Şagirdlər intihar edir: məktəb psixoloqları hara baxır?

 

Məktəblilər arasında intihar halları durmadan artır. Sonuncu hadisə - 12 yaşlı məktəblinin intiharı hər kəsi sarsıtdı. Bir çox insan bu intiharların səbəbini məktəblilərin psixoloji sarsıntı keçirməyinə bağlayır. Bəs görəsən, məktəblərdə çalışan psixoloqlar bu intiharların qarşısını almaq üçün niyə tədbir görmürlər?

Təhsil eksperti Kamran Əsədov Axar.az-a müsahibəsində məktəblərdə fəaliyyət göstərən psixoloqlar və intihar mövzusu haqda danışıb.

- Kamran müəllim, sizcə, məktəblərdə psixoloq vəzifəsini icra edənlər şagirdlərə niyə psixoloji dəstək göstərmirlər?

- Ümumiyyətlə, təhsil sahəsində olan problemlərdən biri, bəlkə də ən aktualı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Son illər bununla bağlı bir çox tədbir görülür. Bu tədbirlərin nəticəsində artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də barmaqarası yanaşır. Məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, orta məktəblərdə çalışan psixoloqların özünə psixoloq lazımdır.

- Bu sahəyə məktəblərimizdə niyə laqeyd yanaşırlar? Hətta valideynlər belə bəzən məktəblərdə psixoloqun olmasından xəbərsiz olurlar.

- Birinci səbəb odur ki, məktəblərdə psixoloq ştatı yenidir və hələ tam oturuşmayıb. Bu barədə cəmiyyət tam şəkildə maariflənmədiyi üçün valideynlər hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. İkinci bir tərəfdə psixoloq ştatının olması, ancaq psixoloqların psixoloji işi aparması üçün şəraitlərinin olmamasıdır. Çünki bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək, öz işləri ilə yanaşı başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar. Orta məktəbdə çalışan psixoloqları təlimlərə, treninqlərə mütəmadi cəlb etmək lazımdır. Çünki orda, uşaqlarla yanaşı yeniyetmələr də var. Və onların da içərisində elə uşaqlar var ki, psixoloji rahatsızlıqları ilə yanaşı həm davranış, ünsiyyət problemləri var, həm də çətin tərbiyə olunan uşaqlardırlar. Orta məktəb psixoloqları da bilməlidirlər ki, nə formada işləmək lazımdır, onlar bu haqda bilgilənməlidir.

- Məktəblilər arasında intihar hallarının artmasını məktəb psixoloqlarının fəaliyyətsizliyinə bağlamaq olarmı?

- Xoşagəlməz fakt odur ki, son vaxtlar baş verən intiharların çoxluğunu orta məktəb şagirdləri təşkil edir.

Birbaşa olmasa da, dolayısı ilə əlaqəsi var. Desək ki, orta məktəb psixoloqu işini görmür və uşaq intihar edir, bu, bir az etik olmaz. Valideyn uşağı ilə ünsiyyət və tərbiyə prosesini düzgün qurmaqda çətinlik çəkir, ailədaxili münasibətdə konflikt var və yeniyetmənin özünün fərdi daxili psixoloji problemi mövcuddur ki, onu vaxtında valideyn təyin edə bilmir. Uşaq əgər gündə dörd saat məktəbdə olursa, digər vaxtları evdə olur. Bu sırf psixoloqla bağlı bir məqam deyil. Burda valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır. Hər şeyi psixoloqdan gözləmək düzgün deyil.

- Məktəbdəki psixoloqların məsuliyyətli davranmaları üçün hansı tədbirləri görmək lazımdır?

- Onların orta məktəbdə ştat vahidini artırmaq olar. Yenə də deyirəm, şərait yaratmaq lazımdır və bunun müqabilində psixoloq da işini yaxşı bilməlidir ki, uşaqlarla işini görə bilsin. Yəni konkret olaraq psixoloqun öz otağı olmalıdır ki, fərdi söhbətlərlə yanaşı, ailə ilə də söhbətlər edə bilsin.

Qeyd edək ki, son vaxtlar məktəblilər arasında intihar halları durmadan artır. Son olaraq Ağdaşda 12 yaşlı məktəbli intihar edib.

0.20638918876648