Sosial şəbəkələrin görünən
və görünməyən fəsadları

 

Niyə gəncliyimizi sosial şəbəkələrdə xərcləyirik?

 Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən müasir texnologiyalar, texnoloji avadanlıqlara olan maraq istər elm adamlarının, istərsə də sadə vətəndaşların daim diqqət mərkəzindədir. Xüsusilə də, virtual məkana tələbat artdıqca, yeni sosial şəbəkələr meydana gəlir.

Sosial şəbəkə istifadəçilərinin isə çoxu gənclərdir. İnternetin sürətli inkişafı da, həyatımıza təsirsiz ötüşmür. Yaşından, işindən, sosial statusundan, asılı olmayaraq, hər birimiz az qala günümüzün böyük hissəsini virtual məkanda keçiririk. Virtual məkanda dost, qardaş dediyimiz, əmioğlu adlandırdığımız şəxslərin sayını- hesabını belə bilmirik. Eyni zamanda o qədər təəssüf doğuran anlarla qarşılaşırıq ki, adam bu situasiyalardan necə çıxmaq yollarının burulğanında boğulub qalır. Bu burulğandakı dırnaqarası əmioğulların, dayıqızıların sayı artdıqca, illərlə vaxımızı, enerjimizi, hətta yolunda sağlamlığımızı fəda etməyə hazır olduğumuz əzizlərimizi, yaxından tanıdığımız, doğmalıq- dostluq etdiyimiz insanlardan uzaqlaşırıq. Görün işlər hansı həddə çatıb ki, real həyatda üzünü bircə dəfə belə görmədiyimiz insanlarla virtual "doğmalaşırıq", onlarla heç bir şeyin fərqinə varmadan müxtəlif mövzularda fikir mübadilələri aparırıq. 

Düzdür, internetin faydalı tərəfləri zərərindən çoxdur. Lakin qeyd etdiyim kimi, bu məkanın gücü, real ünsiyyətə, insanlararası münasibətə ciddi zərbə vurur, bu aləmdə uzun müddət vaxt keçirən insanlarda şəbəkədən asılılıq yaranır. Bu gün, nəinki bəylərimiz, eyni zamanda xanımlarımız da həyatlarını internetsiz təsəvvür edə bilmirlər. Hətta əvvəlki illərlə müqayisədə sosial şəbəkədə, sosial mövzularla bağlı müzakirələrdə aktivliyi ilə seçilən, daha müstəqil fikir yürüdən xanımlarımızın da sayı artıb. Bunlar bizə xeyir verir, yaxud zərər bax, bunu ancaq istifadəçilər özləri daha yaxşı bilir. O ki, qaldı gənclərimizə, onlar bu vasitələrdən aldıqları informasiyanı kifayət qədər təhlil etmək təcrübəsinə malik deyillər. Məhz buna görə də, onlar nəyin xeyirli, nəyin ziyanlı olduğunu ayırmaqda, fərqləndirməkdə çətinlik çəkirlər. Bu zaman gəncləin aldıqları informasiya onlar üçün təhlükə mənbəyinə çevrilir. Bu işlərlə məşğul olan tədqiqatçılar, elm adamları belə qənaətə gəliblər ki, vaxtının çoxunu sosial şəbəkələrdə keçirən gənclər özündə mənfi xüsusiyyətlər formalaşdırır. Onlarda eyforiya (insanın məmnuniyyət duyduğu və özünü səbəbsiz yerə yaxşı hiss etdiyi bir ruhi durum) qapanma  hissi formalaşır.     

Yaxın keçmişə qədər məşhurların sosial şəbəkələrdəki aktivliyi, onların bu məkana kütləvi cəlb olmaları, kütləvi informasiya vasitələrilə və televiziyalarda  şəxsi hesablarını elan etmələri reklam xarakterli olduğu üçün qadağan olunurdu. Zaman keçdikcə, informasiya sahəsinə olan tələbat artdıqca, insanlarda sosiallılıq kütləviləşdi. Artıq sosial şəbəkələrdə şəxsi hesabların elan olunması reklam çərçivəsindən çıxaraq adiləşib. Məşhurluğu ilə seçilən sosial şəbəkələr, artıq heç bir reklama ehtiyacı olmadan cəmiyyətimizin ayrılmaz hissəsidir. Yaxın keçmişlə müqayisədə sosial şəbəkələr tanışlıq və ünsiyyət formatından çıxaraq informasiya mənbəyinə çevrilib və baza rolunu oynayan genişlənmələr dünyanın istənilən nöqtəsi ilə əlaqə yaratmaq imkanına malik olub. Bəli, inkişafın doğru və səmərəli şəkildə cərəyanı müsbət haldır. Lakin bunlar getdikcə bağlılıq, asılılıq halını alırca, sonunda psixoloji fəsadlara gətirib çıxarır. Psixoloji fəsadlar insana o qədər gizli sirayət edir ki, bunu zamanında sezmək və əlac yollarını bulmaq çətin olur.

