Serjikin kürəyini yerə vuran azərbaycanlı: “O, prezident seçiləndə gülürdük” -  FOTO

 

 

Ötən il Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünün bərpası uğrunda apardığı Vətən müharibəsi tarixi qələbə ilə yekunlaşdı. Zəfər qazanan igidlərimiz adlarını tarixə yazdılar. 

Bu gün sizə tanıdacağım qəhrəmanımız 68 yaşlı pedaqoq Yaşar Qarayevdir. Yaşar Qarayev 1953-cü ildə Ağsu rayonunun Bico kəndində anadan olub. Orta təhsilini burada alan Yaşar Qarayev 1971-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olub və təhsilini əla qiymətlərlə başa vurub. Təhsilini bitirdikdən sonra isə Ağsu rayonu Arif Cəbiyev adına Bico kənd tam orta məktəbində direktor olaraq fəaliyyətə başlayıb.

Y.Qarayev respublikanın Əməkdar müəllimidir. Lakin bu gün bizim söhbətimizin əsas mövzusu Ermənistanın sabiq prezidenti Serjik Sarkisyanla Yaşar müəllimin illər əvvəl tələbəlik dövründə idman yarışında qarşı-qarşıya gəlməsi və Yaşar Qarayevin onu yerə yıxaraq qalib gəlməsidir.

Demokratikmusavat.com-un əməkdaşı Azərbaycanın Əməkdar müəllimi, tarixçi Yaşar Qarayevlə həmsöhbət olub:

- Yaşar müəllim, tələbəlik dövründə idmanla ciddi məşğul olurdunuz?

- Bizim kənddə hamı güləşlə məşğul olurdu. Uşaqdan böyüyə kəndimizdə həmyaşıdlarımız fiziki cəhətdən hazırlıqlı uşaqlar idi. Həmişə axşamüstü kənddə “Koroğlu cəngisi” çalınardı. Cavanlar tökülərdi meydana, bir-biri ilə güləşib güc göstərərdi. 

Mən ali məktəbə daxil olanda artıq potensial idmançı idim. Bizim Göyüş adlı idman müəllimimiz vardı. Dərslərdə görürdü ki, mən fiziki cəhətdən hazırlıqlıyam. Həmişə deyirdi ki, sən gəl tarixi qoy kənara, idman sahəsində özünü təkmilləşdir, yarışlara get. Səndən çox gözəl idmançı olar. Mən isə elmi üstün tutdum.

- Necə oldu ki, Serjik Sarkisyanla yarışda qarşılaşdınız?

- Göyüş müəllim bir gün məni çağırdı və dedi ki, sənin adını yarışa yazmışam. Soruşdum ki, nə yarışıdır? Dedi ki, “Xankəndidən komanda gəlib. Sən fiziki cəhətdən güclüsən, gələn komandanın Serjik Sarkisyan adlı idmançısı ilə güləş döşəyinə sən çıxacaqsan”. Mən özümə tam arxayın idim. Amma qarşımda erməni idi. Təbii ki, hər bir azərbaycanlı kimi mən də o an idman, qayda-qanun gözləyə bilməzdim. Döyüş qaydalarına riayət etmədən onu elə birinci cəhddə çiynimə alıb, yerə çırpdım.

Serjik Sarkisyan bir neçə dəqiqə eləcə yerdə qaldı, qalxa bilmədi. Elə o vaxtdan bəlli idi ermənilərin gücü (gülür). Təbii ki, ermənilər etiraz etdilər. Amma sonradan hay-küy salmaq, etiraz etmək onların hər zamankı adətləridir. 

- Rəqibinizin fiziki hazırlığı necə idi?

- Həmin yarışda mənim 20 yaşım olardı. Serjik Sarkisyan elə də zəif deyildi, amma tarix boyu türk oğullarının qarşısında heç kim dayana bilməyib. Erməni kimdir ki, biz onun qabağından qaçaq?! Rinqə çıxan kimi əvvəlcə geri çəkildi. Ona qalsa, müdafiəyə çəkilərdi, lakin mən irəli atılıb, ilk cəhddə onun kürəyini yerə vurdum. 

- Həmin illərdə, tələbəlik dövrünüzdə Azərbaycan-Ermənistan arasında münasibətlər hazırkı qədər gərgin deyildi. Sizi hiddətləndirən məqam nə idi?

- O vaxt atamdan, babamdan eşidirdim. 400 nəfərlik erməni silahlısı Bico kəndinə hücum etmişdi. Danışıram sizə 1918-ci illərdən. Bizim kəndin əli silah tutan cavanları, qocaları, uşaqları, hətta xanımlar belə bir olub, kəndə girən erməniləri peşman etmişdilər. Ermənilər Bico kəndinə ziyan vura bilməmişdilər. O vaxtdan mənim ermənilərə qarşı nifrətim yaranıb. Sonra tarixi oxuduqca, öyrəndikcə onların necə mənəviyyatsız, mənfur millət olduqlarını da faktlarla öyrəndim.

Bu gün çox fəxr edirəm ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə 30 ilə yaxın bir zamanda düşmən işğalında olan torpaqlarımızı azad etdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. 

26 yaşlı oğlum Qarayev Orxan Yaşar oğlu 2016-cı ilin yanvarında hərbi xidmət vəzifələrini yerinə yetirən zaman həlak olub. Nişanlı idi. Mən heç vaxt bu məsələni dilə gətirib, heç bir üstünlük istəməmişəm. 

- Həmin döyüşdən sonra Serjik Sarkisyanla qarşılaşmısınızmı?

- Xeyr, bir də heç vaxt onu görmədim. İllər sonra o, Ermənistanın prezidenti olanda qrup yoldaşlarımla deyib-gülürdük ki, vaxt var idi, kürəyini yerə vurmuşdum onun. O prezident seçiləndə bütün tələbə yoldaşlarım deyirdi ki, bu əhvalatı danış, mətbuat dərc eləsin. 

- Bu günə qədər bu barədə niyə heç danışmamısınız? Düşünürdünüz ki, sizə inanmazlar?

- Xeyr, bu hadisəyə şahid olan insanlar var. Özləri də bunu təsdiqləyər. Bu barədə bir neçə dəfə açıqlamalar vermişəm, amma saytlar və qəzetlər dərc etməyiblər. İndi də sizə deyirəm. 

- İndi 68 yaşınız var. Efirlərdə Serjik Sarkisyanı görəndə nə düşünürsünüz?

- Bu gün Ağsu rayonu Arif Cəbiyev adına Bico kənd tam orta məktəbdə direktor kimi çalışıram. Bizi necə vətənpərvər ruhda böyüdüblərsə, mən də gənclərin eynilə bizim kimi mərd, qorxmaz və savadlı olmaları üçün əlimdən gələni edirəm. Qaldı ki, Serjiki efirlərdə görməyimə, nə hiss keçirəcəyəm? Onu yerə çırpmağım hələ də gözlərimin önündədir. 

Qeyd edək ki, Yaşar Qarayev Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin doğma dayısıdır.

Könül Cəfərli

0.18080496788025