Aleksandr Samarski: “Görünür ki, İranda kimlərsə böyük pullardan məhrum olub”

 

 

Məşhur ukraynalı diplomat, Rusiya Araşdırmaları Mərkəzinin (Kiyev) sədr müavini Aleksandr Samarski İranın son dövrlər Azərbaycana qarşı göstərdiyi aqressiv siyasəti və bunun səbəblərini təhlil edib.

Qeyd edək ki, müsahibimiz həmçinin Ukraynanın İrandakı səfiri vəzifəsində çalışıb (2010-2014), eyni zamanda Ukraynanın ATƏT-in Dağlıq Qarabağ Missiyasındakı nümayəndəsi olub (1997-1998, 2004-2006) .

- Münasibətlərdəki son gərginliyə səbəb nə ola bilər? Bir çoxları hesab edir ki, İran Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin bərpasına, həmçinin Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin açılmasının əleyhinədir. İkinci məqam Azərbaycanın İranla dövlət sərhədini nəzarətə götürməsi və narkotik qaçaqmalçılığı ilə fəal mübarizə aparmasıdır. Artıq yarım ton narkotik partiyası saxlanılıb...

- İranın Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinə bu qədər qəti şəkildə qarşı çıxdığını və məhz siz deyən kimi bu məqamın gərginlikdə tətikləyici rol oynadığına əmin deyiləm. İranın Azərbaycan ərazisindən Naxçıvana açılacaq birbaşa tranzitdən nə qədər itirəcəyini hesablamaq üçün rəqəmləri bilmək lazımdır. Məndə belə rəqəmlər yoxdur. Bakının Azərbaycan-İran sərhədinə nəzarəti tam ələ alması isə artıq başqa mövzudur.

İran işğal olunmuş Azərbaycan ərazilərindən keçərək Ermənistana və onun hüdudlarından kənara çıxan dəhlizdən qopardıldı. Bəlkə də bu yol qaçaqmalçılıq da daxil olmaqla nəqliyyat yüklərinin daşınması üçün istifadə olunurdu. İstənilən halda, görünür ki, İranda kimlərsə böyük pullardan məhrum oldu. Axı İranın beynəlxalq hüququ pozaraq Azərbaycanın işğal olunmuş ərazilərində gömrük postlarını və bir neçə sərhəd keçid məntəqəsini açması əbəs yerə olmayıb. Bəs o zaman əgər belə demək olarsa qeyri-qanuni yollarla qazanılan vəsaitə görə bölgədə əlavə gərginlik yaratmağa dəyərmi? Tehranın göstərdiyi əzələ nümayişi nəticəsində bir şey əldə etmək mümkündürmü? Mən düşünürəm ki, xeyir. Xüsusilə əgər söhbət hansısa iqtisadi üstünlüklərdən gedirsə. Azərbaycanın torpaqları işğaldan azad edildi. Beynəlxalq hüquqda da nəzərdə tutulduğu kimi Azərbaycan Respublikası öz ərazilərinə nəzarəti edir, eləcə də İranla sərhədi. Azərbaycanla hərbi-siyasi qarşıdurmanı genişləndirməklə özünün gəlir itkisini kompensasiya etmək, açıq desək, İran tərəfi üçün heç də yaxşı variant deyil. Ona görə də mən İranın əsəbi reaksiyasının səbəbini bölgədəki güc balansının kəskin dəyişməsində, Türkiyənin bölgədəki nüfuzunun artmasında və Türkiyə-Azərbaycan ittifaqının güclənməsində axtarardım. Bu, artıq onunla hesablaşmağı tələb edən güclü bir hərbi-siyasi qüvvədir. Axı Türkiyə və Azərbaycan hətta Rusiyanı bölgədə sıxışdıra bildi və bu çox şeydən xəbər verir. Hələ Azərbaycan və Türkiyə ilə birgə təlimlərdə iştirak edən Pakistan da var. Unutmayaq ki, İran türk əhali olan ölkələrlə əhatə olunmuşdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə çox fəal şəkildə və ardıcıl olaraq bu ölkələrdə Türkiyənin nüfuzunu və varlığını möhkəmləndirmək, gücləndirmək siyasəti aparır. Bildiyimiz kimi Türkiyə İranın ənənəvi rəqibidir. Bütün bu faktorların İran tərəfindən öz maraqları və ümumiyyətlə təhlükəsizliyi üçün ciddi təhdid kimi qəbul edildiyini istisna etmək olmaz. İranın öz silahlı qüvvələrinin imkanlarını nümayiş etdirmək cəhdi buradan qaynaqlanır.

Beynəlxalq işlərdə tez-tez olduğu kimi xarici siyasət kursunda böhranla üzləşəndə nə edəcəyini bilmirsən və güc nümayiş etdirsən. Ancaq bu vəziyyətdə belə bir addımın təsirli olacağını düşünmürəm. Axı İran bölgədə üstün hərbi gücə malik bir dövlət deyil. Hərbi baxımdan burada ən azından paritetin olduğu görünür. Azərbaycana qarşı hər hansı açıq hərbi əməliyyatların başlanması yuxarıda qeyd etdiyimiz daxili siyasi səbəblərə görə İran üçün sərfəli deyil. Buna görə, mən istisna etmirəm ki, bizim bəhs etdiyimiz hərbi-siyasi vəziyyəti gərginləşdirmək cəhdləri, praktikada, regional məsələlər üzrə danışıqlara dəvət etmək məqsədi güdür. Üstəlik, nəinki Cənubi Qafqazdakı, həm də Suriyadakı vəziyyətdən söhbət gedir. Çünki bu danışıqlarda Türkiyə də tərəf olacaq. Orada isə danışılası bir çox ciddi məsələlər var. Yeri gəlmişkən, vəziyyətin gərginləşməsində xarici faktorla yanaşı, belə demək mümkünsə daxilə ünvanlanmış mesajın olduğunu da istisna etmək olmaz. Dünya praktikasında bu cür hərəkətlər çox vaxt daxili siyasi problemlərin həlli üçün istifadə olunur. Vətəndaşları real xarici təhlükə ilə mübarizə adı ilə ölkə rəhbərliyi ətrafında birləşməsinə nail olmaq. Lakin bu çox vaxt uydurma faktor olur. Beləliklə insanların diqqəti kəskin daxili problemlərdən yayınır. İranda isə bildiyimiz kimi bir çox sosial-iqtisadi çətinliklər var.

Nair Əliyev

0.13373398780823