 Səbəbsiz sevinclə müşahidə olunan bu ruhi hal, kompyüterdən asılılıq, yaxınlara, dost-tanışlara laqeydlik, yaddaş pozğunluğu, anlama qabiliyyətinin zəifləməsi, kompüter qarşısında həddən artıq stress və ya ondan kənarda mənəvi boşluq, yersiz əsəb və digər hallarla insanların məhvinə xidmət edir. Xüsusilə də gəncləri yersiz və zərərli vərdişlərdən xilas etmək üçün ilk növbədə valideynlərin üzərinə düşən məsulliyət böyükdür. Lakin incə məqama diqqət yetirmək lazımdır. Məsələ burasındadır ki, kompüter qarşısında çox əyləşən və pis vərdişlər qazanan gənclərlə mülayim rəftar edərək, onlara məhdudiyyət qoymayaraq fəaliyyətlərinə nəzarət etmək qabiliyyətində və dözümündə olan valideyini bizim cəmiyyətdə görmək çox çətin məsələdir. Əlbəttə, bu fikirləri qəti şəkildə deməyimin səbəbi var. Bunlar şəxsi müşahidələrimdən irəli gələn fikirlərdir. Valideyinlər bir qayda olaraq, unudurlar ki, qadağa və məhdudiyyətlər məsələnin həlli yolu deyil. Əksinə, bu yolla uşaqların, gənclərin inkişaf və şəxsi seçim azadlığıni məhdudlaşdırmış oluruq. Sərt qadağalar müstəqil həyata qədəm qoymağın nəinki qarşısını alır,  həmçinin gənclərin beynəlxalq, dünyəvi biliklərə yiyələnməsinə əngəl olur. Bundan başqa, öz uşaqlığımızı yadımıza salaraq əminliklə deyə bilərəm ki, qadağan olunan hər bir şey insan üçün daha maraqlı və cəlbedici olur. Prosesləri nəzəri və mütləq qiymətləndirsək belə qənaətə gəlmək olar ki, gəncləri pis, zərərli vərdişlərdən çəkindirmək üçün vacib olan məqam valideynlərin maarifləndirilməsi, ikinci məqam, asudə vaxtın səmərəli keçilməsi üçün şərait yaratmaq və onlara real həyata daha yaxın olmağın üstünlüyünü göstərmək ən uyğun və vəziyyətdən asan çıxış yoludur.  Digər bir tərəfdən çox rastlanan pis vərdişlərdən biri də, gənclərin məşğulluluq problemləridir. Yəni, işsizlikdən meydana gələn problemlər. Günün səmərəli saatlarında müxtəlif istirahət məkanlarında, yəni çayxana, kafelərdə və elə küçələrdə boş-boş gəzən gənclərlə hər an rastlaşırıq. Boş vaxtını tüfeyli şəkildə, passiv keçirən bu gəncləri dindirərkən əksəriyyəti eyni problemdən-işsizlikdən şikayətlənirlər. SSRİ dövründə sovet cəmiyyətində yaranan bu problem ölkə üçün təhlükəli sayılır və dövlət bununla mübarizə aparırdı. İttifaqda düşünürdülər ki, yaranan cinayətlərə, oğrluqlara səbəb gənclərin passiv, tüfeyli həyat tərzidir. Buna görə önəmli məsələ ilk növbədə gənclərə perspektivli sahələrdə iş yerləri ayırmaq və zəhmətkeş fərd kimi yetişməsində yardımçı olmaq idi. Etiraf etmək lazımdır ki, dövlətimiz özündə bu məsələni hər zaman prioritet mövzu olaraq nəzarətində tutmalıdır. Əhalinin məşğulluluq səviyəsinin artırılması və əmək ehtiyatlarının səmərəli istifadəsi vaxt itkisinin qarşısını alır. Onun həmçinin sosial-iqtisadi inkişafında mühüm rol oynayır, sosial durumu yaxşılaşdırır. Gənclərin gələcəyə inamını möhkəmləndirir, pis əməllərdən çəkindirir. Sosial rifah yaxşılaşdıqca gənclərdə əhval-ruhiyyə yüksək səviyyəyə köklənir, ailələrə bağlılıq, özünəinam məsulliyyəti formalaşdırır. Sevindirici