Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Methanol” MMC-nin baş direktorunun istehsalat məsələləri üzrə müavini Rəşad Əliyev “Report” İnformasiya Agentliyinə müsahibə verib:
- Bu il Metanol Zavodunda 250 min ton məhsul istehsalının nəzərdə tutulduğu qeyd olunmuşdu. Ötən müddət ərzində zavodun istehsal göstəriciləri hansı həcmdə olub? Builki istehsal planının neçə faizi yerinə yetirilib?
- SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol” MMC-in idarəçiliyi altında fasiləsiz və təhlükəsiz fəaliyyət göstərən Bakı Metanol Zavodu bu il istehsal planını 106% yerinə yetirərək planlaşdırılan 250 min ton metanol əvəzinə 265 min ton metanol istehsal etməyə müvəffəq olub.
- Metanol istehsalı üçün hansı həcmdə təbii qaz alınır?
- 2017-ci ilin istehsal planına görə, gündə 1,5-1,6 mln. kubmetr qaz alınır. Metanol istehsalında əsas xammal təbii qazdır və bu səbəbdən SOCAR fasiləsiz və plana uyğun həcmlərdə zavodu təbii qaz tədarükü ilə tam təmin edib. Bu və digər məsələlərdə təsisçi şirkətimizin dəstəyi zavodun uğurlu fəaliyyəti üçün birinci amillərdəndir.
- Bu ilin ötən dövründə istehsal olunan məhsulun hansı hissəsi ixraca yönəldilib? İxrac əsasən hansı ölkələrə həyata keçirilir?
- Metanol Zavodunda istehsal olunan məhsulun 95%-i ixraca yönəldilir. İxrac olunan ölkələr arasında Qərbi Avropa, Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələri üstünlük təşkil edir. Məhsulun ixracı SOCAR-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilir və effektiv logistika kanallarına üstünlük verərək satışını həyata keçirir.
- Hazırda metanolun satışında daxili bazarın payı nə qədərdir? Bu bazarın potensialını necə qiymətləndirirsiz? Daxili bazarda metanola tələbatla bağlı proqnozlarınız necədir? Gələcəkdə daxili bazarda satış həcminin artırılması planlaşdırılırmı?
- Azərbaycanın daxili bazarında metanolun satışı və bu bazarın inkişafı bizim strateji məqsədlərimizdən biridir. Hazırda daxili bazarda metanol satışı istehsal olunmuş metanolun 5%-ni təşkil edir. Bu yaxınlarda İqtisadiyyat Nazirliyinin və SOCAR-ın təşəbbüsü ilə emal sənayesinin inkişafı mövzusunda metanol bazarı iştirakçılarının forumu baş tutub. Tədbirdə əsas məqsəd metanolun daxili bazardakı istehlakçıları ilə əlaqələrin qurulması idi ki, bu yöndə artıq işlər başlayıb.
- Növbəti ilin iş planı müəyyənləşibmi? 2018-ci ildə hansı həcmdə metanol istehsalı nəzərdə tutulur? Planlaşdırılan həcm üçün nə qədər təbii qaz tədarük edilməlidir?
- 2018-ci ilin istehsal planına əsasən, 250-300 min ton illik istehsal planlaşdırılır və müvafiq olaraq 275-330 mln. kubmetr təbii qazın tədarükü nəzərdə tutulur.
- Metanol Zavodunun maksimal illik istehsal gücü nə qədərdir? İllik istehsal gücünün artırılması planlaşdırılırmı? Əgər planlaşdırılırsa, bu, nə vaxta nəzərdə tutulur və istehsalın artırılması istiqamətində hansı işlər görülür?
- Metanol Zavodunun maksimal illik istehsal gücü 650-700 min tondur. Cari beşillikdə illik istehsalın 500 min tona çatdırılması strateji hədəfimizdir. Məhsuldarlığın artırılması kompleks şəkildə həm təmirlərarası müddətin uzadılması hesabına təmin olunacağı planlaşdırılır, həm də texnoloji yeniliklərin tətbiqi vasitəsi ilə nəzərdə tutulur.
- Bu il zavodda profilaktik işlər həyata keçiriləcəkmi?
- Cari ilin noyabr ayından etibarən istehsal və təmir planına uyğun olaraq, zavodda əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub ki, bu da istehsal həcminin artmasına, istehsal qurğularının uzun müddətə təhlükəsiz, fasiləsiz fəaliyyətinə və müvafiq texnoloji risklərin qarşısının alınmasına imkan yaradacaq.
- Yaxın gələcək üçün strateji hədəfləriniz nələrdir?
- Strateji hədəflərimiz SOCAR-ın tərkibində dəyər zəncirinin inkişaf etdirilməsində effektiv nəticə vermək, daxili istehlakçıların yerli istehsal metanol ilə tam təmin edilməsi, maya dəyərinin endirilməsi, məhsuldarlığın artırılması, yeni məhsulların istehsalı, o cümlədən, son istifadəçilər üçün “Made in Azerbaijan” markası altında bazara çıxarılmasıdır.