Xəyanətin 30 illik pərdəarxası - Şuşanı ermənilərə satanların davası - VİDEO

 

"Mənə məruzə etdilər ki, ermənilər Şuşanı ələ keçiriblər. Bu xəbər məni yenə sarsıtdı.  Bu böyük bir dəhşət idi. Bu, böyük bir fəlakət idi. Bu hərəkət -hərbi qüvvələrin, müdafiə qüvvələrinin heç bir müqavimət göstərmədən, nəyə görəsə Şuşanı belə asanlıqla tərk edib ermənilərə verməsi mənə qarşı yox, Azərbaycan rəhbərliyinə qarşı yox, Azərbaycanın qəhrəmanlıq tarixinə, Azərbaycan xalqının bu gününə və gələcəyinə böyük satqınlıq, xəyanət, alçaqlıq - və nə desəniz buna aid məfhumları burada işlətmək olar, -idi. Mən buna ayrı qiymət verə bilmirəm və vermək mümkün deyil.   

Məni narahat edən fikrimi, ürəyimi, mənliyimi didən odur ki, Daşaltıda olan satqınlıq, xəyanət, Xocalıda olan xəyanət, şərəfsizlik, Malıbəylidə, Quşçularda olan xəyanət  mənəviyyatımızı, xalqımızın mənəviyyatını, bizim tariximizi, bu günümüzü və gələcəyimizi belə xəyanətkarlıqla damğalayanlar... Bunlar aşkar olunmalıdır. Xalq bunları bilməlidir və nəhayət, öz sözünü deməlidir. Bunlar öz layiqli cəzasını almalıdır. Bu bizim tariximiz üçün də, bu günümüz üçün də, gələcək nəsillərimiz üçün də vacibdir".

Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun Şuşanın işğalı ilə bağlı 1992-ci ilin mayın 12-də AzTV-nin canlı efiri vasitəsilə xalqa müraciətində belə demişdi.

... Bu xalq tarixinə düşən qara ləkənin ağrı-acısını illərlə çəkdi. Azərbaycanın qəhrəman övladlarının canı-qanı bahasına və Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi hesabına nəhayət, 28 il sonra ilk dəfə 8 may tarixini Şuşanın işğalı günü kimi qeyd etmədik. Üzərindən 5 aydan artıq bir müddət keçməsinə baxmayaraq Qarabağın döyünən ürəyi, mirvarisi, musiqi və incəsənət beşiyi, millətimizin mədəniyyət və mənəviyyat paytaxtı olan Şuşanın işğaldan azad edilməsi ilə bağlı Prezident İlham Əliyevin o tarixi çıxışını hər xatırladıqca ilk günki kimi həyəcanlanmamaq mümkün deyil.

Şuşa Azərbaycanın ən qədim tarixə malik şəhəri, mədəniyyət beşiyi olmaqla yanaşı, strateji əhəmiyyətinə görə də hər zaman düşmənə gözdağı olub.

İkinci Qarabağ müharibəsi zamanı hər kəsə məlum idi ki, Şuşanın azad edilməsi müharibənin taleyini həll edəcək. Gözlənilən kimi də oldu. Azərbaycan Prezidentinin müharibənin ilk günlərindən başlayaraq hər müraciətində Ermənistan hökümətinə təslim olub, Azərbaycan torpalarından geri çəkiləcəkləri halda savaşı dayandırcağı barədə çağırışlarına Nikol Paşinyan hakimiyyəti məhəl qoymadı. Lakin, Azərbaycan Ordusunun uğurlu hücum planı nəticəsində dünya hərb tarixinə düşəcək süngü bıçaq, tapança ilə həyata keçirilən əməliyyatla alınmaz qala adlandırılan Şuşa fəth edildi. Düşmən dərhal Azərbaycan Prezidentinin təslim çağırışına adekvat cavab verərək Ermənistanın kapitulyasiya aktı da adlandırılan 10 noyabr üçtərəfli bəyanatını imzalamaq qərarı verdi.

Bəli, Azərbaycan əsgəri düşməni buna məcbur etdi. Çünki Şuşanın gerçək sahibi olan Azərbaycanın nəzarətinə keçməsi Dağlıq Qarabağın digər işğalda olan ərazilərinə nəzarətin də tamamilə Azərbaycanın əlinə keçməsi demək idi. Şuşa zəfəri ilə Paşinyan anladı ki, ən çox güvəndiyi alınmaz qalada qərarlaşan mövqeləri darmadağın edilərək Azərbaycan əsgərinin nəzarətinə keçdisə, Ermənistan ordusu faktiki olaraq artıq mövcud deyil. Bu tarixi qələbədən cəmi bir gün sonra Ermənistanın kapitulyasiya aktına imza atması II Qarabağ müharibəsinin taleyini Şuşa uğrunda döyüşlərin həll etdiyini təsdiqləyən faktordur.

Azərbaycan ordusunun ərazilərimizin azad olunmasığı uğrunda apardığı 44 günlük müharibənin və əldə etdiyi şanlı qələbənin kulminasiyası heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi oldu. Azərbaycan ordusu bir aydan bir az çox çəkən döyüşlər zamanı ağlasığmaz şücaət göstərərək cənub istiqamətindən qala-şəhərin həndəvərinə qədər irəliləməyi bacardı.

