Son 25 ildə Bakı və Abşeron yarmadasının kanalizasiya
sisteminin təmiri üçün 10 milyard manata qədər vəsait xərclənib

 

Ridvan Kösə: "Bakının kanalizasiya sistemini 3-5 milyona normal hala gətirə bilərdik, amma..."

 Telman Zeynalov: "Bir gün sonra Moskvada Bakıda müşahidə edilən leysanın analoqu 4 saat davam edib"

 Sentyabrın 23-də günorta saatlarında 15 dəqiqə davam edən leysan Bakı küçələrini sel sularına qərq etdi, mərkəzi küçələr yaz-payız aşıb-daşan dağ çaylarını xatırladırdı.

 Bu fəlakətin yaranmasında iki dövlət qrumu - Bakı Şəhər İcra Hakimiyyəti ilə "Azərsu" ASC bir-birini günahlandırdı. Dövlət qrumları hadisəni təbii fəlakət kimi qiymətləndirdilər. İlk növbədə onu araşdırmağa cəhd göstərdik ki, baş verən hadisə doğrudanmı təbii fəlakətdir. Ekoloq Telman Zeynalov bizimlə söhbətində bildirdi ki, Bu hadisə doğrudan da fəlakətdir, amma buna təbii fəlakət adlandırmaq düzgün deyil - 15 dəqiqə davam edən leysan təbii fəlakət ola bilməz: "Sentyabrın 24-də, cəmi bir gün sonra Moskvada Bakıda müşahidə edilən leysanın analoqu 4 saat davam edib. Lakin şəhərdə heç bir problem yaşanmayıb, yəqin ki, sizin də bu hadisədən xəbəriniz yoxdur. Amma indi bütün dünya Bakıda cəmi 15 dəqiqə yağan leysanın nəticələrindən danışır. Yağış suları metronu basırdı, avtobusların salonuna dolurdu. Bunun başlıca səbəbi şəhərdə kanalizasiya sisteminin düzgün qurulmamasıdır. Hər bir sahibkar öz bildiyi kimi tikir, qurur, çıxıb gedir. Ümumi şəhərsalmaq qaydalarına əməl edilməsini heç kim tələb etmir, ona görə də belə ciddi problemlər yaranır."

15 avqust 2009-cu ildə dərc edilən rəsmi informasiyada aşağıdakıları oxuyuruq:

 - Bakının kanalizasiya sisteminin təmizlənməsində ən son texnologiyadan istifadə olunmağa başlanılıb. "Azərsu" Səhmdar Cəmiyyətinin Türkiyənin "Kanalize İnşaat" şirkəti ilə bağladığı müqavilə əsasında, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına gerçəkləşdirilən layihədə əsas məqsəd paytaxtda kanalizasiya borularının tutulması və küçələrin çirkab su axını ilə çirklənməsinin qarşısını almaqdan ibarətdir.

Mütəxəssislərin dediyinə görə, 30-40 və bəzi yerlərdə 50 il əvvəl çəkilən kanalizasiya boruları tullantılarla dolduğundan quyular daşır, çox hallarda çirkab suları dənizə axır və yaxud çoxmərtəbəli evlərin zirzəmilərinə dolur. Yeni texnologiyaya əsasən kanalizasiya quyularına yüksək təzyiqlə su vurulduqdan sonra tullantılar güclü aqreqatla sovrulub kənara çıxarılır. Bu üsulla ən bərk və böyük həcmli cisimlər belə, borulardan kənarlaşdırılır.

Tullantılardan təmizləndikdən sonra borulara ölçülərindən asılı olaraq robotlar buraxılır. Robotlar borunun təmizlənmə səviyyəsi barədə məlumatı kompyuter mərkəzinə ötürür. Ən xirda qalıqlar belə müşahidə edildikdə borular yenidən təmizlənir. Robotlar həm də borularda olan qüsurlar, çatlar və sınmalar barədə məlumatı dəqiqliyi ilə kompyuterin yaddaşına köçürür. Bunun əsasında borularda təmir işləri aparılır. Bundan sonra təmir zamanı küçələri sökmək, boruları çıxarıb dəyişmək kimi ənənəvi üsuldan istifadə edilməyəcək. Yeni texnologiya boruları elə torpağın altında təmir etməyə imkan yaradacaq. Artıq Bakının müxtəlif yerlərində 6 min metrə qədər kanalizasiya xətti təmizlənib, bu məsafədən 1500 ton tullantı çıxarılıb. Təkcə bu fakt paytaxtın kanalizasiya sisteminin təmizlənməsi layihəsinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinin real göstəricisidir. Bu layihə Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi barədə dövlətimizin başçısının tapşırıq və göstərişlərinin icrasının davamlılığından xəbər verir.

