Struktur islahatları cəmiyyətin digər sahələrinə də sirayət edəcək

 

"...Bu ilin ikinci rübündən başlayaraq mətbu orqanların maliyyələşdirilməsində yeni mexanizmlər tətbiq ediləcək"

  Müşfiq Ələsgərli: "Bu islahatlar təkcə dövlət orqanları ilə məhdudlaşmamalı, ölkənin digər strukturları da hökumətin kursuna uyğun islahatlara start verməlidir"

 Aydın Quliyev: "Aparılan elmi və praktiki təhlillər nəticəsində bu qənaətə gəlinib ki, belə islahatların həyata keçrilməsinə ciddi ehtiyac var"

 Ölkə Prezidentinin rəhbərliyi ilə son illər ölkəmizdə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilməkdədir. Dünyanın yeni inkişaf meyillərinə cavab verən bu islahatlar respublikamızın daha sürətlə inkişafına yönəlib. Dövlət idarəetmə sistemində başladılan islahatlar şübhəsiz ki, bu sahədə paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, dinamikliyə, mobilliyə, daha çevik, operativ idarəçilik mexanizminin formalaşmasına xidmət edir. İdarəetmə sistemi və icra mexanizmi sahələrində həyata keçirilən bu mühüm islahatlar qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır. Struktur islahatlarına xüsusi diqqət yetirən dövlət başçısı öz çıxışlarında dəfələrlə qeyd edib ki, bu islahatların aparılmasına ehtiyac var. Prezident vurğulayıb ki, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir: "Bəzi hallarda bir sıra qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz. Struktur islahatları mütləq aparılmalıdır. Biz daha səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən, struktur islahatları nəticəsində təmin etməliyik".

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə "dünyada ən islahatçı" ölkə imici qazandırmaqla yanaşı, həmçinin davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident yeni islahat istiqamətləri barədə danışarkən qeyd edib ki, indi struktur islahatı gözlənilir. Çünki idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü.

Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Prezidentin müəyyənləşdirdiyi yeni iqtisadi modelə uyğun olaraq institusional altyapı mütəmadi şəkildə yenilənir. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.

Dövlətimizin başçısının apardığı struktur islahatlar iqtisadiyyatın əsas prinsipi olan səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı Prezidentin tapşırıqlarına uyğun olaraq, məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatları institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir.

Struktur islahatların gətirəcəyi faydalardan biri də, ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.

