Tofiq Zülfüqarov: “58 rəqəmi 85-in yanında heç nədir” - Eks-nazirlə ad günü

 

Azərbaycanın keçmiş xarici işlər naziri (1998 –1999), ölkəmizin Latviyadakı sabiq  səfiri (2005-2015) Tofiq Zülfüqarovun bu gün 58 yaşı tamam olub.

Tofiq Zülfüqarov ad günü təəssüratlarını Paralel.az saytı ilə bölüşüb.

 - Tofiq müəllim, 58 yaşınız tamam olur. 58 rəqəm olaraq  o qədər də böyük deyil. Sizcə də belədir?


- Əslində 58 rəqəmi 85-in yanında heç nədir. Pessimistliyə qapılmayaq. Bu yaşda insan həyatın tez keçdiyini fərz edir. Yaddaşda qalan uşaqlıq səhifələri olur. Adama elə gəlir ki. uşaqlığımız dünən olub. Ona görə də 58 o qədər də balaca rəqəm deyil. Əsas odur ki, adam özünü bu yaşda da psixoloji olaraq cavan hiss etsin. Fiziki baxımdan da bu olsa, lap yaxşı olar.

 

- Dayandığınız siyasi aləmdə proseslər cavan qalmağınıza imkan verirmi?

- İnsan peşəsini çox sevirsə, elə o peşə ilə də yaşayır. Bu baxımdan fikirləşirəm ki, cavanlaşdıran amillərdən biri də ondan ibarətdir ki, məşğul olduğun peşə ürəyincə olsun.

- 1998-99-cu illərdə ölkənin xarici işlər naziri olmusuz. Həmin vaxt Qarabağ münaqişəsi atəşkəs razılığına əsasən artıq  dondurulmuşdu. O illəri necə xatırlayırsınız?

- Qarabağ problemi ilə 1988-ci ildən məşğul olmağa başlamışam. 1992-ci ildən isə birbaşa Xarici İşlər Nazirliyi çərçivəsində  məşğul olmuşam. 1994-cü ildə nazir müavini və prezidentin xüsusi nümayəndəsi kimi danışıqlarda daim iştirak etmişəm. Nazir olandan sonra isə bu mövzunun bir növ ixtisaslaşmış variantını işləməyə başladım. Bu, Heydər Əliyevin seçimi  idi. O istəyirdi ki, Xarici İşlər Nazirliyi ilə o adam məşğul olsun ki, bu məsələlərdə hansısa məlumatsızlığı yoxdur.

- Dediyiniz kimi, uzun illərdir Dağlıq Qarabağ mövzusu sizin üçün prioritet olub. Atəşkəs razılığına dair saziş imzalanandan sonra bir çox beynəlxalq təşkilatlar münaqişənin həll olunması istiqamətində müəyyən işləri üzərlərinə götürdülər. Sizcə BMT, ATƏT kimi beynəlxalq qurumlar o zamanlar daha çox Qarabağ məsələsinə can yandırırdılar, yoxsa, elə o vaxtlar da vəziyyət bugünkü kimi idi?


- Bu suala bir qədər ətraflı cavab olmalıdır. Bir məsələni qeyd etmək lazımdır ki, ictimai tərəf beynəlxalq təşkilatların imkanları ilə real durumu lazımi səviyyədə qiymətləndirmir. Bu, miras olaraq Sovet imperiyasından bizə problem olaraq qalıb.  Qarabağ münaqişəsi yenicə başlayanda Moskvada kiməsə sübut etmək lazım idi ki, bu məsələ ermənilərin dediyi kimi deyil. Sanki bu məsələ kiməsə sübut olunandan sonra öz həllini tapacaq və kimsə gəlib bu məsələni həll edəcək. İndi Sovet imperiyası da yoxdu və beynəlxalq təşkilatlar var. İnsanlar hələ də o düşüncədədir ki,  kiməsə nəyisə başa salmaq lazımdır. Gərəkdir ki, bu steorotipdən uzaq olaq. Bilməliyik ki, beynəlxalq təşkilatların çoxu açıq desək, “bəyanatlar fabrikidir”. Hətta çoxlarının birbaşa müdaxilə etməyə səlahiyyətləri yoxdur. Bu məsələlərlə məşğul olan biri kimi ictimaiyyətdən bu cür fikirləri çox eşitmişəm. Bunlar niyə Qarabağ məsələsini həll etmir?! Gördüyünüz kimi, indi də gəlib-gedən beynəlxalq təşkilatların rəhbərlərindən böyük gözləntilər var. Hesab edirəm ki, onların öz yeri var.

- ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həlli istiqamətində uzun bir yol gəlir. İlk vaxtlarda bu quruma daha çox inanırdıq.  Zaman keçdikcə  həmsədrlər regiona boş və mənasız səfərlər təşkil etməyə başladı.  İllərdir ki, “ənənə” davam edir. Minsk qrupuna ümidlə baxmağa  dəyərmi?