 Türkiyənin "Kanalize İnşaat" şirkətinin rəhbəri Ridvan Kösə bildirib ki, o zaman biz Bakının kanalizasiya sistemini 3-5 milyon manata normal hala gətirə bilərdik, amma bizə təzyiq edirdilər ki, qiymətləri şişirdək, qarşımıza çıxan hər kəs bizdən pul istəyirdi. İş adamı bildirir ki, elə bu üzdən də layihəni yarımçıq buraxaraq, Bakını tərk ediblər. Çox maraqlıdır ki, yuxarıda qeyd edilən informasiyada layihəyə nə qədər vəsait xərcləndiyi barədə heç nə deyilmir. Bu da onu göstərir ki, türkiyəli iş adamının dediklərində həqiqət var, layihənin smeta dəyəri razılaşdırılmış olsaydı, o mütləq informasiyalarda öz əksini tapardı.

Digər diqqət çəkən məqam "Azərsu" ASC-nin açıqlamasıdır. Açıqlamada bildirilir ki, şəhərin mərkəzini sel sularının basmasının bir səbəbi də "Nefçilər" prospekti boyunca uzanan yağış kollektorunun gec açılması olub. Lakin qrum sözügedən kollektorun hansı səbəbdən gec açılmasını izah edə bilməyib. Bəzi mütəxəssislər isə bunu təxribat kimi qiymətləndirir. Bildirirlər ki, "Azərsu" bu kollektoru gec açıb ki, həmin kollektorun da təmirə ehtiyacı olduğunu nümayiş etdirsin və büdcədən buna görə daha çox vəsait qoparsın.

Yeri gəlmişkən, onu da qeyd edək ki, son 25 il ərzində Bakı və Abşeron yarmadasının kanalizasiya sisteminin təmiri və genişləndirilməsi üçün beynəlxalq maliyyə qrumlarından 1,6 milyard dollar, dövlət büdcəsindən isə 7 milyard manata qədər vəsait xərclənib. Mütəxəssislərin fikrinci, bu 10 milyard manata yaxın vəsaitlə 10 milyon əhali yaşayan şəhərin kanalizasiya sistemini təməlindən sona nöqtəsinə qədər ən son texnologiya ilə mükəmməl şəkildə qurmaq mümkündür. Bakıda isə bu qədər vəsait xərclənməsinə baxmayaraq, hələ də kanalizasiya sistemi qısa müddətli leysana tab gətirə bilmir.

Digər bir mütəxəssis isə bizimlə söhbəti zamanı qeyd etdi ki, şəhərsalma qaydalarına görə əhalisi milyonu keçən şəhərdə üç növ kanalizasiya sistemi olmalıdır: məişət tullantılarını axıdan kanalizasiya şəbəkəsi; yağış sularını axıdan kollektorlar; sənaye tullantılarını axıdan kanalizasiya sistemi. Hər üç sistemin xarakterinə uyğun təzyiq stansiyaları, təmizləyici qruğular daim fəaliyyətdə olmalıdır. Bakıda sovetlər dönəmində hər üç sistem mövcud olsa da, yağış sularını daşıyan kollektorlarda təmizləyici qurğu, digərlərində isə təzyiq-nasos stansiyası mövcud olmayıb və indi də yoxdur. Hazırda, yalnız Balaxanı Bərk Məişət Tullantıları zavodunun (sənaye tullantılarını axıdan kanalizasiya sistemi kimi) kanalizasiya sistemi bu cür müasir standartlara bir qədər uyğun gəlir. Müasir kanalizasiya sistemində təzyiq və təmizləyici qurtuların olması əsas parametirlərdən sayılır. Çünki təzyiq sistemdə tutulma risklərini aradan qaldırır, təmizləyici qurğular isə ekoloji tarazlığın pozulmasına şərait yaradan çirklənməyə imkan vermir. Çox təəssüflər olsun ki, Bakının məişət tullantılarını nəql edən kanalizasiya sistemində çalışan təmizləyici qurğular müasir tələblərə cavab vermir, əksər hissələrdə isə çirkab  suları təmizlənmədən dənizə axıdılır. Bunun qarşısı alınmasa, yaxın gələcəkdə əsil təbii fəlakəti müşahidə edə bilərik.

