Yenə payız gəldi...

 

Yağışlar və tıxaclar mövsümü başlandı

 Həmişə Bakıya yağıntı düşəndə şəhərin meri bu hadisəyə öz münasibətini belə bildirir: "Bakıya gözlənilmədən yağış və ya qar yağıb..." Amma bir qədər düşünəndə adamı gülmək tutur, cənab mer, qışda nə gözləyirdiniz, qar yağmalıdı də, daş yağmayacaq ki?

İndi artıq payız gəlib, yağış mövsümü başlayıb. Bu da bakılılar üçün ciddi problemdi. Azca yağış yağan kimi hər tərəf çevrilir gölməçələrə, yolda avtomobillərin hərəkət sürəti kəskin aşağı düşür ki, bu da şəhərdə tıxacların yaranmasına səbəb olur. Yağış yağan günlərdə "Koroğlu" metrostansiyasının çıxışında o qədər insan toplanır ki, mən o qədər insanı Bakıda 80-90-cı illərin mitinqlərində görmüşdüm. Deyə bilərsiniz ki, burda nə var ki, mer yağışın yağmasına qadağa qoymalıdır, neyləsin Hacıbala müəllim?

Bəli, yağış təbiət hadisəsidir, heç kim də onun qarşısını ala bilməz, amma Hacıbala müəllimin son açıqlamasından belə çıxdı ki, o, bu qüdrətə malikdir, lakin özü yağışların qarşısını kəsmək istəmir. Jurnalistlər Bakıda yağan yağışın niyə şəhərdə xaosa səbəb olduğunu soruşanda Hacıbala müəllim dedi ki, nə olub eee Bakıya, görmürsünüz dünyanı sel suları, qasırğa, sunami və yanğınlar alıb cənginə, niyə naşükürlük edirsiniz? Bu sözlərdən belə çıxır ki, Bakıya yaxınlaşan bütün fəlakətlərin qarşısını Hacıbala müəllim alır, yağış və qara dəymir ki, bu yüngül problemdi, qoy şəhər əhli bir az da əziyyət çəksin. Nə deyirik, şükür məsləhətinə, cənab mer!

Amma onu da qeyd edim ki, dünyanın normal şəhərlərində üç tip kanalizasiya sistemi çalışır. Ən böyük şəbəkəyə malik kanalizasiya sistemi məişət tullantılarını axıtmaq üçün nəzərdə tutulur. Bu sistem bütün gün ərzində gərgin iş rejimində çalışmaq imikanlarına malik bir formada qurulur. Çünki maye məişət tullantıları bütün gün ərzində formalaşır. Miqyasına görə ikinci dərəcəli kanalizasiya sistemi yağıntı sularının axıdılması üçün nəzərdə tutulur. Bu şəbəkə bütün şəhəri əhatə etsə də, istənilən su hövzəsinə axıdıla bildiyi üçün onun axıdılma problemi olmur.

Bu sistemin əsas xərcləri şəbəkənin müxtəlif səviyyəli relyefi əhatə etməsidir. Məsələn, şəhərin çökəklikdə yerləşən hissəsində yağış sularının axıdılması üçün müxtəlif tip nasoslar quraşdırılır, sərt enişlərdə isə boruların təzyiqə davamlılığını yüksəldirlər və s. Üçüncü tip kanalizasiya sistemi, yalnız şəhərin sənaye müəssisələrinin yerləşdiyi ərazini əhatə edir. Bu sistemin bütün şəbəkəsinin boruları kimyəvi aktivlərə qarşı davamlı olmalıdır. Çünki bu sistem yalnız sənaye tullantılarını axıtmaq üçün nəzərdə tutulur. Hətta, dağlıq ərazilərdə yerləşən, daimi sel təhdidləri altında olan şəhərlərdə belə, sel sularının axıdılması üçün açıq kanalizasiya qurğuları quraşdırılır.

Belə sistemlər ilk dəfə Almanyanın bir neçə şəhərində quraşdırılıb. Həmin sistemin quraşdırıldığı şəhərlərdə selin gəlməsi belə, ciddi fəlakətə səbəb olmur, sadəcə sel gələndə şəhərdə naqliyyatın hərəkəti bir və ya bir neçə saat dayanır, sel qabarması çəkilən kimi dərhal şəhər yenidən öz qaynar ritminə qayıda bilir.

İndi gəlin təsəvvür edək ki, Bakıya sel gəlsə, şəhər öz normal ritminə neçə aya qayıda bilər?

Deyilənə görə, sovetlər dönəmində Bakıda yuxarıda qeyd etdiyimiz ilk üç kanalizasiya sistemi fəaliyyət göstərib. Lakin müstəqillik əldə etdikdən sonra, sənaye obyektlərinin fəaliyyətinin dayanması və kənd əhalisinin şəhərə axını kanalizasiya təsərrüfatına böyük zərbə vurub. Genişlənən meqapolis, yeni tikilən binalar və fərdi yaşayış evləri bütün kanalizasiya sistemlərini zəbt edib.

İndi hər üç kanalizasiya sistemi yalnız məişət tullantıları axıtmaq üçün istismar edilir. Ona görə də Bakının küçələrində yağıntı zamanı böyük gölməçələr və su axını yaranır. Bu da yollarda nəqliyyatın hərəkətini zəiflədir və nəticədə maşın və insan tıxacları yaranır.

Bakının yağıntı sularını axıtmaq üçün nəzərdə tutulan kanalizasiya suları bulvar yaxınlığında dənizə axıdılırmış.10 il əvvəl bulvar rəhbərliyi hiss edib ki, ərazidən üfunət iyi gəlir. Anlayıblar ki, məişət tullantıları yağıntı kanalizasiyasına axıdılır. Bunu aradan qaldırmaq üçün həmin sistem yenidən məişət tullantıları sisteminə qoşulub.

Bunun yeganə çıxış yolu Bakının bütün küçələrinə yağış sularını axıtmaq üçün kanalizasiyaların çəkilməsidir. Bəziləri belə düşünür ki, köhiə sistemi bərpa etmək olar, amma bu yanlış fikirdi. Çünki köhnə yağış kanalizasiyası məişət tullantıları kanalizasiyası ilə birləşdirildiyi üçün yağıntılar zamanı sistemin yükü artacaq ki, bu da əlavə problemlərə səbəb ola bilər.

0.16081690788269