İş yoldaşını qətlə yetirən mühafizəçinin məhkəməsi başlayır

 

Qazaxda qətl törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Nəsimi İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, bu il avqustun 13-ü saat 19:00 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, rayonun İkinci Şıxlı kəndində yerləşən “İnvestel Group” MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək qəsdən öldürüb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nəsimi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

0.15273284912109