Məsələyə media mənsublarının mövqeyini öyrənməyə çalışdıq. İlk həmsöhbətimiz Mətbuat İşçilərinin Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli oldu. M. Ələsgərli bizimlə söhbətində bildirdi ki, artıq islahatlara start verilib, atılan addımlardan da görünür ki, kifayət qədər innovativ dəyişikliklər həyata keçirilir: "Dünyada gedən inkişaf, texnologiyalar, yeni proseslər bu islahatların aparılmasına ehtiyacı daha da artırır. Əlbəttə, islahatları ölkənin ən iri idarəedici orqanı olan dövlət idarəetmə aparatından başlanılması həm də digər sahələr, o cümlədən də cəmiyyət üçün bir örnəkdir. Bu islahatlar indi keçrilməsə, inkişafın müəyyən mərhələsində dəyişikliklərə əlverişsiz bir şəraitdə məcburi qaydada, zərurətdən gedə bilərik. Amma indi hökumət özü üçün əlverişli bir məqamda, planlı şəkildə dəyişiklikləri edərək zamanı qabaqlayır. Hesab edirəm ki, bu islahatlar təkcə dövlət orqanları ilə məhdudlaşmamalı, ölkənin digər strukturları da hökumətin kursuna uyğun islahatlara start verməlidirlər. Bildiyiniz kimi, KİVDF-nin təklifləri əsasında Mətbuat Şurası media sahəsində islahatlara start verib. Məlumdur ki, ötən ilin sonunda KİVDF bəyan etdi ki, bu ilin ikinci rübündən başlayaraq mətbu orqanların maliyyələşdirilməsində də yeni mexanizmlər tətbiq ediləcək. İlk növbədə, onlayın medianın tələbatını nəzərə alınaraq, onların da layihələri maliyyələşdiriləcək. Bu özü də bir innovativ tutumlu dəyişiklikdir. Dövr elə bir mərhələyə yetişib ki, bu sahədə də yeniliklərin edilməsinə ehtiyac var. Təhlil və hesablamalar göstərir ki, çap mediasının saxlanmasına çəkilən xərclər hesabına onlayın media vasitəsilə baha böyük işlər görmək mümkündür. Belə hesab edilir ki, çap mediasına qoyulan investisyalar, tətbiq edilən proqramlar öz bəhrəsini verib, artıq ölkə daxilində ictimayi rəyin sabit saxlanmasında yerli media önəmli yerə malikdir. Lakin Azərbaycan elə bir dövlətdir ki, öz əraziləri, hüdudları ilə kifayətlənmir, həm də ölkəmiz dünyanın müəyyən siyasi, iqtisadi-maliyyə siyasətində rol oynayan dövlətdir, regional meqa-layihələrin iştirakçısıdır. Bu iştiraka uyğun olaraq da ona hücumlar, onun maraqlarına uyğun olmayan bəzi proseslər gedir. Buna adekvat olaraq, Azərbaycan həqiqətlərini daha müfəssəl şəkildə dünyaya çatdırılmasına ehtiyac var. Bütün bunları isə yalnız onlayn media ilə etmək mümkündür. Ona görə də hesab edilir ki, onlayın medianın da dəstəklənməsinə ehtiyac var. Yəni vurğulamaq istəyirəm ki, istər dövlət idarəçiliyi, istər özəl sahədə, istərsə də ictimayi-siyasi mühitdə islahatların keçrilməsinə ehtiyac var və bunun dövlət başçısı tərəfindən başladılması çox önəmlidir, ümid edirik ki uğurla başa çatdırılacaq".

"Bakı-Xəbər" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev bu xüsusda qeyd etdi ki, son həftələr həyata keçirilən islahatları ölkədə uzun illər davam edən islahatların tərkib həssəsi kimi dəyərləndirmək olar. O, bildirdi ki, əvvəllər biz digər sahələrdə bu islahatları müşahidə edirdiksə, indi islahatların yönü bir qədər dəyişib, diqqət mərkəzində idarəetmə sahəsidir: "Hesab edirəm ki, hədəflər düzgün seçilib, daha az məsrəflərlə daha çevik idarəetmə sistemi qurmaq tək bizim deyil, bütün dünyanın hədəflədiyi məsələdir. Bu islahatların uğurlu nəticələr verəcəyinə tutarlı əsaslar var, çünki ölkə prezidenti bu islahatları həyata keçirmək üçün möhkəm iradəyə malikdir. Aparılan elmi və praktiki təhlillər nəticəsində bu qənaətə gəlinib ki, belə islahatların həyata keçrilməsinə ciddi ehtiyac var. Prezident isə cəsarətli iradə nümayiş etdirərək, bu islahatlara start verib. Ona görə də məndə heç bir şübhə yoxdur ki, islahatlar uğurla nəticələnəcək. Amma bu məsələdə məmurların fəallığına ehtiyac var. Əgər məmur tənbəlliyinin qarşısı alınsa, məmurlar prosesə gərəkən dəstəyi verə bilsələr, hər kəs islahatların həyata keçrilməsində öz məsuliyyətini dərk etsə, əminəm ki, nəticələr daha böyük olacaq".

Baş redaktor islahatların mətbuat sahəsinə təsirlərindən danışarkən bildirdi ki, birbaşa olmasa da, islahatlar dolayısı yolla media sahəsinə də öz töhfəsini verəcək. A.Quliyevin qənaətincə, islahatlar çevik və səmərəli idarəetməyə səbəb olacaq ki, bu da dövlət idarəetmə strukturları ilə media arasında münasibətlərin daha çevik formatda qurulmasına gətirib çıxaracaq.

 Akif Nəsirli

[email protected]

0.18397998809814