Sahil Babayevin sahilsiz haqsızlıqları

 

Nazir, eks nazirin atasına rəhmət oxutdurur

 Ölkə prezidenti Sahil Babayevi Səlim Müslümovun yerinə nazir təyin edəndə millət həm sevindi, həm də mat qaldı. Millət ona görə sevindi ki, Səlim Müslümov kimi rüşvətxor və dağıdıcı nazirin cəngindən xilas oldu. Millət ona görə mat qaldı ki, kimliyi heç kimə bəlli olmayan 38 yaşlı cavan bir oğlan nazir vəzifəsinə təyin olundu.

 Bu təyinat ölkə vətəndaşlarında xeyli müsbət və mənfi rəylərin yaranmasına, müxtəlif mübahisələrə və bəzən də tənqidlərə yol açdı. Adətən, xalqın yaxından tanıdığı, ölkəyə və millətə xidmət sahəsində müəyyən təcrübə qazanmış insanların nazir təyin olunmasına öyrəşən Azərbaycanda birdən-birə heç kimin tanımadığı adamın nazir postuna gətirilməsi xeyli təəccüb yaratdı. Lakin nazir təyin olunan Sahil Babayevi yox, onu nazir postuna təyin edən cənab Prezidentə olan böyük inam hər kəsi rahat etdi və hər kəs sakit halda yeni nazirin mənşəyini araşdırmağa başladı.

Hər kəs maraqlandı, aradı, axtardı və yalnız o məlum oldu ki, cənab prezident tərəfindən nazir təyin olunan Sahil Babayev vaxti ilə dövlət orqanlarında məmur kimi çalışan Rafiq Babayevin oğludur. Babası Z. Babayev isə zamanında uzun müddət Yevlax taxta-şalban bazasının müdiri(!) vəzifəsində, yaxşı gəlir və qazanc verən yerdə işləyib. Yəqin, hər bir insanın, xüsusən də xalqın taleyi tapşırılan insanların ata və babasının kimliyinin bəlli olması, onun prespektivini müəyyən etmək, gələcəyi barədə dəqiq proqnoz vermək üçün baza kimi qəbul olunması, heç təsadüfi hal deyil. Ta qədim zamanlardan məlumdur ki, hər bir insanın hansı ailədə böyüməsi, halal və ya haramla bəslənməsi kimi hallar böyük əhəmiyyətə malik olub. Ataların öz övladını halal qazancla bəslənməsinə dinimizdə böyük əhəmiyyət verilməsi də çox diqqətçəkən haldır. Çünki insanın mayası haramla tutularsa, onun normal, ləyaqətli insan kimi yetişməsi ehtimalı çox az olur və bu cür insanlara xalq arasında, adətən "haramzada" deyirlər. "Halalzadə"lərin hansı tərbiyə və əxlaq sahibi olduğunu hər kəs aydın bildiyinə görə, əlavə izaha ehtiyac yoxdu.

Təbii ki, yuxarıdakı qeydimin Sahil Babayevə heç bir aidiyyatı yoxdur. Sadəcə olaraq, bu qeydi yeri gəldi deyə, ehtiyac hiss etdim və insanın böyüməsinə dinimizin müəyyən etdiyi tələbləri, millətimizin müəyyən etdiyi mövcud ölçüləri bir daha xatırlatmağı özümə borc bildim. Gəlin, yazının mövzusuna qayıdaq, mətləbdən uzaqlaşmayaq. ƏƏSM naziri Sahil Babayev artıq 6 aydır ki, nazir kreslosunda əyləşib və onun rəhbərliyi ilə ötən bu müddət ərzində nazirliyin fəaliyyətinə nəzər yetirdikdə, ölkə əhalisnin 1,7 milyon kəsimini əhatə edən bu nazirlikdə bəzi xırda nüansları qeyd etməklə, ( Xırdalanda 33 əlilə ev və 50 nəfər əlilə minik avtomobili verilib) şəhid ailələrinin, əlillərin, müharibə veteranlarının, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrin və bu kateqoriyadan olan digər vətəndaşların həyat şəraitinin təmin olunmasının arxa plana keçməsi, xəstə əlillərin müalicəsinin təşkil olunması sahəsində heç bir yenilik olmadığı məlum olur. Əksinə, bəyənmədiyimiz, nazir vəzifəsindən çıxarılmasına sevindiyimiz Səlim Müslümovun dönəmində bu sahədə xeyli işlər görülürdü. İndi isə vəziyyət son dərəcə ağır və dözülməzdir. Köhnə, işi bacaran kadrlar  ucdantutma əsassız olaraq işdən çıxarılıb. Onların yeri ya boş qalıb, ya da yeni təyin olunmuş təcrübəsiz kadrlar vəzifəsinin nədən ibarət olduğunu hələ də anlaya bilmirlər.

