Xidmət sahələri özəlləşdirilərsə...

 

Nəqliyyat xidmətlərində keyfiyyət nə üçün artmır?

 Artıq Tarif (Qiymət) Şurasının son qərarından kifayət qədər vaxt keçib, nəqliyyatda xidmət qiymətləri yarıbayarı artıb, amma hökumətin əsaslandırmasında göstərilən vədlərdən və cəmiyyətin gözləntilərindən bir xəbər yoxdur. O zaman mən bu barədə dərhal yazmaq istədim ki, qiymət artımının əsaslandırmasındakı keyfiyyət dəyişiklikləri baş verməyəcək. Lakin düşündüm ki, mənim qərar qəbul edilənə qədər mövqe ortaya qoymaq imkanım olsaydı, bu addımdan öncə bir ictimai müzakirə keçirilsəydi, bu cür nəticənin qabaqcadan bəlli olduğunu deməyin mənası olardı - bəlkə qərara da hər hansı bir təsiri olardı. Artıq qərar ortada olduğundan bir qədər prosesi zamanın axarına buraxmağa üstünlük verdim. Budur, iki aya yaxın vaxt keçməsinə baxmayaraq, ölkənin başqa əraziləri bir yana, heç paytaxtda sərnişindaşıma xidmətlərində keyfiyyət dəyişiklikdəri hiss edilmir. Hətta, Bakının mərkəzində hərəkət edən marşrut avtobuslarının çoxu, hələ də kart sisteminə keçməyib. Bu isə o deməkdir ki, həmin marşrut üzrə hərəkət edən avtobuslarda toplanan vəsaitlərin böyük hissəsi dövriyyədən yayındırılır - dövlət büdcəsindən oğurluq edilir. Heç olmasa qiymət artımı bu kimi qeyri-qanuni dövriyyənin qarşısını almalı idi. Lakin bu baş vermədi və yaxın gələcəkdə də baş verməyəcək. Ona görə ki, bu prosesə təkan verə biləcək mexanizm yoxdur. Daha doğrusu, hazırda bu sahədə elə vəziyyət yaranıb ki, sahibkar xidmətin keyfiyyətini artırmaqda deyil, xərclərinə qənaət etməkdə maraqlıdır. Çünki qiymətlər sabit, rəqib isə mövcud deyil - nəticə də göz qabağındadır.

Belə bir vəziyyətdən çıxış yolu nəzəri baxımdan çox asan, lakin praktiki cəhətdən bir qədər ağrılı ola bilər. Hazırda dövlətin bu sahədə qiymətləri tənzimləməsinin bir hədəfi var - əhalinin sosial vəziyyətini sabit saxlamaq, sosial və kommunal xidmətlərin bütün vətəndaşlar üçün əlçatan olması. Hökumət bu mexanizmi, sahibkarların və dövlət şirkətlərinin mənfəət normasını tənzimləmək məqsədilə dövlət büdcəsindən hər il bir milyard manatdan çox vəsait xərcləyir. Məsələn, təkcə ötən il "Bakubus" MMC 20 milyon manat zərərlə işləyib və bu zərəri təbii ki, dövlət büdcəsi ödəyib. Xidmət sahəsində çalışan digər dövlət şirkətləri ("Azəriqaz", "Azərişıq", "Azərsu" Kommunal Xidmətlər İdarəsi və onlarla belə şirkətlər) də eyni mexanizmlə çalışır. Onlar hər ili mütləq zərərlə başa vurur. Amma cəmiyyətdə belə fikirlər də səslənir ki, əslində hazırki qiymətlərlə rentabelli xidmətin təşkili mümkündür, lakin şirkətlərdəki korrupsiya buna imkan vermir. Hətta, bu istiqamətdə ciddi faktlar da ortaya qoyulur. Bütün bu kimi problemləri aradan qaldırmağın yeganə yolu sözügedən xidmətlərin hər birini bir neçə sahibkarın özəlləşdirməsinə şərait yaratmaqdır. Özəlləşmədən dərhal sonra qiymətlər dövlət monopoliyasından çıxarılaraq sərbəst buraxılmalıdır. Tutaq ki, nəqliyyat xidmətinin bir marşrutunda iki kiçik şirkət xidmət göstərir. Bu iki rəqib müştəri uğrunda mübarizədə həm keyfiyyəti yüksəldəcək, həm də qiymətləri real olaraq formalaşdıracaq. O zaman hökumət görsə ki, bazarda formalaşan real gediş haqqı qiymətləri ölkə vətəndaşının cibinə uyğun deyil, çox bahadər, o zaman vətəndaşın ödəyə bilmədiyi hissəni hökumət vətəndaşlara fərdi olaraq kompensasiya şəklində versin. İndeksasiya Bakı şəhəri üzrə aparılsa da, bu kompensasiya bütün ölkə vətəndaşlarına ödənilməlidir. Birincisi, bu cür ödəmə həm vətəndaşların ayrı-seçkilik problemini aradan qaldırar, digər tərəfdən isə şəhər əhalisi ilə kənd əhalisinin gəlirləri arasındakı fərq azalar. Hazırda kompensasiya şəklində vətəndaşlara veriləcək vəsaitdən dəfələrlə çox vəsait xidmət şirkətlərinin zərərlərinin örtülməsinə xərclənir ki, sonda həmin vəsaitin əsas hissəsi korrupsiyaya yem olur. Lakin kompensasiya vətəndaşlar ödənilsə, nə itməyəcək, nə də korrupsiyaya yem olmayacaq - vətəndaşın gəlirlərinin artmasına xidmət edəcək. Sonrakı mərhələlərdə isə artıq bu kompensasiyaya da ehtiyac qalmayacaq - əhalinin gəlirləri artdıqca, sosial müdafiəyə ehtiyac da azalacaq.

Göründüyü kimi, ölkədə xidmət sektorunun özəlləşdirilməsi cəmiyyət üçün heç də fəlakət deyil. Əksinə, bu dövlət idarəetməsinin və dövlət büdcəsinin yükünü azaldacaq. Bu halda hökumətin üzərinə düşən vəzifə yalnız özəl şirkətlərdən vətəndaşlara keyfiyyətli xidməti tələb etmək olacaq.

 Akif Nəsirli

[email protected]

0.25303387641907