“İşsizliyin tamamilə aradan qaldırılması iqtisadiyyata ziyan verə bilər”
Bakı. 2 noyabr. REPORT.AZ/ ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin deputatı Tahir Mirkişilinin “Report”a müsahibəsi:
- Bir neçə gün öncə ATƏT PA-nın payız sessiyasının iclası keçirildi. Necə qiymətləndirirsiniz?
- ATƏT PA ilə Azərbaycanın əlaqələri çoxtərəflidir. Yəni buna bir istiqamətdən baxmaq düzgün olmazdı. Azərbaycan nümayəndə heyəti ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləsi qaldırır, o cümlədən Ermənistan nümayəndə heyətinin dağıdıcı fəaliyyətinin qarşısını almağa çalışır. Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti orada iqtisadi məsələləri də qaldırır, müəyyən təkliflər verir. Siyasi məsələlərlə bağlı əməkdaşlıq, ölkələrarası əlaqələrin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilir. ATƏT PA-nın yay sessiyasında müəllifi olduğum multikulturalizmin demokratiyanın inkişafındakı rolu mövzusunda qətnamə layihəsi qəbul olundu. Bu, Azərbaycan dövlətinin, nümayəndə heyətinin ATƏT regionunda demokratiya və təhlükəsizliklə bağlı verdiyi töhfədir. Hesab edirəm ki, ATƏT PA ilə Azərbaycanın münasibətləri konstruktiv əməkdaşlığa söykənib.
- Ümumiyyətlə, ATƏT PA-da Azərbaycana münasibət necədir?
- Münasibətlər yüksək səviyyədədir. Azərbaycanın xarici siyasətdəki uğurunun mərkəzində ölkə Prezidenti İlham Əliyevin nüfuzu dayanır. Bu, çox önəmli məsələdir. İştirak etdiyimiz görüşlərdə bu məsələ daim vurğulanır. Bunun nəticəsidir ki, Azərbaycan nümayəndə heyətinin nüfuzu kifayət qədər yüksəkdir. Qarşıya qoyduğumuz hədəflərə, demək olar ki, çata bilirik.
- ATƏT PA-nın Avstriyadan olan prezidenti Kristine Muttonenin dəyişməsi və vitse- prezident George Tseretelinin prezident seçilməsi münasibətlərə necə təsir edəcək?
- Bu ilin oktyabrın 15-də Avstriyada parlament seçkiləri keçirildi. Xanım Kristina Muttonen Sosial demokratların namizədi olaraq kifayət qədər səs toplamadığına görə parlamentə təkrar seçilə bilmədi. Parlamentə seçilmədiyinə görə o, ATƏT PA-nın üzvü və prezidenti kimi də mandatını itirmiş oldu. ATƏT PA-da ən çox staja malik vitse-prezident Gürcüstan parlamentinin üzvü olan George Tsereteli prezident səlahiyyətlərini icra edəcək. O, işində peşəkardır. Münasibətlərimiz normaldır. Ümumiyyətlə, ATƏT PA-nın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin münasibətləri işgüzar səviyyədədir.
- Bəzən iddia olunur ki, beynəlxalq təşkilatlar Azərbaycanla bağlı məsələlərə ikili standartlarla yanaşırlar. Sizcə, doğrudanmı belədir?
- Beynəlxalq təşkilatların əsaslandığın müəyyən prinsiplər var. Bu prinsiplərə uyğun qərarlar verilir. Prinsiplər çoxşaxəlidir. Bəzən bunlar bir-biri ilə mübahisəli ziddiyyət də təşkil edir, sərhədləri müəyyən olunmur. Məsələn, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləri tez-tez səsləndirilir. Bu prinsiplərin sərhədlərinin bəzi sənədlərdə dəqiq müəyyən olunmaması beynəlxalq təşkilatların rəhbər şəxslərin sui-istifadəsinə yol açır. Hesab edirəm ki, qərar qəbul olunan zaman arqumentləşdirilmiş təkliflərə əsaslanmalıdır. Biz ATƏT PA-da buna nail ola bilirik. Yəni Azərbaycan nümayəndə heyəti ikili standartların, ölkəmizə qarşı qərəzin qarşısını ala bilir. Təbii ki, burada həmin təşkilatın rəhbərliyindən, həmin təşkilatın Azərbaycana münasibətindən çox şey asılıdır. Əslində məsələlərin çoxu iclas zallarında deyil, kuluarlarda və yaxud iclasa qədər həll olunur. İclas zallarında müzakirələr, səsvermə məsələnin görünən tərəfidir. Məsələlərin əksəriyyəti ikitərəfli görüşlərdə, səhnəarxasında həll edilir.
- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi necə düşünürsünüz, Azərbaycanın Avropa Şurasından çıxması realdırmı?
- AŞPA-da Azərbaycan əleyhinə qəbul olunan qətnamə göstərdi ki, həmin təşkilatda Azərbaycana qarşı çalışan qüvvələr səylərini konsolidosiya edə bilirlər. Amma bu bizə əsas vermir ki, meydanı tərk edək. Meydanı tərk etmək diplomatiyada zəiflik nümunəsi kimi qəbul olunur. Əslində, Azərbaycanın arqumentləri kifayət qədər güclüdür, haqq ölkəmizin tərəfindədir. Nəzərə alaq ki, əksər beynəlxalq təşkilatlarda Ermənistan nümayəndə heyətinin məğlub olmasına baxmayaraq, indiyədək heç bir təşkilatı tərk etməyib. Belə təşkilatlar müzakirə platformasıdır, belə yerləri boş qoymağımız ziyanımıza olar.
- Bəs əgər Azərbaycan çıxarılarsa...
- Bir var, ölkə çıxır. Bir də var təşkilat ölkəni çıxarır. Belə olan halda, təbii ki, çıxmaq lazımdır. Amma öz istəyimizlə, təşəbbüsümüzlə meydanı boş qoymaq xeyir gətirməz. Oradakı bəzi qüvvələrin də məqsədi bundan ibarətdir ki, Azərbaycan təşkilatdan çıxsın. Özləri də bilirlər ki, həmin qərarların əsası yoxdur. İstəyirlər ki, Azərbaycan AŞPA-dan çıxsın, meydanı boş saxlasın, Avropa Birliyi ilə münasibətlər korlansın. Azərbaycanın Avropa Birliyi ilə həyata keçirdiyi iqtisadi layihələrin qarşısını almağa çalışırılar. Heç bir halda mübarizədən kənarda dayanmaq olmaz, hər zaman mübarizə aparmaq, arqumentlərlə çıxış etmək lazımdır. Bu gün olmasa da, sabah yenidən nəticəyə nail olmaq mümkündür.
- Hansısa beynəlxalq təşkilat Azərbaycanla bağlı mənfi rəy verəndə, deyilir ki, bu məsələdə erməni lobbisinin rolu böyükdür? Doğrudanmı, erməni lobbisi güclüdür?
- Azərbaycana qarşı çıxış edən insanların sayı o qədər də çox deyil. Bu şəxslərin də erməni lobbisi tərəfindən ələ alınması çətin deyil. “Erməni lobbisi bu qədərmi güclüdür” sualının yaranmasını başa düşürəm. Proseslərin sonunda bu sual yaranır. Bura Azərbaycanı istəməyən qüvvələr də daxildir. Bəllidir ki, erməni lobbisi güclüdür, dayaqları möhkəmdir, maliyyə imkanları genişdir. Azərbaycanı istəməyən bəzi qüvvələr var ki, onlar da bəzən ermənilərlə birləşirlər, əməkdaşlıq edir. Çünki Azərbaycana qarşı belə bir qüvvənin olduğunu gördükləri zaman daha da güclənmələri üçün ermənilərdən istifadə edirlər. Ona görə əksər məsələlərin arxasından erməni lobbisi, onların əməkdaşlıq etdiyi şəxslər çıxır. Burada həm də erməni lobbisindən daha çox Azərbaycanı istəməyən qüvvələrin səylərini konsolidasiya etmələridir.