Beş ay yarımdı heç bir faydalı iş görməyən, yalnız nazir kürsüsünə oturmağın kefini çıxarmaqla, dostlarını, tanışlarını nazirliyə yığmaqla məşğul olan nazir Sahil Babayev isə, etdiyi hərəkətin əlil insanların həyatını zəlil edəcəyinin fərqinə varmadan, ötən müddət ərzində əlillik dərəcəsinin təyin olunmasına dair nazirliyə edilən minlərlə əlil vətəndaşın elektron müraciətlərini heç bir əsas olmadan, mənasız və əsassız iradlarla dayandıraraq, bu qəbildən olan əlil insanların vaxtında müalicə olunmaq və bir tikə çörəkpulu əldə etmək imkanından məhrum edib!

Gəlin, cənab nazir Sahil Babyevin vətəndaşlara etdiyi bu zülmün mahiyyətinə varmaq üçün redaksiyaya son zamanlar daxil olan çoxsaylı şikayətlərdən birinə nəzər yetirək və nazirin əhalini nə qədər çətin duruma saldığını vətəndaşın yazısından öyrənək. İki körpə uşaq anası, gözdən əlil olan gənc qadın Nübar Nəriman qızının şikayət məktubundan deyilir: " -... Dörd ildir gözlərimi müalicə edirəm. Uzun illər müalicə olunsam da, həkimlər görmə qabiliyyətimin tam bərpa olunmayacağı barədə qəti rəy də veriblər. İki ildir ardıcıl ƏƏSMN-ə əlillik almaq üçün elektron müraciət etsəm də, iki il ərzində 5-ci dəfədir ki, hər dəfə "əlavə müalicəyə ehtiyac var" bəhanəsi ilə sənədlərimi geri qaytarırlar. Xəstəliyə görə, işləmirəm. İki körpə anasıyam. Ailəmiz bir nəfərin qazandığı 300 (üç yüz) manatın ümidinə qalıb, ailəmiz tam maddi sıxıntı içində yaşayır. Göz dərmanları almaq imkanım olmadğına görə, görmə qabiliyyətimi tam itirmək təhlükəsi ilə üzləşmişəm... Hörmətli redaksiya, sizdən xahiş edirəm ki, məktubumu qəzetinizdə dərc edib, səsimi dövlət başçımıza, yeni təyin olunmuş nazir Sahil Babayevə çatdırın, bəlkə, mənim səsimi eşidib, bizə kömək etmək istədilər!"

Bəli, bu cür məktubların, müraciətlərin sayı yüzlərlədir. Həmin şikayət məktublarının arxasında duran hər bir əlil insan haqqında ətraflı material dərc etmək təəssüf ki, imkanı xaricindədir. Nazir Sahil Babayevdən fərqli olaraq, biz dərk edirik ki, hər bir şikayət məktubunun arxasında canlı insan dayanır və bu insanlar ehtiyac içində yaşadıqlarına görə, minlərlə şəhidin qanı bahasına qurduqları dövlətdən və bu dövləti idarə edənlərdən öz haqqını tələb edirlər! Dövlət vəzifəsini şəxsi mülkiyyəti kimi dərk edib, xalqı incidən, onun haqqını pozan bəzi vəzifəli şəxslərin nəzərinə çatdırırıq ki, ölkə Prezidenti cənab İlham Əliyev hər zaman bütün çıxışlarında təkrar-təkrar qeyd edir ki, məmurun vəzifəsi XALQA xidmət etməkdir və hər kəsin bu tələbi bilməsi, tələbə əməl etməsi zəruridir! Dövlət vəzifəsi tutan hər kəs cənab Prezidentimizin, onun ailə üzvlərinin xalqa qarşı göstərdikləri doğmalıqdan, mübhəm və həssas hərəkətlərdən nümunə götürməlidirlər! Cənab Prezidentin vəzifəyə təyin etdiyi hər bir şəxsə hörmət və ehtiram göstərməyin vacib olduğunu hər kəs bilir və buna daim əməl olunur. Yaxşı olar ki, vəzifəli şəxslər də Prezidentin onlara göstərdiyi etimada layiq olub, xalqın xidmətində dursunlar, xalqı incitməsinlər!

Əlil vətəndaşın şikayət məktubundakı  fəryad dolu sətirlər, əslində bir nəfərin fəryadı, harayı deyil, ƏƏSM naziri Sahil Babayev kimi kef əhli təsiri bağışlayan, məmur ailəsində tərbiyə alan, Vətən, Xalq qarşısında heç bir xidməti olmayan, gənc yaşında nazir kürsüsünə qədər gətirilən şəxs tərəfindən haqqı - hüququ pozulan minlərlə günahsız əlil və zəlil insanların harayıdır desəm, qətiyyən səhv etmərəm! Güman edirik ki, bu müraciətdən sonra əlil insanların bu harayını məsul vəzifəli şəxslər mütləq eşidəcək və Sahil Babayevin sahilsiz haqsızlıqlarının  sahilini nəhayət, müəyyən edə biləcəklər!

 Mahir Abbas

0.20121598243713