“Efirdə meymunluq edən gədaların hamısının villası var“

 

 “Telekanallardan sinəsi, baldırı açıq qızların ağzına gələni oxuması, seksual pozalar alması yığışdırılmalıdır!”

 Bu sözləri Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Kinorejissor  Azərbaycanda özəl televiziya kanallarındakı nöqsanlardan danışıb: “Mən şəxsən Cənab Prezidentdən xahiş edirəm, özəl telekanallara nəzarət edilsin. Bu kanallar, orada oxunan mahnılar, onların sözləri dəhşətlidir. Sinəsi, baldırı açıq qızların ağzına gələni oxuması, aparıcıların danışıq tərzi, ədəbsiz reklamları, oralarını-buralarını nümayiş etdirməyi, seksual pozalar almağı yığışdırılmalıdır! Televiziyalarda bədii şura yaradılmalıdır. Hazırda bədii şurada olanlar da elə efirə çıxanların taylarıdır. Onlar efirə çıxanlardan dolanır deyə ağızlarını açıb bir kəlmə söz demirlər. Onlar hamısı ləğv olunmalı, yerinə ağsaqqal, qeyrətli, namuslu insanlardan ibarət  komanda gəlməlidir. Çünki mənəviyyatı pozulan xalqdan heç nə gözləmək olmaz. Biz müharibədən çıxmışıq, torpaqlarımız uğrunda ölümə getmişik. Amma sabah mənəviyyatı, əxlaqı pozulan xalq heç güllə də atmayacaq.

Adi toyları idarə edən müğənnilər telekanalları işğal etməməlidir. Toylardan qazandıqlarını gətirib verirlər ac gədələrə və efirə çıxırlar. 5 min qazanırlarsa, onun min manatını radio, televiziyalara verib, guya populyarlaşırlar. Ay balam, axı Azərbaycanın müqəddəs söz tarixi var. Dünyada Azərbaycan kimi söz mədəniyyəti olan ikinci bir xalq yoxdur. Çıxıb efirdə “Üç badam, bir qoz” oxuyurlar, bunlara mütləq son verilməlidir. Belə olmaz. Efirə çıxanlar yoxlanılmalıdır, onların musiqi təhsili, musiqi duyumu olmalıdır. Belə şey olmaz!”

Mahmudbəyov  vurğulayıb ki, özəl televiziya kanallarında baş verən nöqsanlar daha çox reytinq xatirinə olur. 

 O, bildirib ki, indi efirlərdə yayımlanan bir çox verilişlər xalqın mənəviyyatına uyğun deyil: “Xalqın mənəviyyatı, əxlaqı bu gedişlə erroziyaya uğrayır. O gün bir oğlan mənə yaxınlaşıb deyir ki, “Müəllim, biz həmkarıq”. Deyirəm, sən kimsən, bala? Deyir ki, biz də kinoçuyuq. Maşın təkəri qaraldır. Məlum oldu ki, hansısa özəl studiyada çalışır. Yağışdan sonra çıxan göbələk kimi Azərbaycanın hər yeri aktyordur. Kimdir axı onlar doluşublar ekranlara? Hərə ağzını Allah yoluna qoyub bir ləhcə ilə danışır. Kanallarda göstərilən iki-üç normal tamaşa var onları da pis günə qoyurlar. Televiziya rəhbərlərinin nə ixtiyarı var ki, ağıllarına gələni edirlər?! 

Artıq milli-mənəvi dəyərləri, daxili əxlaqı bərpa etmək lazımdır. Bunun üçün də  güllələnmə, edam bərpa olunmalıdır. Mən demirəm ki, qəza törədən, yemiş oğurlayan edam edilsin. Söhbət xalqın əxlaqından, soyundan, kökündən gedir. Əgər biz əl-ələ verib, gələcəyimizi  qoruya biməsək, bizim gorumuza söyəcəklər.  Niyə bu qədər əxlaqsızlıq, özbaşınalıq bizim boynumuza yazılsın? Biz nə etmişik axı? Kişi kimi gecə-gündüz, dağda, dərədə xidmət etmişik. Mənim boyda incəsənət xadimi, dövlət mükafatı laureatı, Xalq artisti damda yaşayır. Monsartda yaşayıram, yel vurub yengələr oynayır. Toylarda, efirlərdə meymunluq edən gədələriə baxıram hamısının bağı, bağı, lüks villaları var. Mən ömrümdə sanatoriya  görməmişəm. Buna nə imkanım, nə də vaxtım olub”.

Əsmətxanım

0.16420388221741