Professor: Piter forumu Azərbaycanın təmsil olunduğu...

 

Rusiya Federasiyasının mədəniyyət paytaxtı olan Sankt-Peterburqda Beynəlxalq Mədəniyyət Forumu keçirilib. Tədbirdə Azərbaycanı görkəmli mədəniyyət və incəsənət xadimlərinin daxil olduğu nümayəndə heyəti təmsil edib.

Kult.az xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev forumun mahiyyəti, məqsədi və nəticələri barədə təəssüratlarını Azərtac-ın müxbiri ilə bölüşüb. Həmin müsahibəni təqdim edirik.

-Timuçin müəllim, məlumdur ki, Azərbaycan son illər müxtəlif irimiqyaslı beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi edir, eyni zamanda, mötəbər beynəlxalq tədbirlərdə təmsil olunur. Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun məqsədi nə idi?

-Doğrudur, Azərbaycan son illər müxtəlif irimiqyaslı beynəlxalq tədbirlər, forumlar təşkil edir, dünyanın müxtəlif ölkələrində keçirilən analoji tədbirlərə qatılır. Bu tədbirlər Azərbaycan dövlətinin xalqlar, ölkələr və bütövlükdə insanlar, icmalar və cəmiyyətlərarası anlayışın, dostluğun formalaşmasının, sülhün bərqərar olması və bununla da multikultural prinsiplərə sadiq qalmasının parlaq nümunəsidir. Bakı Beynəlxalq Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər dünya səviyyəli tədbirlər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artmasına xidmət edib. Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu isə mədəniyyət və incəsənət xadimlərinin bir araya gəldikləri geniş diskussiya, fikir və təcrübə mübadiləsi meydanlarından biridir. Tədbiri giriş sözü ilə açan, Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinski Forumun başlıca məqsədinin iştirakçı ölkələrin və dünya ictimaiyyətinin həyatında konstruktiv mədəni inkişafın fəal qüvvəsinin əsas istiqamətlərini formalaşdırmaq olduğunu bildirdi. Bununla belə, Forumun hədəfləri sırasında bəşəriyyətin mədəni irsinin qorunub saxlanılması və artırılmasına yönəlmiş milli, dövlətlərarası və qlobal proqramların işlənib hazırlanması və tətbiqi də diqqətimizi cəlb etdi. Forum, qarşısına qlobal və lokal səviyyələrdə müasir cəmiyyətin inkişafına müsbət təsir göstərə biləcək yeni səmərəli mexanizmlərin yaradılmasını təmin etmək kimi hədəf də qoymuşdu. Forumun açılış mərasimində Rusiya Federasiyasının prezidenti Vladimir Putin öz çıxışında tədbir iştirakçılarına müraciətlə bildirdi: “Siz heç bir tərcümə tələb etməyən incəsənət dilində danışırsınız. Sizin istedadınız, qəlbinizin genişliyi, peşəkarlığınız quruculuq, yaradıcılıq və xeyirxahlığa sövq edir, dünyamıza ruh yüksəkliyi bəxş edir, onu nəcibliklə və güclü mənəviyyatla zənginləşdirir. Təsadüfi deyildir ki, incəsənət xadimləri - rəssamlar, şairlər, aktyorlar, musiqiçilər cəmiyyətdə böyük nüfuz sahibidirlər”. Bu sözlər forum iştirakçılarının nə qədər böyük nüfuz və qüvvəyə malik olduqlarını bir daha təsdiqləyir.

-Bu il keçirilən altıncı forumun əhatə etdiyi coğrafiya və keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?

-İlk növbədə, qeyd etmək vacibdir ki, builki foruma rekord sayda - yüzədək ölkədən 35 min iştirakçı, min əcnəbi qonaq, 30 ölkənin mədəniyyət nazirləri qatılmışdılar. Dünyanın müxtəlif ölkələrindən təşrif buyurmuş mədəniyyət xadimləri, o cümlədən teatr, kino, xoreoqrafiya, musiqi, rəssamlıq, ədəbiyyat, təhsil, turizm və digər sahələrin mütəxəssisləri burada həm öz milli mədəniyyətlərini təmsil etmək, həm də dünya klassik irsi ilə təmasda olmaq imkanı əldə etmişdilər. Nümayəndə heyətimizin üzvləri ayrı-ayrı seksiyalarda öz peşələrinə uyğun çıxışlar edərək Azərbaycanın mədəniyyətin müxtəlif sahələrində əldə etdiyi uğur və nailiyyətlərdən danışıblar.

- Sizin üçün Forum nə ilə yadda qaldı?

-Əvvəla onu qeyd etməliyəm ki, forum çox yüksək səviyyədə təşkil olunmuşdu. İstər açılış mərasimi və plenar yığıncaq, istərsə də seksiyalar, eləcə də bədii tədbirlər xüsusi zövqlə və peşəkarcasına hazırlanmışdı. Əlamətdar haldır ki, forum çərçivəsində şəhərin 167 məkanında 450 tədbir keçirilib. Bu tədbirlər arasında ən yaddaqalanı məşhur pedaqoq və xoreoqraf Marius Petipanın 200 illik yubileyi ilə əlaqədar 2018-ci ilin Rusiyada “Balet İli” elan edilməsinə həsr olunan “dəyirmi masa”nın təşkili və Sankt-Peterburqdakı Vaqanova adına Rus Baleti Akademiyasının rektoru, Rusiyanın xalq artisti, bu günlərdə Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçəcək Nikolay Tsiskaridze ilə görüşümüz oldu. Ümumiyyətlə, bu forum qloballaşma dövründə mədəniyyətin qorunması və gələcək nəsillərə çatdırılmasına xidmət edəcək yeni texnologiyalar, yeni tanışlıqlar, əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi perspektivlərinin müzakirəsi ilə yadda qaldı. Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu Azərbaycanın təmsil olunduğu dünya səviyyəli mədəniyyət tədbirlərindən biridir və onu Azərbaycan elmi, mədəniyyəti və incəsənətinin təbliği üçün yeni bir platforma kimi qiymətləndirirəm.

 

0.22807216644287