- Sualı verəndə hiss edirəm ki, təəssüflə danışırsız. Daxilən sizdə “bunların heç nə etmədən gəlib-getməsi” fikri mövcuddur. Yaxşı ki, artıq anlayırıq onların regiona gedib-gəlmələri ilə məsələ həll olunmur. 1992-93-cü illərdə ATƏT-in tərkibində bir qrup yaratmışdılar. Konfliktlərin yaradılmasına əngəl olan bir qurum idi. Guya ki, bu qurum hansısa təkliflər verəcək və məsələnin həllinə kömək edəcək. Mən də tədbirlərin birində onları axtarmağa başladım ki, görüm bu qurum harda oturur?! Çətinliklə bir bina tapdım. Həmin binanın 3-cü mərtəbəsində, adi bir yaşayış evində ofisləri vardı. Zəngi basanda bir cavan oğlan açdı. Çox dağınıq bir ofis idi. Cəmi 5 işçisi vardı. Qalanları da naharda idi. Ordan çıxandan sonra anladım ki, əgər bizim ümidimiz bunlara qalıbsa, deməli, reallıqdan çox uzağıq. Düzü, mən də ATƏT-in o zamanlar ofisinin daha yaxşı yerdə yerləşdiyini və peşəkar işçilərdən ibarət bir komandası olan bir qrup kimi təsəvvür edirdim. Göründüyü kimi, biz reallıqları başa düşməliyik. Bu cür beynəlxalq təşkilatlara həddindən artıq ümid bəsləmək doğru deyil. Bizim qələbəmizi təmin edən əsas amil bizim dövlətimiz, ordumuz, iqtisadiyyatımız  və xalqımızın iradəsidir. Bu amilləri analiz edəndə görürük ki, biz ermənilərdən qat-qat güclüyük. Gec-tez işğal altındakı torpaqlarımızı azad edəcəyik. Buna heç bir şübhəm yoxdur.

- Siz həm də səfir kimi də çalışmısız. Hər halda xəbəriniz var ki, qonşu ölkələrdə çox vaxt Azərbaycanla bağlı qərəzli yazılar yer alır. Ya mətbəx, ya da musiqi nümunəmiz oğurlanır. Çox vaxt bu cür məsələlərdə diplomatik nümayəndəliklərimiz qınaq obyektinə çevrilir. Sizcə, bu cür hallarda səfirliklərimizin qınaq obyektinə çevrilməsi doğrudurmu? Yoxsa necə olmalıdır?

 - Birincisi, ondan başlayaq ki, normal cəmiyyətlərdə siyasətlə 10-15% insan maraqlanır. Digər insanlar öz həyatlarını önə çəkib siyasi məsələlərə o qədər də diqqət yetirmirlər. Dünyada gedən proseslərin əhəmiyyəti mövcuddur. Dağlıq Qarabağ problemi, yaxud da, Azərbaycan həqiqətləri maraqlar çərçivəsində deyil. Bununla bağlı böyük iş aparılmalıdır. Açıq danışaq ki, Afrikanın hansısa ölkəsində qırğın olub. Kimdən soruşsan hansı tərəfin günahkar, hansı tərəfinsə əzilən olduğunu, bilməyəcək. Ona görə də anlamaq lazımdır ki, həqiqəti çatdırmaq asan məsələ deyil. Biz əsasən ona görə ermənilərə uduzuruq ki, onlar tarix boyu hansısa cəmiyyətlərdə, dövlətlərdə azlıq kimi yaşayıblar. Onların belə bir təcrübəsi var. Onlar digər ölkələrdə uğur qazanmaq üçün təzyiq altında qaldıqlarını, lakin özlərinin böyük tarixə malik olduğunun təbliğatını aparıblar ki,  həmin cəmiyyətlərdə hansısa yeri tutsunlar. Bu, onların mentalitetinin bir hissəsidir. Bizim isə tariximiz fərqlidir. Biz bu işləri yeni başlayırıq. Bizim diasporlarımız bir qədər də formalaşmalıdır. Hesab edirəm ki, səfirlik 4-5 işçisi ilə bir günə ya da bir ilə vəziyyəti dəyişə bilməz. İş gedir və iş aparırlar. Kimsə yaxşı aparır, kimsə o qədər yaxşı yox. Birmənalı demək lazımdır ki, ermənilər bu işlərin nəticələrini hiss edirlər və buna görə də öz narazılıqlarını  bildirirlər. Səfir olduğum illərdə diasporla bir yerdə bu işlərlə məşğul idim. Uğurlu addımlarla yanaşı, hər bir işdə olduğu kimi səhvlər də olub.

- 58 yaşınızı necə keçirəcəksiz? Bu yaşda özünüzlə bağlı nə arzularınız var?

- Çox sadə formada ailəmlə birgə keçirəcəm. Amma insanın içində ümid həmişə var. Gələcək məsələləri necə həll etməklə bağlı düşünürəm. Hər halda, hesab edirəm ki, çox xoşbəxt insanam. Çünki istədiyim işlə məşğul oluram. Həm də hələ ki, sağlamam. Buna da şükür edək.

0.19214010238647