Kult.az Misirdə Azərbaycan Diasporunun sədri, “Halqa" Xeyriyyə Fondunun icraçı direktoru, ərəbşünas alim Seymur Nəsirovun Publika.az-a müsahibəsini təqdim edir:
- Seymur bəy, görürsünüzmü, son illər ərəb turistlərin sayı nə qədər artıb. Yəqin artıq ölkəmizə gələndə Misir üçün darıxmırsınız (foyesində əyləşdiyimiz hotelə sıra ilə daxil olan ərəbləri göstərirəm).
- Əslində Misir digər ərəb dövlətlərinə bənzəmir. Tam müasir ölkədir. Təəssüf ki, bizdə "ərəb ölkəsi" deyəndə ya çadra başa düşürlər, ya da çoxarvadlılıq, savadsızlıq. Doğrudur, Misirdə qatı dindarların da sayı az deyil, amma xanımlar geyim seçimində sərbəstdirlər. Hətta bu yaxınlarda Ərəb Ölkələri Liqasında dialoq bölməsinin rəhbəri vəzifəsində çalışan bir xanımla görüşüm baş tutdu. Bu Misirdə nazirə bərabər vəzifə sayılır. Həmin xanım tam avropasayağı səliqəli libas geyinmişdi. Namaz vaxtı yetişəndə, məndən üzr istəyib, qalxdı, hicaba bürünüb, namazını qıldı və yenidən əvvəlki geyimində geri dönüb, qarşımda əyləşdi. Qeyd etdi ki, bu Allahla mənim aramda olan ünsiyyətdir. Ona qarışmağa heç kimin haqqı yoxdur. Elə diqqət yetirsəniz, Qurani-Kərimdə ilk əmr “oxu”dur. İnsanı insan edən onun elmidir. Bu gün bütün radikalizmin, dırnaqarası dini qurumların mənbəyində bilgisizlik durur. Din pərdəsinə bürünən bu savadsızlar da onu özlərinə sərf edən yönə çevirirlər. İslam barış dinidir. Əfsuslar olsun ki, müsəlman cəmiyyətləri elmə lazımınca yer ayırmırlar. Ona görə də nə dinlərini dərk edə bilirlər, nə də dünyalarını.
- Neçə ildir Misirdə yaşayırsınız?
- Artıq 22 ildir.
- Kifayət qədər uzun müddətdir.
- 1995-ci ildə Misirdən Azərbaycana rəsmi dəvət gəldi. 36 nəfər oraya oxumağa getdik. Elə getdiyim gündən gördüm ki, digər ölkədən gələn tələbələr öz ölkələrinin adını tutan kimi dərhal tanıyırlar. Bizsə azərbaycanlıyıq deyəndə, insanlar üzümüzə baxırlar. O an qərar verdim ki, Misirdə öz vətənimi tanıtmalıyam. Düşündüm ki, görəsən bunu hansı yolla edə bilərəm. Öncə mütləq dil öyrənməli idim. Bildiyiniz kimi də ərəb dili çox çətindir.
- Bəs siz ora gedəndə ərəb dilini bilmirdiniz?
- Xeyr, yalnız əlifbanı bilirdik. Başladım dil öyrənməyə. Təsəvvür edirsinizmi, həmin vaxtda iki dilin qarşılıqlı lüğəti də yox idi. Mən də asan olsun deyə, türkcə-ərəbcə lüğət aldım. Hətta türkiyəli tələbələrlə də dostlaşdım ki, anlamını bilmədiyim sözləri mənə izah etsinlər. Fars dilini bilməyim də işimə yaradı. Tacik, əfqan tələbələrlə ünsiyyət qurub, dil öyrənmə prossesimi tezləşdirdim. Belə-belə kitablar oxmağa başladım. Bir gün dərsdə idim. Çox məşhur dinşünanas alim İmam Beyzavi haqda məqalə oxudum. Çox təsirləndim. Demək bu böyük şəxsiyyətin yaşamağa evi belə olmayıb. Küçələrdə gecələyib. Yenə də elmdən uzaq düşməyib. Məni ən çox sevindirənsə o oldu ki, bu böyük elm xadiminin təxəllüsü “Azərbaycan alimi”dir. Digər mənbələrə baxanda gördüm ki, Beyzavi Təbrizdə dünyasını dəyişib.
- Misirdə yaşayıb?
