Karyera sıçrayışı yaxud, Oqtay
Şirəliyev qaydaları pozdu

 

Bir neçə gün əvvəl ölkəmizin səhiyyə naziri Oqtay Şirəliyevdən çoxlarının təəccüb və marağına səbəb olan bir təyinat xəbəri gəldi. Xəbərdə bildirilirdi ki, cənab nazir, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun öz xahişi ilə direktorluqdan çıxan (əslində bu fakt da maraqlıdır, çünki bizdə xüsusilə kreslo sahibi olmağın çox çətin olduğu indiki dönəmdə kiminsə rahatlıqla "artıq yorulmuşam, enerjim tükənib", özümü başqa bir sahədə sınamaq istəyirəm" və s. arqumentlə könüllü kreslosundan ayrılması faktı nadir, bəlkədə senssasiya sayılır) Adil Bəxşəliyevin yerinə elə həmin institutun ürəkçatışmazlığı şöbəsinin kardeoloq-həkimi işləyən (özü də 2006-cı ildən) Gülnaz Dadaşovanı direktor təyin edib.

Bəlkə də olay Azərbaycanda deyil, başqa bir ölkədə baş versəydi, yaxud elə Azərbaycanda yaşansaydı və bu vəzifəyə tanınmış ürək- cərrahı, millət vəkili Rəşad Mahmudova həvalə edilsəydi bunca təəccüb və maraq doğurmaz, sıradan bir hadisə kimi qəbul olunardı. Məsələn, elə  hörmətli  nazirin qızı bu yaxınlarda Moskvada nazir təyin olundu və bu təyinat cəmiyyətdə adi qarşılandı. Hələ üstəlik soydaşımızın xaricdə belə bir etimada layiq görülməsi, bizləri sevindirdi də! Biz də isə...

Bizdə isə ənənə, qayda belədir, belə görmüşük, belə eşitmişik ki, kimisə hansısa yüksək vəzifəyə qoymaq niyyəti olanda əvvəlcə həmin şəxs üçün çoxsaylı elmi və beynəlxalq titullarla zəngin, saymaqla qurtarmayan samballı bir tərcümeyi-hal hazırlayırlar ki, insanlar adamın necə bir həyat yolu keçdiyini, başqa sözlə, təyin olunduğu vəzifəyə layiq olduğunu qəbul etsinlər.

Xaricə çıxışın çox asan və rahat olduğu indiki şəraitdə istənilən adda beynəlxalq yarlıq, sertifikat almaq elə də çətin bir proses deyil. Nəzərə alın ki, bu gün dünyada elm dəllallarının toplaşdığı və adları bizdə rezonans doğuran çoxsaylı mərkəzlər, qurumlar fəaliyyət göstərir. Hətta müasir texnologiyanın imkanlarından istifadə etməklə bu titulları ölkədən kənara çıxmadan da əldə etmək mümkündür. Sadəcə, Rüstəm bəy demiş, "bir balaca xərci var".

Burada bir haşiyə çıxmaq məcburiyyətindəyəm ki, oxucu yuxarıda söylənilən fikirin yalan, uydurma olduğu, yaxud elə qısqanclıqdan qaynaqlandığını düşünməsin.

Təxminən 2000-2001-ci illərdə mətbuatda iqtisadi yazıları ilə çıxış edən bir fizik tanışım bir gün əlində faks gəldi ki, bəs onu Nyu-York Elmlər Akademiyasına fəxri üzv seçiblər. Baxdıq, həqiqətən də kişi bu titula layaq görülüb. Söhbət əsnasında məlum oldu ki, ölkəmizdə professor adını qazanan alim-jurnalist dostumuz, sadəcə elmi dərəcəsini göstərən sənədin surətini, müdafiə etdiyi mövzunun adını faksla göndərib həmin o akademiyaya və onlarda sənədlərə baxaraq, ona fəxri üzvülik statusu veriblər. Bunun üçün alim qardaşımız hələ fəxri ad verilməmişdən əvvəl Akademiyanın ona göndərdiyi hesaba 200 dollar pul köçürüb. Əvvəl-əvvəl barəsində danışılan Akademiyanın öz nüfuzunu belə ucuz satdığına inanmadıq. Bir müddət sonra müştəri axtarışına çıxan Akademiyadan hətta bizim qəzet redaksiyasına faks gəldi. Açıq-aydın yazılırdı ki, bu elm mərkəzinə fəxri üzv olmaq istəyənlər, elmi dərəcəsini təsdiqləyən sənədin surətini filan ünvana (ünvan ingiliscə yazılmışdı. O faksı saxlayıram, amma hara qoyduğum yadımda deyil) göndərsin və göstərilən hesaba 200 dollar vəsait köçürsün. Bəlkə də indi bu məbləğ bir az artıb, deyə bilmərəm. Ancaq bizcə, belə nüfuzlu bir titul əldə  etmək üçün pul xərcləməyə dəyər. Yeri gəlmişkən, o alim döstumuz bu gün də ad və soyadını harasa təqdim etmək lazım gələndə, mütləq "Nyu-York Elmlər Akademiyasının Fəxri üzvü" yarlığını da oraya yapışdırır. Təmtaraqlı səslənir, elə deyilmi!?

Bu hadisəni ona görə xatırladım ki, elmi titul, müxtəlif çeşiddə beynəlxalq sertifikatlar əldə edib tərcümeyi-halı zənginləşdirmək bu qədər asan ikən, hörmətli Oqtay müəllim nədən tələsik qərar verərək elə institutun özündə ki daha adlı-sanlı həkimlərin başı üzərindən şöbənin sıravi əməkdaşını direktor kürsüsündə oturtmaq kimi çoxlarının cəsarəti çatmadığı bir addımı atdı. Bəlkə, cənab nazir bu addımla vəzifəyə təyinatla bağlı yuxarıda qeyd etdiyimiz, oturuşmuş ənənə, qayda və sterotiplərə qarşı çıxır, bunu doğru hesab etmir?

Təyinatda başqa bir niyyət yoxdursa, onda Oqtay müəllimin bu cəsarətini alqışlamağa dəyər.

Sadəcə, bir məsələ açıq qalır: nədən hörmətli nazirin son vəzifə təyinatlarında xanımlara üstünlük təşkil edir?

 Yusif Seyid

0.17296981811523