Tələbələrin DİQQƏTİNƏ: Ən əlverişli kirayə mənzili necə seçmək olar? - QİYMƏTLƏR

 

 

Ölkədə sentyabr ayının 29-dan etibarən ali təhsil ocaqlarının, peşə məktəblərinin və kolleclərin fəaliyyətinə start veriləcək.

Bununla əlaqədar daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov Demokratikmusavat.com-a tələbələrin kirayə mənzil və ya fərdi ev seçimi edərkən hansı amillərə diqqət etməli olduğundan danışıb.

O bildirib ki, tələbələr mənzil və ya fərdi ev icarəyə götürərkən onun təhsil müəssisəsinə yaxın və infrastruktur baxımından əlverişli ərazidə olmasına diqqət edilməlidir:

“Nəqliyyat imkanları yüksək, sosial tərkibi tələbəyə uyğun olan və evdə mütaliədən sonra normal gəzintiyə imkan verən ərazi olmalıdır. İlk növbədə ərazi seçilməli, daha sonra texniki göstəricilər nəzərə alınmalıdır. Bəzən mənzili və ya evi icarəyə götürdükdən sonra texniki problemlər üzə çıxır. Həmçinin mənzilin və ya evin məişət avadanlıqları ilə təchiz edilməsi və təmir səviyyəsi də nəzərdən keçirilməlidir. Ən sonda məsələnin hüquqi tərəfləri həll olunur. Mütləq şəkildə mənzilin sənədi olmalıdır, icarə ilə bağlı müqavilə imzalanmalıdır”.

Ekspertin sözlərinə görə, ölkədə mənzil kirayəsi bazarında ay ərzində 0,36 faiz, il ərzində isə 2,47 faiz artım, fərdi yaşayış və bağ evlərinin kirayəsində isə ay ərzində 0,66 faiz, il ərzində isə 7,69 faiz azalma müşahidə olunub:

“Kirayə mənzil bazarında orta aylıq qiymətlər əsas götürülməklə, kirayə qiymətləri bir otaqlı - 380 manat, iki otaqlı - 449 manat, üç otaqlı - 542 manat, dörd otaqlı - 769 manat, beş otaqlı 1 156 manatdır.

Təbii məsələdir ki, şəhərin mərkəzindən uzaqlaşdıqca, qiymətlər bir o qədər də azalır. Mənzil kirayəsi bazarında Hövsan, Binəqədi, Qaradağın qəsəbə və kəndlərində qiymətlər nisbətən aşağıdır. Lakin nəzərə almaq lazımdır ki, uzaq məsafədə mənzil və ya ev icarəyə götürən tələbələrin təhsil ocaqlarına gedib-gələrkən xərcləri də artır”.

Nüsrət İbrahimov qeyd edib ki, artan günlük xərcləri hesabladıqda aylıq məbləğ kifayət qədər yüksək alınır:

“Bu məbləği və tələbənin itirdiyi vaxtı pula çevirib aylıq kirayə məbləğinin üzərinə gəldikdə son nəticədə büdcədə ziyan meydana gəlir, nəinki xeyir. Buna görə də mənzil seçimi təhsil ocaqlarına maksimum yaxın ərazidən edilməlidir”.

Nigar Məmmədova

0.22446703910828