- Ümumiyyətlə, ən böyük alimlərimiz Misirdə mütləq olublar. Dünyanın ən qədim və dahi elm xadimləri Misirdə yaşayıb, yaradıblar. Bu ölkənin ən məşhur Əl-Əzhər Universitetini bitiriblər. Mən bəzən deyirəm ki, Misirin inkişafında ən çox rol oynayanlar qeyri-misirlilərdir. Məsələn, İslam dünyasının ikinci böyük alimi özbək əsilli İmam Buxari olub. O, Qurani-Kərimdən sonra ən çox güvənilən “Hədislər” kitabının müəllifidir. Özbəklər də qürurla İmam Buxarinin vətənindənik deyirdilər. Məndən haralı olduğumu soruşanda isə Nizaminin, Dədə Qorqudun ölkəsindən gəlmişəm deyirdim. Təəssüf ki, heç birini tanımırdılar. Bu da məni dərindən düşünməyə vadar edirdi. Axı ola bilməz ki, dünyanın inkişafında əcdadlarımızın bir rolu olmasın. Beyzavi haqda məlumat əldə edəndən sonra əmin oldum ki, bu ərazilərdə çoxlu alimlərimiz yaşayıblar. Araşdıranda gördüm ki, bizim elə alimlərimiz, oğullarımız olublar ki, biz onlarla müqayisədə vətənimiz üçün heç nə etmirik. Təsəvvür edin ki, İslam dünyasını, ərəbləri işğaldan qurtaran, Misirin ən güclü rəhbəri Səlahəddin Əyyubi azərbaycanlı olub. Mən bunu oxuyanda gözlərimə inanmadım. Yəqin Əyyubilər sülaləsi haqda eşitmişiniz.
- Təbii...
- Baxın, onlar Tunisdən Yəmənədək əraziləri idarə ediblər. Bütün mənbələrdə bu sülalənin Azərbaycanın şimalından olduqları bildirilir. Lakin siz vikipediyada bu sərkərdənin adını ərəbcə yazsanız, milliyətcə erməni olduğunu görəcəksiniz.
- Niyəsə heç təəccüblənmədim.
- Bilirsiniz, ərəb mənbələrində Səlahəddin Əyyubi haqda həddən artıq məlumat var. Bu əlyazmaların hamısında da əslən Azərbaycanın bugünkü Göyçə mahalından olduğu bildirilir. Onun atası, əmiləri bu torpalarda doğulub, orta Şərqə köç ediblər. Bu oğru millət də düşünüb ki, heç kim gedib, o mənbələri araşdırmayacaq. Ona görə yalan məlumat yayıblar. Halbuki onun azərbaycanlı olmağı bizim üçün qürur mənbəyidir. Bütün ərəb dünyası Əyyubini şücaətli, qüdrətli sərkərdə kimi tanıyır. Onu Avropada da çox sevirlər. XIX əsrin sonlarında Dəməşqə səfər edən alman kralı humanist rəhbərin qəbrinin üzərinə qızıldan əkilil qoyur və deyir ki, Səlahəddin Əyyubi insanlığa, şücaətə nümunəvi bir sərkərdə olub. Təsəvvür edin, ərəb torpaqlarına hücum edən avropalılarla mübarizə aparıb, onlara qalib gələndən sonra, qardaşı Adilə tapşırıb ki, əsirləri gəmilərə mindirib, öz ölkələrinə qaytarsınlar. Hətta geri dönməyə imkanı olmayan avropalılara pul da verir. Baxın tarixdən tanımadığımız belə qüdrətli əcdadlarımız var. Artıq məndən soruşanda ki, haralısan? Deyirəm Səlahəddinin ölkəsindən. İnanın ki, o qədər böyük rəğbətlə əlimi sıxırlar.
- Lakin vikipediyada hələ də erməniəsilli olduğu bildirilir.
- Mənim qəzetlərdə “Azərbaycanlı tədqiqatçı alim növbəti erməni yalanını ifşa etdi” adlı məqalələrim dərc olundu. Hətta sonunda qeyd etdim ki, vikipediyaya çoxsaylı müraciət olunarsa, bu yanlış aradan götürülə bilər. Lakin yəqin ki, müraciət edənlərin sayı az oldu.
- Seymur bəy, bu araşdırmalarınızı kitab halına da salmısınız, eləmi?
- Bəli, bugünədək iki kitabım işıq üzü görüb. İlk kitabımda Şərqdə yaşayan 100, ikinci kitabımda isə 150 azərbaycanlı ədib, alim haqda məlumatlar toplamışam. Lakin bununla kifayətlənməyib, ensiklopediya hazırlamağı düşünürəm. Bu ensiklopediyada 1000-ə qədər azərbaycanlı alimdən bəhs olunacaq. Özü də araşdırmalarımda ərəb mənbələrinə əsaslandığım üçün saxtakartlıqda ittiham edə bilməzlər.
