Nazirlərin “təmizləmə əməliyyatı”, özündənrazı deputatlar, elmi məhv edənlər – REPORTAJ

 

Payız fəslinin mülayim hava şəraiti hökm sürən günlərinin birində, oktyabrın 15-də parlamentin payız sessiyasının növbəti plenar iclasına yollanırıq.

İclasa hazırlıqlar başlayır, deputatlar bir-bir foyeyə daxil olur, orada jurnalist və ya həmkarları ilə salamlaşdıqdan sonra iclas zalına üz tuturlar.

Açıq etiraf etmək lazımdır, obyektivlik naminə deməliyik ki, deputatların əksəriyyəti kübar bir şəkildə jurnalistlərlə görüşür, hal-əhval tutur. Nə qədər deputatlarla jurnalistlər arasında mübahisəqarışıq anlaşılmazlıq olsa da, bunun ictimai münasibətlərdəki etik qaydalara sirayət etməməsi yaxşı haldır.

Amma bəzi deputatların da nədənsə özündənrazı bir şəkildə foyedə gəzməsi və jurnalistlərə salam verməməsini müşahidə edirəm, olsun, bu da, onların xarakteridir, nə deyə bilərik!

İclası işıqlandırmaq üçün jurnalistlərə ayrılan zonada özümüzə “mövqe” tuturuq, plenar iclas start götürür.

Bir xalqın, dövlətin inkişafı, sağlamlığının qorunmasının məhək daşı olan elm və səhiyyəyə həsr olunan çıxışlara daha çox köklənəcəyik.

Amma bir vacib məsələni qeyd etmədən həmin mövzuya keçid etmək ən azından etik deyil, söhbət Azərbaycan Ordusunun əsgərinin şəhid olmasından gedir.

Oktyabrın 14-də Rusiya sülhməramlılarının nəzarət zonasındakı ərazilərdən qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev şəhid olub.

Deputatlar Fazil Mustafa, Bəhruz Məhərrəmov və Qənirə Paşayeva cari məsələlərin müzakirəsində bu mövzuya toxunurlar, Fazil müəllim adekvat cavab kimi bir Azərbaycan şəhidinə qarşı 10 erməni əsgərinin məhv edilməsinin vacibliyini, Bəhruz Məhərrəmov isə antiterror əməliyyatlarının qaçılmaz olduğunu dilə gətirir.

Fazil Mustafa daha sonra qurumlara yeni rəhbər təyin olunan rəhbərlərin, o cümlədən nazirlərin “təmizləmə əməliyyatı”ndan bəhs edir, bildirir ki, yeni rəhbər gələn kimi əvvəlki işçilərin ərizə yazıb getməsini tələb edir.

Bilirsinizmi necədir Fazil müəllim, Azərbaycan Şərq ölkəsidir və xalqımızın xarakterində də şərqlilərə məxsus tanışlıq, yerlibazlıq kimi prinsiplər kök salıb.

İstəyir qurum rəhbəri Avropada təhsil alsın, istəyir Yaponiyada, dəxli yoxdur, həmin mental kökdən qopa bilmir və rəhbər təyin ediləndə də şüuraltındakı həmin hissləri qazıyaraq üzə çıxarır.

Nəticədə haqlısınız, ucdantutma “təmizlik işləri”, çıxarılanların əvəzinə yenilərinin gətirilməsi idarəetmədə elə də böyük effekt vermir. Ancaq nə etmək olar, onlar nazirdir, komitə rəhbəridir, bəlkə də kimlərisə çıxarmaq üçün haqlı səbəbləri var, amma siz dediyiniz kimi bu az qala kampaniya şəklini alırsa, o zaman düşünməyə dəyər...

Daha sonra Etibar Əliyev söz alır, həmin Etibar Əliyev ki, bir neçə ay öncə onun sosial şəbəkələrdəki postlarına reaksiya verməyənləri təhqir etmişdi. Məni də dostluqdan çıxarmışdı, həmin hadisədən sonra göz yaşlarım selə dönmüşdü, gecə-gündüz Etibar müəllimin niyə xoşuna gəlmədiyim haqqında dərin düşüncələrə dalmışdım. Təbii ki, bu cümlələr ironiyanın da fövqündə dayanan bir yanaşmanın ifadəsidir, amma Etibar müəllim, fürsət düşmüşkən deyim ki, mənə münasibətiniz nədirsə, adekvat olaraq mən də eyni mövqedəyəm. Ancaq danışdığınız mövzu həssas bir nöqtəyə toxunduğundan bir-birimizə münasibətimizi kənara qoyub, çıxışınıza yer verəcəyəm.