haldır kı, son 5 ildə gənclərin məşğulluluğunu artırmaq, işsizlik problemini aradan qaldırmaq istiqamətində dövlət proqramları hazırlanır və həyata keçirilir. Görülən tədbirlər nəticəsində sadalanan problemlərin aradan qaldırılmasından əlavə sosial müdafiənin gücləndirilməsi, təhsilin səviyyəsinin artırılması yolunda mühüm nəticələr əldə edilib. Bunula belə təəssüf doğurucu haldır ki, səmərəsiz məşğuliyyətlər əsasən gənc xanımlarda da müşahidə olunur. Həddindən artıq sosiallaşma, məşhurluq həyatına yaxınlaşma, zəhmətə, işə can yandırmamaq və s. bu kimi vərdişlər onlara bağlı məşğuliyyətlər formalaşır. Müasir dövrdə bir çox inkişaf etmiş ölkələr belə, gənclərin məşğuliyyətindən narahatdir. Müzakirə olunası məsələ də, məhz daha yeni perspektivli sahələrin yaradılması və genişləndirilməsidir. Bir məsələni də xüsusi qeyd etmək istərdim ki, müvəqqəti, qısamüddətli və mövsümi iş yerlərinin yaradılması işsizlik probleminin həllində heç də əhəmiyyətli olmur. Bu günlərdə dostlarla söhbət zamanı anladım ki, insanlar iş yerlərinin qısamüddətli və az məvacibli  olmasını dövlətin onlara, onların gələcəyinə laqeydliyi kimi qiymətləndirirlər. Zənnimcə, bu gəncinlərin də sözlərində həqiqətə yaxın fikirlər az deyil. Gəlin etiraf edək ki, onlara təklif olunan 200-250 manatlıq iş yeri etiraf edək ki,yaşayış minumunu ödəməyəcək qədər azdır. Axı hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, onlara təklif olunan bu məbləğ tək bir adamın belə, dolanışığını təmin edə bilməz. Düşünürəm ki, bu qədər laqeyd yanaşma düzgün deyil. Statistikaya nəzər yetirsək görərik ki, Azərbaycan inkişaf etmiş ölkələr içərisində gənclərin məşğulluluq səviyyəsinə görə ilk onluğa daxildir. Bu, kifayət qədər yüksək göstəricidir. Amma statistikanı az məvacibli, müvəqqəti iş yerləri doldurursa, bu nə dərəcədə düzgündür? Ölkəmizin əhalisinin 31%-ni gənclər təşkil etdiyini nəzərə alsaq görürürük ki, demoqrafik vəziyyət heç də ürəkaçan deyil. Əvvəla demoqrafik vəziyyət gənc kadrların yetişməsi sahəsində məhdudiyyətlər yaradır. Artımın aşağı səviyyəsinin birinci səbəbi, iqtisadi inkişaf amilindən asılıdır. İqtisadi inkişaf tempi aşağı düşdükcə, əhalinin fiziki iş görmək qabiliyyətindən tutmuş ümumi yaş həddinə qədər olan təbəqənin göstəricisini tənzimləmək çətinləşir.

Gənclərin əmək bazarında üzləşdikləri çətinliklər streotiplərdir. Yəni səriştəsizlik, bilik və bacarıqların yetərsizliyi ucbatından işə qəbul firmalarının tələblərinə uyğun olmamasıdır. Ortaya çıxan problem hər iki tərəfə aid ola bilər. Tələblərin yüksək olması, yaxud gənclərin tənbəlləşməsi. Digər streotip gənc nəslin peşə seçimində səhv istiqamətlənməsidir. Nədənsə, gənclərimizin çoxu humanitar peşələrə can atır. Son zamanlar işsizlik problemini aradan qaldırmaq üçün dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Ümid edək ki, həyata keçirilən bu tədbirlir gənclər üçün əhəmiyyətli olacaq. Bu bütün Azərbaycan gəncliyinin arzularıdır. Arzuların çin olsun Azərbaycan gəncləri!

0.19864416122437