Əhməd Vəliyevin qızının bankı ağır vəziyyətdə - ARAŞDIRMA

 

Yazıya keçməzdən öncə bildirək ki, “Muğan Bank”a “ağsaqqallıq” edən Ə.Vəliyevin qudaları Mehtiyev Maqbet Rəhim oğlu (12.14%) və Meytiyeva Fəridə Cahandar qızı (10.52%) sözügedən bankın səhmdarlarıdır. Ə.Vəliyevin qızı Vəfa Mehtiyeva isə bankın 11.17% səhmdarıdır. Yəni, V.Mehtiyeva qayınanasından (0.65%) daha çox səhmə sahidir. Ə.Vəliyevin kürəkəni, Mehtiyev ailəsinin oğlu Elmir Mehdiyev isə 66.17% səhmlə bankın ən böyük səhmdarıdır. Ə.Vəliyev isə sabiq deputat, Odlar Yurdu Universitenin rektorudur.
“Kommersant.az” bankın hesabatına istinadən xəbər verir ki, 29 illik fəlaiyyətin nəticəsində “Muğan Bank”ın yığılmış zərəri 67 milyon 730 min manatdır. Sözügedən zərər son 1 ildə isə 27 milyon 752 min manat və ya 69.4% artıb.

Cədvəldən də göründüyü kimi bankın yığılmış zərəri hər il müntəzəm olaraq artır. Belə ki, bankın zərəri 4 il ərzində 48 milyon 534 min manat və ya 3.5 dəfə artıb. Bundan başqa isə bankın cəmi kapitalı 21 milyon 493 min manat və ya 37.5% azalaraq 35 milyon 836 min manata enib.

2020-ci ilin yekununda 408 min manat mənfəət əldə edən “Muğan Bank”ın cəmi aktivlərə görə (ROA) faiz gəlirliyi 0,11% təşkil edib. Yəni, bank 598 milyon manatın qarşılığında cəmi 0,11% gəlir əldə edib.

Xatırladaq ki, Azərbaycan banklarında yerləşdirilən manat əmanətləri ən azı 8%-dən başlayır. Avropa ölkələrində isə bu rəqəm 1%-dir. Yəni, Mehtiyev ailəsi əldə olan vəsaiti yerli və ya avropa banklarında əmanət olaraq yerləşdirsəydi, daha artıq gəlir əldə edə bilərdi.

“Muğan Bank”ın kapitala görə əldə etdiyi faiz gəlirliyi də 1%-i ötə bilməyib. Belə ki, bankın kapitala görə əldə etdiyi gəlir (ROE) 0,8% olub.

Qeyd edək ki, 2020-ci ilin sonunda “Muğan Bank”ın xalis mənfəəti 707 min manat olsa da, bölüşdürülməmiş mənfəəti -23 milyon 679 min manat olub. Bölüşdürülməmiş mənfəətin müsbətə çıxa bilməsi üçün bankın daha 22 milyon 972 min manata ehtiyyacı var.

Sözügedən bankda fiziki şəxslərin əmanətləri 1 il ərzində 29 milyon 973 min manat azalıb. Buna görə də bankın depozit portfeli 2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ilin sonunda 69 milyon 773 min manat azalıb. Bu azalmada fiziki şəxslərlə yanaşı hüquqi şəxslərin də payı var. Belə ki, hüquqi şəxslərin “Muğan Bank”dakı əmanətləri 1 il ərzində 26 milyon 67 min manat azalaraq 69 milyon 382 min manata enib.

“Muğan Bank”ın istehlak kreditləri 1 il ərzində 33 milyon 257 min manat və ya 60.5% azalaraq 21 milyon 684 min manata, biznes kreditləri isə 5 milyon 200 min manat və ya 2.5% azalaraq 203 milyon 202 min manata düşüb.

Bütün bunların fonunda isə “Muğan Bank” ikili hesabat açıqlayıb. Belə ki, ilk açıqlanan hesabatda sözügedən bank 10 milyon 182 min manatlıq məcmu kapital açıqlamışdı. Bu isə banklar haqqında qanunun 3.2 maddəsinə görə bankın lisenziyasının ləğv olunması ilə nəticələnir.
Daha sonra məcmu kapitalına düzəliş edən “Muğan Bank” 91 milyon 696 min manat tutumlardan sonra məcmu kapitala sahib olduğunu elan edib. Bununla yanaşı bank hər iki göstəricini öz rəsmi saytında maliyyə hesabatlarında hələ də saxlayıb.

Ə.Vəliyevə yaxın bankın bundan sonrakı taleyi bu göstəricilərə görə sual altında qalır.

Qeyd edək ki, Elmir Vəliyev Əhməd Vəliyevin qızı Vəfa Mehtiyevanın həyat yoldaşıdır.

0.17229104042053