Qəhrəman atalarının yolunu davam edən şəhid övladlarının sülh quşları ilə səssiz şüarı - REPORTAJ + FOTO

 

Qürur duyduğum və hər il səbrsizliklə gözlədiyim milli təqvimimizdə müqəddəs möhürlərdən biri olan Silahlı Qüvvələr Günüdür.

Bu il Silahlı Qüvvələr Gününü xüsusi təntənə və emosional coşqu ilə fərqli şüarlarla qeyd edirik, bu hədsiz sevincimizi ərsəyə gətirən əsas amil torpaqlarımızın işğaldan azad edilməsidir.

Bəli, 30 illik Vətən nisgili ilə dərin qüssəyə batan xalqımızın bədbin hissləri 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə nikbin notlara kökləndi.

Dövləti güclü edən ordudur, bu qüdrətin qida mənbəyindən biri də xalqdır, hər ikisini vahid güc kimi səciyyələndirən isə prinsipial, qətiyyətli siyasi iradədir.

Müştərək gücün böyük nəticəsini Vətən müharibəsində qazanılan qələbə göstərir, indi biz bu müştərəkliyin qələbəsindəki komponentlərdən birinin bayramını qeyd edirik.

Mənim üçün isə xüsusilə əlamətdar gündür, birincisi ona görə ki, müharibə zamanı qalib orduda xidmət etmişəm, müharibə iştirakçısıyam, ikincisi, xalqımızın bədgümanlıq zəncirlərini qıraraq qələbəyə töhfəsi yada düşdükcə böyük fəxarət hissləri ağlımın ən dərin nöqtələrinə də sirayət edir.

İndi and yerimiz olan ordunun yaranması ildönümünü belə böyük hisslərlə bayram edirik, Müdafiə Nazirliyi bu əlamətdar gündə şəhid övladlarını da yaddan çıxarmayıb.

İyunun 25-də Müdafiə Nazirliyi “Mənim atam qəhrəmandır” adlı tədbirin təşkilatçısı kimi medianı da dəvət edib, ilk toplanma məntəqəmiz Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzidir, şəhid övladları, şəhid valideynləri gəlirlər, qürurla dimdik dayanaraq, mətin addımlarla irəliləyirlər.  

Qəribə və sentimental düşüncələr beynimə hakim kəsilir, onları elə izaholunmazdır ki, burada qələmə almaqda çətinlik çəkirəm.

Şəhid övladlarının üzlərindəki təbəssüm məni sevindirir, lakin o təbəssümün altında ata həsrətini də duymamaq mümkün deyil.

Diqqətimi hərbi formada dayanmış, donuq baxışlarla ətrafı süzən, bununla belə tez-tez şəhid ailələri ilə ünsiyyətə girən bir nəfər cəlb edir.

Yaxınlaşıb, özümü təqdim edirəm, müsahibə almaq istədiyimi söyləyirəm, düşünürəm ki, yəqin Birinci Qarabağ Müharibəsi iştirakçısıdır.

Özünü təqdim etdikdən sonra peşmançılıq hissi baş qaldırır, çünki sən demə bu şəxs xalq artisti Əli Nurdur.

Əli Nurun oğlu baş leytenant Rövşən Nurzadə Vətən müharibəsində şəhid olub, düzü bu haqda məlumatlı deyildim deyə bilmirdim.

Əli müəllim deyir ki, bura toplaşan uşaqlar torpaqlarımızın azadlığı uğrunda canından keçən hərbçilərimizin övladlarıdır.  

Danışarkən oğlunu xatırladığına görə kövrəlir, lakin özünü qəti itirmir və vüqarla, fəxrlə cümlələrinin davamını gətirir.

Xalq artisti Allahdan bütün şəhidlərə rəhmət diləyir, oğlunun da noyabrın 6-da Şuşada şəhid olduğunu bildirir və şəhid övladına müraciətlə bir beyt səsləndirir:

“Salam oğlum, Vətənə xidmət edən qəhrəman,

Daşaltıda düşmənə qan udduran Qəhrəman”

Bu beyt Əli Nurun şəhid övladına müraciətindən bir parçadır və məni də kövrəldir.

Babası ilə gələn şəhid baş leytenant Kamran Kazımovun övladlarına yaxınlaşıram, artıq kimisə danışdırmıram, axı üzlərindəki cizgilər atalarına aid bütün qürurlu informasiyaların gizləndiyi ən gözəl məkandır.

Hər birinin geyindiyi köynəyin üstündə atasının şəkli həkk olunub və başlarına qoyduqları papaqda “Mənim atam qəhrəmandır” yazılıb. Silahlı Qüvvələr Günündə bu, qüdrəti, gücü, mənəviyyatı, insanlığı, hissiyatı səciyyələndirən böyük və müqayisəyəgəlməz şüardır. Bu şüarı şəhid övladları üçün kim düşünübsə, ona da təşəkkür düşür.

Az sonra Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə yola düşürük, kolon şəklində avtomobillər hərəkət edir, avtomobillərin ön tərəflərindən dalğalanan Azərbaycan və Türkiyə bayraqları isə vətənpərvərlik hisslərimizi daha da gücləndirir.

Qardaşlığın əzəmətli görünüşü necə də heyrətləndiricidir, insanların sürətlə şütüyən kolona əl etmələri, kimisinin hərbi salam verməsi həm də qardaş Türkiyəyə dərin sevginin göstəricisidir.

Hərbi hissəyə çatırıq, tədbir başlayır, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, daha sonra şəhid övladları fəxrlə böyük ölçüdəki üçrəngli bayrağımızı açırlar və hərbi marş sədaları altında irəliləyirlər.

Sonra xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur və güləşçi Rəsul Cunayev çıxış edərək şəhid övladları ilə fəxr etdiklərini dilə gətirirlər.

İdmançılar şəhid övladları ilə birgə idman göstərişlərinə çıxır, ardınca elan olunur ki, şəhid övladları üçün gəmi gəzintisi də nəzərdə tutulub.

Hərbi Dəniz Qüvvələrinə məxsus nəhəng gəmi ilə dəniz gəzintisinə çıxırıq, burada qəhrəmanlarımızın yadigarları üçün müxtəlif əyləncələr nəzərdə tutulub.

Onlara hədiyyələr, bunun yedəyində hər birinə göyərçinlər verilir və onlar göyərçinləri dənizin üzərindəki səmaya buraxaraq sevinclərini gizlətmirlər.

Bir uşaq üçün ən yaxşı əyləncə, ən yaxşı gün... Allah hamısının atasına rəhmət eləsin, bizlər onların sayəsində ayaqdayıq və bizlərin də onlara bir vəfa borcumuz var...

Silahlı Qüvvələr Günümüz MÜBARƏK! Yaşasın müzəffər Azərbaycan Ordusu!

Aqşin Kərimov

FOTO: Tapdıq Abdullayev

0.15287017822266