- Siz Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüsünüz, AŞPA-da Azərbaycan əleyhinə qətnaməyə Türkiyənin bəzi deputatları da səs veriblər... Bundan başqa, bir qrup Türkiyə vətəndaşı Dağlıq Qarabağa qanunsuz səfər ediblər. Bütün bunlar ölkələrarası münasibətə necə təsir edə bilər?
- Türkiyə cəmiyyətində Türkiyənin özünün dövlətçiliyinə, milli maraqlarına qarşı çıxan qüvvələr var. Ötən ilin 15 iyulunda baş verən dövlət çevrilişinə cəhd hadisəsindən sonra minlərlə insan həbs edildi, işdən çıxarıldı. Bu qədər insanın Türkiyə dövlərinə qarşı xəyanət etməsi deməyə əsas verir ki, onlardan bir neçəsinin Azərbaycana qarşı da xəyanəti gözləniləndir. Bu, bizdə təəccüb doğurmur. Çünki bir insan ki, öz vətəninə, ölkəsinə xəyanət edirsə, digər ölkəyə də bunu etməsi təəccübləndirici deyil. Türkiyədə müəyyən qüvvələr var ki, Azərbaycana qarşı fəaliyyət göstərirlər. Bir qrup şəxsin Dağlıq Qarabağa qanunsuz səfəri təsadüfi deyil. Bu, sadəcə, Azərbaycanın son zamanlar apardığı uğurlu siyasətə kölgə salmaq cəhdidir. Türkiyə Azərbaycanla qardaş ölkədir, münasibətlər yüksək səviyyədədir. Onların qanunsuz səfəri hiylədən başqa bir şey deyil. Biz bunların hamsını bilirik, ölkənin mövqeyi ortadadır. Bilirsiz ki, bir müddət öncə, Dağlıq Qarabağa qanunsuz səfər Aleksandr Lapşin Azərbaycana ekstradisiya edildi. Yəni, Azərbaycan dövləti ərazilərə qanunsuz səfər edənlərlə bağlı cəza tədbirləri görür. Türkiyədən olan həmin şəxslərin də cəzalandırılması o qədər də uzaqda deyil.
- Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü kimi necə düşünürsünüz, Azərbaycanda dayanıqlı iqtisadi artım modeli formalaşıbmı?
- Azərbaycanda dərin və çoxşaxəli iqtisadi islahatlar həyata keçirilir. İqtisadi islahatların əsas məqsədi artımdan daha çox dayanıqlı artımı təmin edə biləcək modelin qurulmasıdır. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər göstərir ki, sabitliyi, ahəngdarlığı gözləmək olmaz. Çünki dünyada çox ciddi geosiyasi və iqtisadi proseslər baş verir. Məqsəd elə bir iqtisadi model qurmaqdır ki, uzun müddət xarici təsirlərin ölkə iqtisadiyyatına təsiri minimallaşdırılsın. Təbii, bu, çətin və ağrılı prosesdir. Ona görə də iqtisadi islahatların getdiyi dövlətlərdə proseslərin rəvan olduğunu görmək mümkün deyil. Hər hansı xəstəni müalicə etmək üçün əməliyyat tələb olunur və bu əməliyyat ağrısız olmur, hətta əməliyyatdan sonra belə xəstə sağ qalsa, müəyyən müddətə reablitasiya tələb olunur. İqtisadiyyat da canlı orqanizmdir. Yəni, yeniliyin oturuşması üçün müddət tələb olunur. Sevindirici hal ondan ibarətdir ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar qısa müddətdə öz təsirini göstərə bilib. İqtisadi nəzəriyyələrdə belə proses gözlənilmir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ixra potensialının artırılması, istehsalın şaxələndirilməsi göstərir ki, aparılan islahatlar təkcə keyfiyyət dəyişikliyinə nail olmur, eyni zamanda qısa müddətdə kəmiyyət göstəricilərinə də nail ola bilir. Bunun da səbəbi islahatların başında ölkə prezidentinin durmasıdır. O yerdə islahatlar surətli olur ki, rəhbər şəxsin iradəsi ortada olsun.
- İşsizliyi tam aradan qaldırmaq mümkündürmü?