Etibar müəllim saxta dissertasiya işləri ilə özlərinə alim adı qazananları “yıxıb-sürüyür”, axı niyə də deməsin. Düzü Etibar müəllimi bilmirəm, canı yandığından elə deyir ya yox, amma nəticə olaraq plagiatlığın tüğyan etməsinə vurğusu çox yerindədir.

Ali Attestasiya Komissiyasını isə “nifaq yuvası” adlandırır. İndi bir Allah, bir həmin Komissiyada saxta işlərə rəy verənlər, bir də saxta işi müdafiə edənlər bilir ki, hansı oyunlar gedir. Etibar müəllim, yəqin məlumatsız olmazsınız, indi Azərbaycanda vaxtı ilə vəzifədə olarkən ziyalı, alim statusu qazanmış o qədər alim var ki. Nəysə, sizdən gələn dəfə onların adlarını açıqlamağınızı istərdik.

Elmin təməlini qazıyıb ora saxta bünövrə atdıqdan sonra biz hansı elmdən, tərəqqidən, Dördüncü Sənaye İnqilabından danışa bilərik?! Saxta bünövrə üzərində ucalan “elm” ictimai bəlalara yol açır, təhsili uçuruma aparır. Sözdür də, deyirik, onsuz da hərə yenə öz işində olacaq...

Cari məsələlərdən sonra gündəliyin birinci məsələsi – “Müstəqillik haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə təqdim edilir, amma müzakirə olmur. Birinci vitse-spiker məlumat verir, məlum olur ki, deputatların təklifləri nəzərə alınsa da, qanun layihəsinə həmin təkliflər salınmayıb.

Layihə üçüncü oxunuşda qəbul edilir. Bundan sonra mayın 28-i Müstəqillik Günü, оktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılacaq.

Təki müstəqilliyimiz əbədi və sarsılmaz olsun!

“Taxıl haqqında” qanuna texniki xarakterli dəyişiklik layihəsinin müzakirəsi zamanı Əli Məsimli “ağzını açır, gözünü yumur”.

Yerli taxıl sortlarının keyfiyyəti ilə taxıl idxalından asılılıq arasında bir əlaqənin olub-olmasını mühakimə edir, rəqəmlər səsləndirir, deyir ki, biz taxıl ehtiyatımızı işğaldan azad edilmiş ərazilər hesabına genişləndirə bilərik.

Əli müəllim, sağ olun ki, ən strateji məhsul olan taxılla bağlı məsələni gündəliyə daşıyırsınız, amma digər deputatlar nədənsə bu mövzunun üzərindən sükutla keçir.

Bu illər ərzində taxıl rezervlərini artırmağın qarşısında sipər olan səbəblər nədir? Güman edirik ki, dediklərinizi aidiyyəti qurumlar nəzərə alacaqlar və praktiki işlərlə strateji məhsulun həcminin artırılması üçün çalışacaqlar.

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi isə deputatların fikirlərindəki qızğınlıq dərəcəsini artırır.

İcbari tibbi sığorta, səhiyyədəki problemlər, səhiyyə sistemindəki ikibaşlı, hətta çox başlı idarəetmə - deputatların dərdi açılır.

Sən demə, deputatlardan birinin bundan əvvəlki iclaslarda səhiyyə sistemini “ağ yuyub qara sərməsi” Məlahət İbrahimqızının etirazına səbəb olub.

Məlahət xanım, ona indi cavab verir, deputatı ədalətsiz yanaşmada suçlayır. Məlahət xanım, bu problemlər var da, niyə danaq, niyə ədalətsizlik axtarışına çıxaq? Bu cür polemikaların getməsi Milli Məclisin özü üçün yaxşıdır, istənilən halda fikirlərin toqquşması bəlkə də faydalı iş əmsalına müsbət təsir edər, hərçənd ki, buna da inamımız azdır.

