Dünya Bankı Azərbaycana 65 milyon dollarlıq kredit ayırdı - FOTO

 

Azərbaycan Respublikası Hökuməti ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Regional Yollar və İnkişaf Layihəsi” üzrə kredit ayrılmasına dair müqavilə imzalanıb.

Maliyyə Nazirliyindən Demokratikmusavat.com-a verilən məlıumata əsasən, 65 milyon ABŞ dolları məbləğində olan kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və Dünya Bankı tərəfindən Azərbaycan üzrə ölkə meneceri Sara Maykl imzalayıb.

Cəlb olunan kredit Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yoluna alternativ olan mövcud Yenikənd-Biləsuvar hissəsinin ikinci texniki dərəcəyə uyğun olaraq yenidən tikilməsi, yolun səmərəliliyi, təhlükəsizliyi, yeni yol xidmətlərinin keyfiyyətinin artırılması, yol ətrafında logistika və bazar infrastrukturunu idarə etmək üçün modelin yaradılması və digər texniki yardımların təmin edilməsi işlərinə yönəldiləcək.

Layihənin həyata keçirilməsi ilə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısı təmin ediləcək və bazara çıxışı yaxşılaşdırılacaq.

Maliyyə naziri bildirib ki, Dünya Bankı ilə müştərək maliyyələşdiriləcək layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.

Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı layihələrə ümumilikdə 4 milyard ABŞ dolları vəsait ayırıb.

0.1545090675354