- Bu, mümkün deyil. Dünyanın heç bir ölkəsində işsizliyin tam aradan qaldırılması mümkün olmayıb. Çünki bu, iqtisadi qanunlara ziddiyyət təşkil edir. Təbii ki, hər bir dövlət işsizliyin səviyyəsini minimallaşdırmağa çalışır. İşsizliyin tamamilə aradan qaldırılması iqtisadiyyata ziyan verə bilər. Məsələn, inflyasikyanın tamamilə aradan qaldırılması iqtisadi maraqlara xidmət etmir. Bunlar, sadəcə, tənzimlənməlidir. İşsizin aradan qaldırılması ilə bağlı ciddi müzakirələr gedir. İşsizlik yalnzı işin itirilməsi demək deyil, eyni zamanda mövcud ixtisasların dünya iqtisadiyyatının tələblərinə cavab verməməsi ilə bağlıdır. Bu gün dünyada texnologiyalar sürətlə inkişaf edir, kadrlara olan tələbat dəyişir. 17-18 yaşında universitetə daxil olmaq, 4 il oxuyandan sonra iqtisadiyyata lazımlı kadr olmaq dövrü bitib. Bu yanaşma özünü doğrultmur. Müasir texnologiyalar tələb edir ki, daim ixtisasın artırılması, təkmilləşdirilməsi vacibdir. Bilirsiniz ki, peşə təhsili ilə bağlı Azərbaycanda xeyli işlər görülür. İqtisadiyyatın əsasında ali təhsildən daha çox peşə təhsili dayanır. İsveçrədə abituriyentlərin təxminən 70 faizi peşə təhsilini seçirlər. Almaniyada sənaye sahəsində çalışan insanların 50-51 faizinin ali təhsili yoxdur, kollec təhsili alıblar.
- 2018-ci il Azərbaycan üçün nələr vəd edir?
- Beynəlxalq təşkilatların verdiyi proqnozlar var, 2018-ci ildə ümumdaxili məhsulun artımı planlaşdırılır. İxracın, istehsalın artımı proqnozlaşdırılır. Bu sahədə həyata keçirilən islahat tədbirləri bunu deməyə imkan verir. 2017-ci ilin 9 ayı göstərir ki, Azərbaycan iqtisadiyyatı artım tempini müəyyən edib. İxracın artırılması üçün ənənəvi və qeyri-ənənəvi bazarlar tapılır. Əhalinin güzəranının daha da yaxşılaşması, makroiqtisadi sabitliyin daha da möhkəmlənməsi, dövlət büdcəsinin artırılması ilə bağlı tədbirlər gələn il də davam etdiriləcək.
- Gələn il manatın məzənnəsində dəyişiklik ola bilərmi?
- Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. Manatın məzənnəsinə təhlükələrin, demək olar ki, əksəriyyəti aradan qaldırılıb. Əhalinin manata olan etimadı qayıdır. Mərkəzi Bankın verdiyi hesabatdan da göründüyü kimi, əhalinin manatla qoyduğu əmanətlərin həcmi də artıb. Eyni zamanda, ölkənin xarici valyuta ehtiyatları getdikcə artır. Azərbaycan pul-kredit siyasəti idarəolunan və proqnozlaşdırılan çərçivəyə salınıb. İxracın artması ilə ölkəyə xarici valyutanın gəlməsinə səbəb olur. Bu göstəricilər deməyə əsas verir ki, manatın məzənnəsinə olan təhlükələrin əksəriyyəti aradan qaldırılıb.
- Milli Məclisdə yeni layihə təklifiniz varmı?
- Bizim komitədə 122 qanun layihəsinə dəyişiklik olunub, yeni qanun qəbul edilib. Bu, iqtisadiyyatda aparılan islahatlarla bağlıdır. Çalışırıq ki, qanunvericilik bazası təkmilləşdirilsin, aparılan islahatlarla ayaqlaşa bilsin. Bu, çox önəmli məsələdir. Birinin digərindən geri qalması islahatları tormozlaya bilər. Bu istiqamətdə işlər davam etdirilir.
