Azərbaycan manatının ABŞ dollarına nisbətdə sabit saxlanılması sosial siyasətə müsbət təsir göstərir

 

Bu gün müzakirədə olan və hökumətin diqqət yetirdiyi prioritet sahələrdən biri iqtisadi subyektlərin qorunması, iqtisadiyyatın ağardılması və rəqəmsallaşmasıdır. Dünyada elan olunmuş pandemiya qlobal iqtisadiyyata öz mənfi təsirlərini göstərib və bu da öz növbəsində milli iqtisadiyyatlara təsir edib. Bir çox dünya dövlətləri artıq iqtisadi geriləmələrin, mövcud bazarların qorunması istiqamətində üzləşdikləri çətinliklərin qarşısını almaq və bununla bağlı əlavə tədbirlərin görülməsi üçün beynəlxalq maliyyə institutlarına müraciət ediblər. 

2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar ölkədə böyük müəssisələr və iqtisadi infrastruktur formalaşdırmışdır ki, bu da öz növbəsində 2019-cu ilin iqtisadi göstəricilərinin ən yüksək səviyyədə, həmçinin həmin il üçün dövlət büdcəsinin 28 mlrd. manat civarında olmasına gətirib çıxarıb. Eyni zamanda 2019-cu ildə ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81681,0 milyon manata çatıb və bununla da əhalinin hər nəfərinə düşən ÜDM 8247,0 manat olub. 

Ötən il pandemiya dövründə ölkə prezidenti “Sağlam cəmiyyət güclü dövlət deməkdir” prinsipi ilə insan sağlamlığını prioritet elan etməklə yanaşı, həm də ölkə iqtisadiyyatının daha səmərəli idarə olunması, formalaşmış bazarların qorunması, mövcud iş yerlərinin saxlanılması üçün hökumət qarşısında çox ciddi tapşırıqlar qoyub. 

COVID-19 pandemiyasının gətirdiyi məhdudiyyətlər beynəlxalq maliyyə və xarici valyuta bazarlarına əməli təsir göstərmiş və bundan irəli gələrək Azərbaycanla qonşu dövlətlərin hal-hazırda milli valyutalarının məzənnəsinin dəyişməsi ölkəmizdə süni inflyasiyanın yaranmasına şərait yaratmaqdadır.

Bir çox iqtisadçılar, ekspertlər tərəfindən ifadə olunan narazılıqlara baxmayaraq, Azərbaycan hökuməti ölkə prezidentinin rəhbərliyi ilə aparılan düzgün monetar siyasət nəticəsində bu günə qədər Azərbaycan manatının ABŞ dollarına nisbətdə 1.7 AZN-də saxlanılmasına nail olub. Beləliklə, həqiqətən də xalqımız bu sahədə həyata keçirilən siyasətin özünü doğrultduğunun şahidi olur. 

Eyni zamanda nəzərə alsaq ki, Azərbaycanda idxal həcmi ixracı dəfələrlə üstələyir, aparılan uğurlu monetar siyasət, məzənnənin stabil saxlanılması iqtisadiyyatla yanaşı, əhalinin sosial vəziyyətinə də dəyə biləcək zərərlərin qarşısını alır. 

Bu gün dünya bazarında bahalaşma müşahidə olunur. Xüsusilə, dünyada neftin qiymətinin əvvəlcə verilmiş proqnozdan daha artıq olması, bundan sonra da bir çox sahələrdə bahalaşmanın davam edəcəyinin göstəricisi ola bilər. 

Ölkə daxilində də bir çox ərzaq, qida, tikinti və s. məhsullarının qiymətlərində bahalaşma müşahidə olunsa da, hökumətin əvvəlcədən həyata keçirdiyi düzgün maliyyə və bank siyasəti vəziyyəti nəzarətdə saxlamağa imkan verir. 

Milli Bankın rəhbərliyinin bu mövzu ilə əlaqədar açıqlamalarına istinad edərək qeyd etmək istəyirəm ki, ölkədə manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi əlverişli makroiqtisadi mühitdə sabit vəziyyətdədir və bu sabitliyi qoruyub saxlamaq üçün kifayət qədər maliyyə ehtiyatı mövcuddur. 

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası 
Milli Məclisinin deputatı

0.15222978591919