"Azərsu" ASC rəhbəri Qorxmaz Hüseynov vəzifəyə təyin olunduğu 2011-ci ildən bəri etdiyi çıxışlarda bildirir ki, Bakının su-kanalizasiya sisteminin yenidən qurulması planı hazırdır. 2013-cü ildə ASC sədrinin mətbuata verdiyi məlumata görə, söhbət Bakı şəhərinin içməli, tullantı və yağış suları infrastrukturlarının 2035-ci ilə qədər perspektiv inkişafını nəzərdə tutan "Master Plan"dan gedir. Q.Hüseynov deyir ki, bu plana əsasən Bakı şəhəri və Abşeron yarımadasının su-kanalizasiya infrastrukturu xeyli genişlənərək bütün yaşayış məntəqələrini əhatə edəcək: ""Master Plan"a uyğun olaraq Abşeron yarımadasında 5900 km su, 7100 km kanalizasiya, 970 km yağış suları xətləri çəkiləcək. Bunlarla yanaşı, tutumu 1 milyon 345 min kubmetr olan 80-dən çox su anbarı, ümumi məhsuldarlığı sutkada 1 milyon 375 min kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisi də nəzərdə tutulur.

Yazı çapa hazırlandığı zaman, araşdırılan mövzu ilə bağlı münasibət öyrənmək üçün "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrailliyə müraciət etdik. O, bizi kanalizasiya sistemləri ilə məşğul olan mütəxəsislərdən biri ilə söhbətləşməyimizə şərəit yaradacağına söz versə də, günün sonuna qədər mətbuat xidmətindən bir xəbər gəlmədi.

Görünür, "Azərsu"nun kanalizasiya mütəxəssilərinin işi çox olduğundan Anar müəllim onlardan heç birini tapa bilməyib. Olsun!

Mən bir şeyi anlaya bilmirəm ki, "Azərsu"ya son 25 ildə 10 milyada yaxın vəsait ayrılıb ki, Bakının su-kanalizasiya sistemləri yenidən qurulsun. Türkiyə şirkətinin rəhbəri də iddia edir ki, biz Bakının su-kanalizasiya sistemini 3-5 milyona qaydasına sala bilirdik.  10 milyardın qarşılığında 3-5 milyon nədir ki, "Azərsu" onu da Türk şirkətinə qıymayıb.

Son olaylar da sübüt etdi ki, Bakının su-kanalizasiya sistemində heç bir yenilik yoxdur. "Köhnə hamam, köhnə tas". Bəs, dövlətin bu məqsədlər üçün ayırdığı 10 milyarda yaxın vəsait hara getdi?

Mən hələ bu 25 ildə əhalidən və qeyri-əhali qrupundan yığılan pulları demirəm. Qorxmaz Hüseynov son çıxışların birində qeyd edib ki, onlar istehlakçılara göstərdikləri xidmətdən 2 dəfə az pul alırlar ki, bu da cəmiyyətin zərərlə işləməsinə səbəb olur. Əhsən, heç bir sözüm yoxdur, 10 milyardı xırd eləyib, belə bir iddiada bulunmaq üçün ən azında qurd ürəyi yeyəsən gərək. Bu iddiasına görə, gərəkdir ki, hörmətli Qorxmaz müəllimə "Şərəf", Şöhrət" yox «Pələng» ordeni təqdim olunsun. 

 

Akif Nəsirli

0.34487104415894