Rəşad Mahmudov da söz alır, özünəməxsus səs tonu və diksiyası ilə mətbuatda adı qalmaqalda hallanan bəzi həkimlərin müdafiəsinə qalxırmış kimi, iddiaların işgüzar nüfuza zərbə vurduğunu deyir. Düzdür, Rəşad müəllim, kimin kimdən xoşu gəlmirsə, onun haqqında neqativ fikirlər tirajlaya bilər, bu kontekstdən yola çıxaraq sizə haqq qazandırmaq mümkündür. Amma siz deyirsiniz ki, məhkəmə qərarı olmadan həkimlər haqqında mətbuatda neqativ informasiyalar yayılmasın. Baxın, burada özünüzü təzadın içərisinə salırsınız, axı, bu, necə mümkündür? Birinin xəstəsi həkim səhvi ucbatından ölürsə, indi o həkimin adı çəkilməsinmi? Hə, təqsirsizlik prezumpsiyası var, bəli, bilirik, lakin insanlar itkidən elə hisslər keçirir ki, bunu mətbuatada ictimailəşdirərək hirslərini boşaldırlar. Üstəgəl, bu şikayətin düzgün araşdırılıb-araşdırılmama məsələsi var. Ümumiyyətlə, geniş mövzudur...

Rüfət Quliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini hədəfə gətirir, deyir ki, ona kömək üçün müraciət edən qadınlardan biri müalicə ala bilməyib, özü də həmin bu Agentliyin səhvi nəticəsində.

Sonda isə həmin qadın vəfat edib. Rüfət müəllim, hələ siz deputat kimi müraciət etmisiniz, amma o vətəndaşa yardım göstərməyiblər, daha doğrusu əməliyyat üçün söz versələr də, sonda başqa bəhanə ilə bundan imtina üçün səbəblər gətiriblər və qadın da vəfat edib.

İndi görün nə qədər insan xəstəxanalarda, poliklinikalarda yesir qalıb, vay o günə ki, qaniçən, pulu seçdiyi peşədən üstün tutub pasiyentləri soyub-talayan həkimin əlinə düşəsən. Vicdanlı həkimlər isə az deyil, lakin idarəetmədəki hansısa nöqsan səhiyyədə əməlli-başlı xaotik vəziyyətə gətirib çıxarır.

Sözü Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov alır, arqumenti belədir ki, Türkiyənin özündə icbari tibbi sığorta sistemi 20 ildən çoxdur tətbiq edilsə də, orada da problemlər var.

Əhliman müəllim çıxışının davamını gətirir, onun dediyi sakitləşdirici həb kimidir, yəni, bildirir ki, gələcəkdə icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artacaq.

Amma Qüdrət Həsənquliyev onun dediklərini ironiya ilə qarşılayır, “Əhliman müəllim yaxşı olar desin ki, daha neçə 20 il lazımdır ki, problem həllini tapsın?” deyə ritorik sual ünvanlayır. Ardınca səhiyyə sistemindəki idarəetmədə ikibaşlılıq olduğunu qeyd edir, ya TƏBİB-in, ya da Səhiyyə Nazirliyinin ləğvini təklif edir, ittihamının bir ucu da İcbari Tibbi Sığorta Agentliyinə toxunur.

“Niyə səhiyyə qurumlarının rəhbərləri icbari tibbi sığorta sahəsində problemlər barədə prezidentə müraciət etmirlər? Bacarmırlarsa, desinlər, xaricdən mütəxəssislər cəlb edilsin”.

Vallah, yaxşı ki, bu xaric var e, yoxsa, bizlər problemin həlli üçün hansı coğrafiyaya üz tutacaqdıq? Ay Qüdrət müəllim, illərdir bu qədər xərc çəkilir, amma heç cür tutarlı və böyük zəkaya malik yerli mütəxəssis yetişdirə bilmirik ki, bilmirik! Bəlkə də yetişdiririk, amma idaretməyə gələndə bu zəka parlaqlığını itirir və baş başqa işlərə qarışır. Sizə isə hər dəfə təklif vermək qalır, amma fikir verən varmı?.. Cavabını siz daha yaxşı bilirsiniz.

Əhliman Əmiraslanov cənab Həsənquliyevin sualının ritorik olmasını anlamır, amma nəticədə o, cavab səsləndirməlidir axı! Əhliman müəllim problemlərin neçə ilə düzələcəyi barədə proqnoz vermir.

Bir də, Əhliman müəllim dinləmələr keçiriləcəyini deyir, amma bu dinləmələrin ictimai faydasının miqyası barədə təsəvvürlər yaratmaq çətindir. Çünki o qədər belə dinləmələr keçirilib ki, amma problemlər havada uçuşur...

Aqşin Kərimov

0.21027398109436