Futbolumuz üçün möhtəşəm nəticə: Avropada çıxış edən azərbaycanlılar qollar vurdu - VİDEO

 

 

Azərbaycan futbolu tarixində bir ilk yaşanıb.

Demokratikmusavat.com-un xəbərinə görə, legioner həyatı yaşayan azərbaycanlı futbolçular həftəsonu çıxış etdikləri Avropa klublarında qollar vurub.

Bunlar Namiq Ələsgərov (“Bursaspor”, Türkiyə), Vüsal İsgəndərli (“Ankara Keçiörəngücü”, Türkiyə), Ruslan Qurbanov (“Slaviya-Mozır”, Belarus) və Rüstəm Əhmədzadədir (“Minay”, Ukrayna).

Türkiyə I Liqası

X tur

“Balıkəsirspor” – “Bursaspor” 0:2 (Namiq Ələsgərov 29-cu dəqiqədə hesabı açıb, 88-ci dəqiqədə əvəzlənib).

“Ankara Keçiörəngücü” – “İstanbulspor” 3:2 (Vüsal İsgəndərli 61-ci dəqiqədə meydana daxil olub, 90+7-ci dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb).

Belarus Yüksək Liqası

XXVII tur

“Minsk” – “Slaviya-Mozır” 0:6 (millimizdə çıxış etmiş Dağıstan əsilli Ruslan Qurbanov 31 və 83-cü dəqiqələrdə dubl edib).

Ukrayna Premyer Liqası

XII tur

“Rux” – “Minay” 2:2 (Rüstəm Əhmədzadə 12-ci dəqiqədə hesabı açıb, 62-ci dəqiqədə sarı vərəqə alıb, 71-ci dəqiqədə əvəzlənib).

Qeyd edək ki, Polşa Ekstraklasasında çıxış edən millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Leqiya” Qlivitse şəhərində “Pyast”a 1:4 uduzub. 90 dəqiqə meydanda olan Mahir iki dəfə qol vurmağa yaxın olsa da, top dirəyə tuş gəlib.

Renat Dadaşov isə Portuqaliya Primeyra Liqasında “Tondela” klubu ilə məşhur “Portu”ya qarşı çıxış edib. “Tondela”nın 1:3 hesabı ilə uduzduğu görüşdə Renat 90 dəqiqə meydanda olsa, çərçivəyə düşə bilməyib. 

Həmçinin, millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” Ukrayna Premyer Liqasında “Zarya”ya uduzub – 0:1. Nuriyev 84-cü dəqiqədə meydana daxil olub.

Səbuhi Musayev

0.17418193817139