Döyüş əməliyyatlarının başa çatmasından sonra dünyanın müxtəlif ölkələrindən hərbi ekspertlər təsdiq edirlər ki, Şuşa əməliyyatı müstəsnadır və dünya hərb tarixində qalacaq, eləcə də hərb elminə dair dərsliklərə salınacaq. Erməni ordusunun komandirləri və düşmən siyasətçiləri də etiraf edirlər ki, məhz Şuşanın alınması Ermənistanın faktiki olaraq Azərbaycanın diqtə etdiyi şərtlərlə razılaşmasına səbəb oldu.

1992-ci ilin mayında Şuşanın işğalına rəhbərlik etmiş "komandos" ləqəbli Arkadiy Ter Tadevosyanın Şuşanın doğma sahibinə qayıtdığını eşidib, buna dözə bilməməsi - cəmi 4 ay sonra (31 mart 2021 ci ildə) gəbərməsi alınmaz qalanın Ermənistanın "dənizdən dənizə böyük Ermənistan" planında vurulan ən böyük zərbə olduğunu təsdiqləyən amildir.

Şuşanın azad olunması ilə Azərbaycan faktiki olaraq ərazi bütövlyünü təmin etdisə, bu əməliyyatla otuz illik işğala son qoyuldusa, bəs 1992-ci ilin mayında alınmaz qala Şuşanı erməni qəsbkarları necə işğal edə bilmişdi?

Bəli, Şuşa o zaman məhz xəyanətin qurbanı olmuşdu! Yerli sakinlərin dediklərinə istinad etsək 1992-cil ilin may ayının əvvəlində şəhər əhalisinin əhval-rühiyyəsi yüksək olub. Onlar Şuşanı tərk etmək barədə fikirləşməyiblər belə. Ermənilər şəhərə hücum edəndə əsas problem silah çatışmazlığı oldu. Qeyri-bərabər döyüşdə şəhəri yalnız könüllü batalyonlar qorumağa çalışdılar. Lakin o zaman riyaziyyat müəllimi, hərbi sahədə heç bir bilik və təcrübəyə malik olmayan, bacarıqsız müdafiə naziri Rəhim Qazıyevin yarıtmazlığı üzündən pərakəndə aparılan döyüşlər, daxili hərc-mərclik Şuşanın müdafiəsini olduqca çətinləşdirdi.

Rəqəmləri biraz da araşdırsaq görərik ki, Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid oldu, 165 nəfər yaralandı. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi. Şəhərin 58 sakini itkin düşdü. Artıq şəhər sakinləri hökumətə inanmırdı. Buna səbəb həm Şuşada, həm də az əvvəl Xocalıda baş verən soyqırımı idi. Bununla belə, Şuşanı tərk etmək istəməyən sakinlər məcburən şəhərdən çıxarıldı. Beləcə, əsrlərdən bəri alınmaz qala kimi düşmən hücumlarına mətanətlə sinə gərən Şuşa ermənilərin əsiri oldu. Məhz belə bir vaxtda Rəhim Qazıyevin başçılıq etdiyi Müdafiə Nazirliyindən isə bildirirdilər ki, Şuşaya hücum xəbəri yalandır. Beləcə, bu qədim şəhər məhz xəyanətin qurbanı oldu. Prezident İlham Əliyevin dediyi kimi, AXC-Müsavat cütlüyü Şuşanı bu yolla faktiki olaraq düşmənə təhvil verdi. Səbəb isə heç şübhəsiz, AXC-Müsavat cütlüyü hakimiyyət hərisliyi idi. O vaxt Azərbaycan müdafiə naziri vəzifəsini icra edən Rəhim Qazıyev məhz AXC-Müsavat cütlüyünün törəməsi idi. O demişdi: "Əgər Şuşa əldən getsə, başıma güllə çaxacağam". Amma hələ də ailə-məişət münaqişələri ilə gündəmə gəlməyi bacarır. Beləcə, satqınların bu planları baş tutur,  AXC-Müsavat cütlüyü öz çirkin niyyətlərinə çatır. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılır və hərbi çevriliş nəticəsində AXC-Müsavat dövlətin başına keçir. Şuşanı faktiki olaraq ermənilərə bağışlayan AXC-Müsavat 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verir.

Bu barədə çox faktlar var, sadalamaqla da bitməz. Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun Şuşanın işğalı ilə bağlı 1992-ci ilin mayın 12-də AzTV-nin canlı efiri vasitəsilə xalqa müraciəti də torpaqlarımızın işğala məruz qalmasının pərdəarxasını açıq-aydın üzə çıxaran faktlardan biri kimi arxiv materialları arasında yer alır.

Nəhayət, 2020-ci ilin noyabrında Həydər Əliyev siyasi kursunun ugurlu davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun Şuşanı canı-qanı hesabında düşməndən azad etməsi Azərbaycan xalqının uzun illərdir qaysaq bağlasa da qanayan yarasını sağaltdı. Şuşa fatehi kimi adini tarixə yazdıran Ali Baş Komandanın Dəmir yumruq əməliyyatı qəhrəman Azərbaycan əsgər, zabut heyyəti tərəfindən uğurla icra edildi, işğalçılar Şuşadan iti qovan kimi qovuldular. Və nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Bu möhtəşəm tarix 1990-cı illərin əvvəllərindən fərqli olaraq, iradəli, qətiyyətli və güclü rəhbərinə inanan xalqın birliyi və eləcə də nizamlı, peşəkar Azərbaycan Ordusu tərəfindən  yazıldı.

Təhməz Əsədov
Demokratikmusavat.com

0.24605798721313