- Bu kitablar hansı dildə nəşr olundu?
-Hələlik ilk kitabım ərəb dilində nəşr olunub. Yaxın günlərdə ikinci kitabdım da nəşrdən çıxacaq. Səfirliyimiz ilk kitabın 1000 nüsxəsini nəşr etdirib, Misirin ən nüfuzlu təhsil ocaqlarında yaydı. Oduqca böyük maraqla qarşılandı. Hətta mən təklif etdim ki, ərəbdilli ölkələrin universitetlərinə də göndərib, alimlərimizi daha geniş auditoriyaya tanıdaq.
- Bəs kitabınızın Azərbaycan dilinə tərcüməsini hardan əldə edə bilərik?
- İlk kitabımı öz vəsaitim hesabına tərcümə etdirdim. Yazıçılar İttifaqında Anar bəy dedi ki, biz bu kitabları çap etdirəcəyik.
- Nə yaxşı tərcümə ilə özünüz məşğul olmadınız?
- Bilirsiniz, tərcüməni istənilən tərcüməçi edə bilər, amma araşdırma olduqca çətin prosesdir. Bəzən bir azərbaycanlının kəlməsini tapmaq üçün, qalaq-qalaq əlyazmanı oxuyursan. Hətta etiraf edirəm ki, bu iş qrup halında həyata keçirilməlidir. Alimlərimizin yüzlərlə əlyazması var. Onların hamısı araşdırılıb, çap etdirilməlidir. Milli mənsubiyyətlərini üzə çıxarmalıyıq. Məsələn, Nemətulla Naxçıvaninin çox güclü təvsir kitabı var. Qurani-Kərimi başdan sonadək təvsir, yəni şərh edib. Bu kitab Osmanlı dönəmində çap olunub. Mən o nüsxəni əldə edib, Misir müftisinə verdim. Müfti dedi ki, bu çox böyük alim olub. Soruşdum ki, sizcə Naxçıvani təxəllüsünün mənası nədir? Cavab verdi ki, yəqin atasının adı Naxçı olub. Dedim xeyr, bu Azərbaycanın gözəl güşəsinin adıdır. Çox təəccübləndi. Onun kimi bir sıra digər alimlər də bu haqda məlumatsız idilər. Təklif etdilər ki, bu kitabı yenidən nəşr etdirib, ön söz kimi azərbaycanlı olduğuna dair bir neçə cümlə əlavə edək. Lakin bunu etmək üçün də maddi vəsait lazımdır. Məsələn, Misirin qazilər qazisi olmuş Əfsələddin Xunci Cəlilabadla Lənkəran yaxınlığında bir kənddə doğulub. Hətta digər bir alimimizin təxəllüsü Bərdicidir. Bərdic Bərdə ərazisində bir kəndin adıdır. İnsan orqanizmində qan dövriyyəsini ilk dəfə kəşf edən, Misirin baş həkimi Fətullah İbn Nəfis də bizim əcdadımızdır. Görürsünüzmü, araşdırmaqla bitməyən mövzulardır.
- Misirdə təhsil sistemi yəqin ki, çox güclüdür.
- Bu gün dünyanın ən peşəkar cərrahları, elm xadimləri Misir universitetlərinin məzunlarıdırlar. Məsələn, mən bakalavr təhsilimi tamamladıqdan sonra düz 8 il magistr pilləsində oxudum. Daha sonra keçmiş Misir müftisindən dərs aldım. Eyni anda Amerika universitetlərinin birində də ərəbşünaslıq ixtisası üzrə distant şəkildə oxudum. Lakin təhsilimi tamamladıqdan sonra təqaüdüm də dayandırıldı. Bunu demək mənə bir az ağır olsa da, uzun müddət küçələrdə yaşadım. Evə zəng vurdum, atam bildirdi ki, aldığı maaş bacımın və qardaşımın təhsilini təmin etməyə güclə yetir. Vəziyyətimdən bəhs etməyib, sağollaşdım. Bir çox dini cəmiyyətlər məni özlərinə cəlb etmək istədilər.
- Dini cəmiyyətlər deyəndə nəyi nəzərdə tutursunuz?
- Türkiyədən, Səudiyyə Ərəbistanından olan yarı siyasi hərəkatları. Bu radikal cərəyanlar təhsilini tamamlayandan sonra pulsuz qalan tələbələri öz sıralarına cəlb edib, isti otaqla, pulla təmin edirlər. Çarəsiz qalan gənclər də çox vaxt bu yola düşürlər.
- Bu yol hansı yoldur ki?
- Bir cəmiyyət sizi yemək və təqaüdlə təmin edirsə, ən azı onun dini görüşünü dəstəkləməyinizi tələb edəcək.
