Deputat: “İran-Ermənistan əməkdaşlığı Avropanın əleyhinə yönəlib”

 

“Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən toplantısında Prezident İlham Əliyevin çıxışının mühüm bir hissəsi bir zamanlar işğal altında olan torpaqlarımızdakı İran-Ermənistan “qardaşlığı”na dayanan əməkdaşlıq haqda idi”.

Demokratikmusavat.com-ın məlumatına əsasən, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Prezident həmin iclasda deyib ki, Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb, bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb.

“İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb”,-deyə Prezident əlavə edib.

Millət vəkili bildirir ki, birinin mahiyyəti terrordan yoğrulan, o biri isə terrorun əsas sponsorlarından biri kimi tanınan hər iki “qardaş” dövlətin əməkdaşlıqlarının başqa tərəfi də olub ki, bu, təkcə bizim yox, bütün Avropanın əleyhinə yönəlib.

“Söhbət narkotik qaçaqmalçılığından gedir. İndi baxaq görək qərbdəkilərin bu açıqlanan faktlara reaksiyası necə olacaq. Aydındır ki, Ermənistan onlar üçün doğmadır. Amma ortada Avropanı zəhərləməklə pul qazanıb həmin pulun bir hissəsini də terrorçu qruplaşmalara, proksiləri rolunda çıxış edən digərlərinə göndərən İran var. Həm də işğal altında olmuş torpaqlarımızdan götürdüyü əvvəlki qazanc əlindən çıxdığına görə dayanmadan Azərbaycana çirkab yağdıran İran”, - deyə S.Alıyev söyləyib.

0.19692206382751