- Kifayət qədər uğurlu təhsil tarixçəniz var. Azərbaycandan başqa xaricdə təhsil almısınız, bir neçə xüsusi proqram bitirmisiniz. Qarşıda sırf təhsilartırma ilə bağlı planlarınız varmı?
- “İnkluziv iqtisadi artıma nail olmaqda informasiya kommunikasiya texnologiyalarının rolu” adlı doktorluq işini müdafiə edirəm. İqtisad Universitetinin doktoranturasına ötən il daxil olmuşam. Əsas işim iqtisadi alətlərin araşdırılması, elektorn hökumətin inkişaf etdirilməsi, müasir innovatiov yanaşmaların tətbiq olunmasıdır. Bununla yanaşı individual kurslarda iştirak edirik. İxtisasça iqtisadçıyam, yeni yanaşmalarla bağlı daim mütaliə edirəm. Sonuncu sifariş etdiyim kitab Riçard Teylerin davranış iqtisadiyyatı ilə bağlı kitabdır. Yeni iqtisadi trendlər, nəzəriyyələr, əlaqələrin qurulması ilə bağlı mütaliə edirəm.
- Xaric yaşamaq haqqında düşünmüsünüz?
- İKT-də çalışan insanlar üçün dünya virtualdır. Biz daha çox virtual aləmdə oluruq, virtual aləmin də sərhədi yoxdur. Həm də Azərbaycana bağlıyam, burda ailəm, dostlarım var. Virtual aləm imkan verir ki, sən Azərbaycanda yaşayıb Amerikada da iş görə bilərsən. Belə təkliflər kifayət qədər olub, amma mən Azərbaycanda qalmağa üstünlük vermişəm. Azərbaycandakı şərait, sabitlik, insanların xoşməramlı olması, ölkə rəhbərinin yeniliklərə açıq olması seçimimə təsir edib. Pafosdan uzaq olaraq deyim ki, mənim üçün ən yaxşı ölkə Azərbaycandır. Biz başqa ölkələrə də gedirik, görürük. Azərbaycan fərqli davranışa malik olan ölkədir.
- Milli Məclisin deputatı olduqdan sonra dostlarınızla münasibətdə dəyişiklik olubmu?
- Çalışıram ki, deputat olmağım əvvəlki həyat tərzimə təsir etməsin. Dostlarımı rəsmiyyətdən kənar saxlayıram. Həmişə bu məsələyə diqqət etmişəm. Düzdür, qanunvericiliklə, baş verən hadisələrlə bağlı suallar çox olur. Hər bir şəxs ixtisası ilə siyasi vəzifəsinin dərin inteqrasiyasına imkan verilməməlidir. Çünki ixtisas daimidir, siyasi vəzifə isə müvəqqətidir. Bu, daim dəyişə, fərqli ampulada inkişaf edə bilər.
- Bir neçə ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüsünüz, İqtisad Universitetində dərs deyirsiniz... Vaxt bölgüsünü necə edirsiniz?
- Vaxtın idarə edilməsi önəmli məsələdir. Bütün işlərimi planlayıram. Çalışıram ki, öhdəmə düşən hər şeyi layiqincə yerinə yetirəm. Ümumiyyətlə, əgər planlaşdıra bilirsinizsə, deməli, hər bir işə vaxt çatdıra bilərsiniz. İş planlaşdırılan zaman o qədər çox olmur. Təbii ki, xarici də səfərlər edirəm, seçicilərlə də görüşürəm, şikayətlərini dinləyirəm. Üstəgəl Milli Məclisin komitəsində müəyyən işlərim olur. Bununla yanaşı həftədə iki dəfə idmanla məşğul oluram, futbol da oynayıram.
- Nazirlər, komitə sədrləri ilə münasibətiniz necədir. Sözünüzü eşidirlərmi?
- Milli Məclislə hökumət üzvləri arasında işgüzar münasibətlər yüksək səviyyədədir. Seçicilərlə bağlı ünvanladığım müraciətlərə cavab alıram, seçicilərin maraqları əksər hallarda təmin olunur. Qarşıya çıxan çətinlikləri isə müzakirə edərək həll etməyə çalışırıq.