- Vəhabilər kimi bir cəmiyyət?
- Bəli, əsasən də onlar. Mənsə bu yola düşmək niyyətində deyildim. Ətrafımdakı çarəsiz tələbələri də qorumaq istəyirdim. Bir layihə hazırlayıb, keçmiş Misir müftisinin yanına gəldim. Misirli bir iş adamının maddi dəstəyilə “Halqa” fondunu yaratdıq. Mən də icraçı direktoru oldum. Hazırda bir neçə binamız fəaliyyət göstərir. Yatmağa belə yeri olmayan tələbələr bizə müraciət edir. Əsasən incəsənətin müxtəlif növlərini tədris edirik. Hətta muğamımızı da öyrədirik. “Sarı gəlin”, “Qarabağ şikəstəsi” və bir sıra milli musiqimizin incilərini artıq tələbələr mənimsəyirlər. Yaxud da Sinqapurdan evinə gedən bir tələbəmizə atası sual verir ki, xəttatlığı harada öyrənmisən? O da bizim fondumuzdan bəhs edir. Atası soruşur ki, pullu kursdurmu? Tələbə bildirir ki, hətta əlimdəki qələmi belə onlar alıb, verib. Artıq sırf maddi durumu olmayan tələbələri deyil, dərs almaq istəyən gəncləri də qəbul edirik. Yəni bura sırf elm və incəsənət mərkəzidir. Xarici dil kurslarımız var. Tələbələrimiz beynəlxalq müsabiqələrdə uğurla çıxış edirlər.
- Seymur bəy, artıq bir ildir ki, Azərbaycanın Misirdə diasporu yaradılıb və siz də sədr seçilmisiniz.
- Mən Azərbaycan və Misir dostluğundan bəhs edən mövzularla tez-tez Misir televiziya və radio kanallarında çıxış edirəm. Müstəqil, müasir vətənimizin uğurlarından, dahilərindən məlumat verməyə çalışıram. Həyat yoldaşımla Misirin ən məşhur universitetlərində Azərbaycan dili tədris edirik. Odur ki, bu təşəbbüs irəli sürüləndə digər təşkilatlar da yekdilliklə mənim sədr olmağımı istədilər. Qarşıda o qədər gerçəkləşəcək planlarımız var ki... Hətta bu yaxınlarda Misir televiziyasında Azərbaycan xalçalarından danışdım. Söylədim ki, Qurani-Kərimdə Azərbaycan və xalçalarımızla bağlı məlumat var.
- Bu haqda ətraflı danışaqmı?
- Müqəddəs kitabımızın “Ğaşiyə” surəsində Azərbaycan sözünü ilk dəfə mən tapdım. Bu surənin 16-cı ayəsində cənnətin örtükləri zərabiyə bənzədilir. Tunisin baş qazisi İbn Aşurun əlyazmasında bu surəyə aydınlıq gətirilir. Deyilir ki, Zərabi əslində zərbiyənin cəmidir. Zərbiyə də Əzribiyədir. Əzribiyə isə Azərbaycan deməkdir. Çünki ərəb dilində azərbaycanlı sözü üç cür yazılır- əzribi, əzəri və əzərbaycani deyirlər. Əslində Qurani-Kərimdə Azərbaycanla bağlı bir sıra məqamlar var. Hətta Bakı neftindən də bəhs olunur. Lakin sırf Azərbaycan kəliməsi bu surədə istifadə olunur və ərəb dilinin qrammatikasına uyğun dəyişdirilib. Hətta peyğəmbərimizin dönəmində Azərbaycan qoyunlarının yunu ən keyfiyyətli və yumşaq yun sayılıb. Əbu Bəkrin rəvayətində “sufun Əzribi” yəni Azərbaycan yunundan danışılır. Ötən əsrdə yaşayan Tunis müftisi, İslam dünyasının dahi alimi İbn Aşur da öz əsərində "Quran"da Azərbaycandan bəhs olunması faktını təstiqləyir. İndi mən konfranslarda bildirirəm ki, Azərbaycan xalçaları cənnət xalçalarıdır. Bilirsinizmi niyə? Çünki Qurani-Kərimdə cənnətin örtükləri Azərbaycan xalçalarına bənzədilir.
- Seymur bəy, çox maraqlı mövzulara toxundunuz. Sizə elmi araşdırmalarınızda, pedoqoji fəaliyyətinizdə, diaspor layihələrinizdə və şəxsi həyatınızda uğurlar arzu edirəm.
- Təşəkkür edirəm, Leyla xanım. Arzular qarşılıqlıdır.