100 yaşlı tarzən dünyasını dəyişdi

 

Firudin Ələkbərovun Azərbaycan televiziası və radiosunun “Qızıl fond”unda lent yazıları var

Demokratikmusavat.com xəbər verir ki, tanınmış tarzən, Azərbaycanın Əməkdar artisti, Prezident  təqaüdçüsü Firudin Ələkbərov ürək çatışmazlığından vəfat edib.
Firudin Ələkbərov 1921-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə və Bakıda Musiqi Texnikumunu bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Filarmoniyasında başlayan sənətkar Bakıya köçdükdən sonra 1946-78-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1978-92-сi ilədəksə “Azkonsert” Dövlət Qastrol-Konsert Birliyinin solisti olub. 1991-ci ildən Əhməd Cavad adına Bakı Mədəni-Maarif Texnikumunda, 1993-cü ildən 3 saylı, 2000-ci ildən Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəblərində tar müəllimi işləyib.
1941-1945-ci illərdə “Əməkdə fərqlənməyə görə”, 1986-cı ildə “Əmək veteranı” medallarına (SSRİ), 1989-cu ildə Əməkdar artist fəxri adına, 2002-ci ildə Prezident təqaüdü, 2005-ci ildəsə Heydər Əliyev Fondunun təqaüdünə layiq görülüb.
Mərhum tarzən görkəmli xanəndələr Xan Şuşinski,  Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Canəli Əkbərov və başqalarıyla birgə çalışıb. Peşəkar musiqiçilər arasında ən uzunömürlü şəxs kimi tarixə düşüb. Azərbaycan televiziası və radiosunun “Qızıl fond”unda lent yazıları var. O, sonuncu müsahibəsini bu ilin sentyabr ayında Seymur Elsevərin “Bizimkilər” proqramına (https://www.turan.az/ext/news/2021/-/free/Bizimkiler/az/7828.htm/001 ,  https://www.youtube.com/watch?v=SBHgZ140Fgk ) vermişdi.
Allah rəhmət eləsin!
Akif Nəsirli

0.14763808250427