Zeynəb Məmmədyarova: "Bizim ermənilərdən və ya onların bizdən xal istəməsi mümkün deyil" - MÜSAHİBƏ

 

 

Türkiyənin Antalya şəhərində keçirilən klublararası Avropa çempionatında qadınların yarışında ikinci yeri tutan Azərbaycan təmsilçisi “Oldlar Yurdu”nun şahmatçısı Zeynəb Məmmədyarovanın “Report”a müsahibəsi...

- Avropa çempionatında “Odlar Yurdu”nun qadınlardan ibarət komandası 2-ci yeri tutdu. Kişilərin yarışında isə Azərbaycanı təmsilçisi 3-cü oldu. Təəssüratlarınız necədir?

- Azərbaycanda klublararası ölkə çempionatı keçirilməsə də, Avropa çempionatında 2-ci dəfədir iştirak edirik. Daxili birincilik olsaydı, daha inkişaf etmiş formada olardıq. İstənilən halda, Avropa çempionatında həm qadınlar, həm də kişilərdən ibarət komandalarımız uğurla çıxışı etdi. Bu cür yarışları diqqət mərkəzində saxladığı üçün Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədova təşəkkür edirəm.

- Ən çətin görüşünüz hansı oldu?

- Bütün rəqiblərimiz güclü idi. Qarşımıza ən azı 3-cü yeri tutmaq məqsədi qoymuşduq. Qadınlardan ibarət komandamız hər zaman olimpiadalarda, Avropa çempionatlarında “üçlüy”ə düşməyə yaxın oluruq, 4 və ya 5-ci yerləri tuturuq. Güclü komandalarla görüşlərdə xal itirməməyə çalışdıq. Məsuliyyətli oynadıq. Birinci yeri tutan Gürcüstan təmsilçisi “Nona”nı məğlub etdik, digər matçlarda da yüksək səviyyədə oynadıq. Qaliblə eyni – 11 xala malik olsaq da, əlavə əmsallara görə 2-ci yeri tutduq. “Nona”ya qalib gəlməyimiz yer tutmaq üçün bizə təkan verdi. Özləri də bilirlər ki, bizimlə oynamaq çətindir. Həm də “Nona” ilə bizə düşən rəqiblər arasında fərq vardı. Bizə böyük hesabla məğlub edəcəyimiz komandalar düşmədi. Amma gürcüstanlıların belə imkanı oldu. Əlavə əmsallarda bizi üstələmələri bununla bağlıdır.

- Qardaşınız Şəhriyar Məmmədyarov yer aldığı Rusiyanın “Qlobus” komandasının heyətində çempion oldu. O, “Odlar Yurdu”nun heyətində çıxış etsəydi, nəticə daha yaxşı ola bilərdi?

- Bəlkə də Şəhriyarla Teymur Rəcəbov klubumuzun heyətində yer alsaydılar, fərqli nəticə əldə edə bilərdik. Ancaq öncədən heç nə demək olmur. Əsas məsələ komandadakı ab-hava, dostluq münasibətidir. “Odlar Yurdu”nun heyətində yer alanlar bir-birləri ilə gözəl münasibətdə olan şahmatçılardır. Ona görə də uğur qazandılar.

- Qardaşınızın “Odlar Yurdu”nun deyil, “Qlobus”un heyətində çıxış etməsində maliyyə məsələsi əsas rol oynadı?

- Azərbaycanda klublar arasında ölkə çempionatı keçirilsəydi, Avropa çemionatında hansı klubumuzun çıxış edəcəyi öncədən bilinərdi. Şahmatçılar bu cür yarışlar üçün bir il əvvəldən müqavilə bağlayırlar. Təbii ki, maliyyə məsələsi də önəmlidir. Ancaq turnirdə iştirakı qabaqcadan bilmək də şahmatçı üçün vacibdir. Ona görə də öncədən “Qlobus”la müqavilə bağlamışdı.

- Bacınız Türkan Məmmədyarovanın “Odlar Yurdu”nun heyətində yer almaması nə ilə bağlıdır?

- Onun iki ay əvvəl övladı dünyaya gəlib. Klub çempionatıdır, bəlkə də dəvət oluna bilərdi. Tezliklə yarışlarda iştirak etməyə başlayacaq.

- Ermənistan şahmatçısı Levon Aronyan ölkəsində İctimai radioya verdiyi müsahibəsində bildirib ki, 2003 və ya 2004-cü ildə keçirilən Avropa çempionatında azərbaycanlı şahmatçılardan birini atası ona zəng vurub və övladı ilə heç-heçə etməsini xahiş edib. Həmin dönəmdə onunla qarşılaşanlar arasında siz və qardaşınız da varsınız. Bu cür hadisənin baş verməsi nə dərəcədə inandırıcıdır?

- Bu, gülməli bir şeydir. Bəlkə jurnalistlər özlərindən yazıblar?

- Xeyr, bununla bağı açıqlaması var...

- Yenə də deyirəm, gülməli bir şeydir. Ermənilərlə bir yarışda olanda varlığımız belə bir-birimiz üçün gərginlik yaradır. Bizim onlardan və ya onların bizdən xal istəməsi mümkün olan bir şey deyil. 

0.14114308357239