Rafael Ağayev: “İstirahət etsəydim, altıncı dəfə dünya çempionu olardım”

 

“Sonuncu dəfə 2010-cu ildə komanda şəklində dünya üçüncüsü olmuşduq. İndi yenidən bu nəticəni təkrarladıq. Hər dəfə finala çıxmağımıza hansısa səbəb mane olur”.

Demokratikmusavat.com-un xəbərinə görə, bunu karate üzrə beşqat dünya çempionu Rafael Ağayev deyib.

O, 75 kq çəki dərəcəsində Dubayda keçirilən dünya çempionatında fərdi və komanda şəklində çıxışından danışıb:

“Komanda şəklində heyətimzidə dəyişiklik vardı. Ayxan Mamayev yarışa getməmişdi. Onun əvəzinə yarışmalı Pənah Abdullayevin isə fərdi yarışda çənəsi 2 yerdən qırıldığı üçün komanda şəklində mübarizədə iştirak etmədi.

Adamın əli kəsiləndə necə ağrıyırsa, mənə də ayağımdakı sınıqdan sonra yarışmaq elə çətin idi. 9 döyüş keçirdim. Cəmi 1 döyüşdə amerikalı idmançıya uduzdum. Onda da 0:3 geridə olsam belə, 3 xal qazanıb hesabı bərabərləşdirdim. Amma hakimlərin qərarı ilə mərhələ keçən tərəf o oldu. Düşünürəm ki, Olimpiadadan sonra istirahət etsəydim, altıncı dəfə dünya çempionu olacaqdım”.

Qeyd edək ki, Rafael Ağayev fərdi yarışda medalsız qalsa da, komanda yarışlarında dünya üçüncüsü olub.

Səbuhi Musayev

0.14591312408447