Dünya liderlərinin təbrikləri - Azərbaycanın artan nüfuzunun göstəricisi - ŞƏRH

 

Mayın 28-də Azərbaycanın parçalanmış tarixi torpaqlarının bir hissəsində milli dövlətin qurulmasının 103-cü ildönümdür. Builki Respublika Günü əvvəlkilərdən fərqlənir. Bu il ötən illə müqayisədə ilk dəfə Azərbaycan vətəndaşları Qarabağın işğaldan azad edilməsini bir-birinə arzu etməyəcək.

Qarabağın işğalı uzun illər Azərbaycanın və bölgənin inkişafına, təhlükəsizliyinə mane olub. Qarşıdan gələn illərdə Ermənistanın və havadarlarının işğalından təmizlənən Azərbaycanın bu ərazisində quruculuq işlər davam edir. Bölgəyə sakinlərin qayıdışı da uzaq deyil. Odur ki, qarşıdan gələn illərdə Qarabağ və işğaldan azad edilən torpaqlar da regionun tərrəqisində iştirak edəcək. Ermənistanın işğalı səbəbindən əvvəllər təhlükəsizliyi təhdid edən Azərbaycanın bu ərazisi bundan sonra sülh, anlaşma, rifah, əmin-amanlığın təminatçısı kimi çıxış edəcək. Çünki Qarabağ və ətraf rayonlar Azərbaycandır!

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk dövlət, bütövlükdə Şərqdə isə ilk dəfə yaradılan demokratik dövlətlərdəndir. 1920-ci il aprelin 28-də işğaldan sonra bu dövləti unutdurmağa çalışdılar. Ancaq haqq-ədalət öz yerini tapdı. 31 ildir Azərbaycan Respublika Gününü rəsmi olaraq qeyd edir. 1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Prezident İlham Əliyevə ünvanladığı məktubda COVID-19-a qarşı Azərbaycanın apardığı mübarizəyə qiymət verilib: “Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına və Zati-alinizə təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm”.

Çin Xalq Respublikasının Sədri Si Cinpin təbrik məktubunda “Bir kəmər, bir yol” müştərək layihə üzrə əməkdaşlığın dərinləşməkdə davam etməsinə, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə əldə olunan nəzərəçarpacaq nəticələr barədə vurğulayaraq bildirib: “Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram”. ÇXR Sədri məktubda daha sonra qeyd edib: “Hazırda Çin-Azərbaycan münasibətlərində fəal inkişaf dinamikası müşahidə olunur. Ölkələrimiz hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləyir”.

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen təbrik məktubunda bildirib: “Bu Dünyanı çağırışlarla üz-üzə qoyan belə bir zamanda Sizə şəxsi əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və dinc gələcək dolu ən gözəl arzularımı çatdırıram”. Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda COVID-19 pandemiyasının hamı üçün misli görünməmiş bir problem olduğunu etiraf edərək yazıb: “COVID-19 virusuna qarşı mübarizə istiqamətində birgə səylərimizi davam etdirməklə yanaşı, həm Sizə, həm hökumətinizə, eləcə də bütün Azərbaycan xalqına güc, cəsarət və cansağlığı diləyirəm”. İsveçin Kralı XVI Karl Qustav Prezident İlham Əliyevə məktub göndərərək dövlət başçısına və Azərbaycana uğurlar arzulayıb. İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudd və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudd Prezidenti İlham Əliyevə ünvalandıqları məktubda dövlət başçısına və Azərbaycana inkişaf və firavanlıq arzulayıblar. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycanın dövlət başçısına göndərdiyi təbrik məktubunda bildirib: “Qardaş ölkələrimizi bir-birinə bağlayan dostluq və əməkdaşlıq tellərini yüksək qiymətləndirdiyimi bildirir, qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə bu əlaqələrin bütün səviyyələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğumu vurğulamaq istəyirəm”. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktum məktublarında Prezident İlham Əiyevə və Azərbaycana firavanlıq və tərəqqi arzu ediblər.

Azərbaycan və Gürcüstan respublikaları yaranarkən və sovetlər dağılandan sonra oxşar talelər yaşayıblar. Bu baxımdan Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda iki ölkə arasında münasibətlərə toxunulub: “Gürcü və Azərbaycan xalqları öz dövlətçiliklərini bərpa etmək üçün bir çox çətinlik və faciələrdən keçiblər, lakin bu gün ölkələrimiz qürurla güclü və azad dövlət qurmaqda davam edirlər. Fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfəmi verməyə hazır olduğumu bir daha bildirirəm. Ümid edirəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qarşılayacağam və strateji tərəfdaşlığımızın daha da dərinləşməsi yollarını birlikdə müəyyənləşdirəcəyik”.

Ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Avropanın enerji şaxələndirilməsinə Azərbaycanın verdiyi töhfədir. Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayan dövlət başçıları və nüfuzlu dövlət xadimləri təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla göstərdikləri birgə səylərdən də bəhs ediblər. Bu baxımdan ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə göndərdiyi məktubda bu kimi məsələlərə xüsusi diqqət ayrılıb: “Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir”. Prezident Bayden Azərbaycanın Əfqanıstandakı missiyasından da bəhs edib: “Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq”. ABŞ-ın lideri Azərbaycanın ərazi bütövlüyü məsələsinə, münaqişəyə işarə edərək bildirib: “ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq. Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid edirəm”. Xatırladaq ki, Cozef Bayden martın 18-də Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə ünvanladığı təbrikdə də Azərbaycanın əhəmiyyətindən bəhs etmişdi: "Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır”.

Koreya Respublikasının prezidenti Mun Ce-in, Tacikistanın dövlət başçısı Emoməli Rəhmon, İndoneziya Respublikasının Prezidenti Coko Vidodo, Sinqapur Respublikasının Prezidenti Həlimə Yaqub, Mərakeşin Kralı VI Məhəmməd, Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markes, Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycanla ölkələrini birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini davam etdirmək istədiklərini vurğulayıblar.

Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Prezident İlham Əliyevə göndərdiyi məktubda bildirib: “Qardaş Azərbaycanın sosial-iqtisadi inkişafında və beynəlxalq arenada nüfuzunun artırılmasında Sizin rəhbərliyinizi və önəmli töhfələrinizi qeyd edərək, ölkənizin daha yüksək zirvələrə çatdırılması istiqamətindəki fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram. Əminəm ki, ölkələrimiz arasında ümumi mənəvi dəyərlərə və dostluğa, həmçinin strateji tərəfdaşlığa söykənən hərtərəfli qarşılıqlı faydalı əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək”.

Təbrik məktublarında Azərbaycan ərazisindəki keçmiş münaqişədən də bəhs edilib. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevə məktubunda bu məsələyə toxunaraq yazıb: “Ötən il baş vermiş hərbi toqquşmalardan sonra Qarabağ bölgəsindəki münaqişənin davamlı həlli istiqamətində siyasi və diplomatik irəliləyişlərin olacağına ümid edirəm. Əmin ola bilərsiniz ki, Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun üzvü kimi bunun üçün əlindən gələni əsirgəməyəcək”. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təbrik məktubunda da Azərbaycanın ərazi bütövlüyü məsələsi vurğulanıb: “Biz Azərbaycanı qədim və zəngin mədəni irsə malik olan ölkə, Sizin hərtərəfli düşünülmüş və uzaqgörən siyasətiniz sayəsində bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının səmərəli müdafiəsində və tarixi ədalətin bərpa edilməsində böyük uğurlar qazanmış dövlət hesab edirik, bundan sonra da sizi hərtərəfli dəstəkləməyə hazır olduğumuzu bildiririk”.

Yeri gəlmişkən, Xalq Cümhuriyyətinin 103-cü ildönümü ərəfəsində Bakıda səfərdə olmuş İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Prezident İlham Əliyevlə görüşdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib: “Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik”.

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdədir. Məktublarda Azərbaycana, onun dövlət başçısına arzular, vurğulanan istəklər müstəqilliyinin 30-cu ildönümündə dövlətin yalnız regionda deyil, dünyada çəkisinin və rolunun artmasını təsdiqləyir. Təbrik məktublarında Azərbaycanın öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanmış dövlət olduğu vurğulanır.

Beləliklə, bu yaz əvvəlkilərə bənzəmir. Ərazi bütövlüyünü bərpa edib torpaqlarını işğalçıdan təmizləyən Azərbaycan dünya üçün etibarlı əməkdaş, təhlükəsizliyin təminində iştirak edən təcrübəli dövlət, iqtisadi və energetika sahələrində aparıcı tərəfkeşdir. Torpaqları azad Azərbaycan, Respublika Günün mübarək!

0.21955895423889