz yollarla insan həyatı üçün təhlükəli ərazidə 1 yük və 1 minik avtomobili müəyyən olunaraq dayandırılıb. Təhlükəsizlik qaydaları çərçivəsində həmin avtomobillər ərazidən çıxarılıb. 

Öz həyatlarını təhlükəyə ataraq, minalardan tam təmizlənməmiş ərazidə müəyyən olunan qayda və tələblərə etinasız yanaşan 6 nəfər – “QAZel” markalı avtomobilin sürücüsü, Ağcabədi rayon sakini Raci Məmmədov, VAZ-21011 markalı avtomobilin sürücüsü Mahir Məmmədov və sərnişinləri – Elməddin Novruzov, Mütəllim Mirzalıyev, İntiqam Vəliyev və Nazim Məmmədov saxlanılıblar. 

Həmin şəxslər barəsində başlanan inzibati icraata uyğun olaraq toplanan materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 25 sutka, N.Nəmmədovun sağlamlıq vəziyyəti nəzərə alınaraq 200 manat miqdarında cərimə edilib. 

Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.

 

0.14234805107117